Bu sözlərin müəllifi bir anadır. 9 ay uşağının yolunu gözləyən, doğandan sonra qoxusuna həsrət qalan... Söylədikləri qəribə gəlsə də, o da mühitin qurbanlarındandır... Həyatını dinlədikcə məndə sanki anamın izlədiyi hansısa “Amaci” tipli hind serialına baxıram təəssüratı yarandı...
Özü üçün elçiliyə arvadı ilə gedən kişi
31 yaşlı İranə Tahirova oğlunun öz atası, qeyri-rəsmi yaşadığı kişi tərəfindən oğurlandığını iddia edir. Hər şey o gündən başlayır. Birinci evliliyi uğurlu olmayan və 1 övladı olan İranə Tahirova valideynləri ilə bərabər Masallı rayonunda yaşamağa başlayır və bir gün qonşusu ona əslən Lerikdən olan bir kişinin evlənmək istədiyini, əgər razılıq versə, onunla ailə quracağını bildirib. İranə ailəsinin razılığı ilə sözügedən Asəf adlı şəxslə evlənməyə razılıq verir. Əgər buna evlənmək demək olarsa...
Maraqlıdır ki, Asəf İranagilə elçiliyə öz birinci həyat yoldaşı ilə gəlir və İranə həmin günü belə xatırlayır: “Arvadı ilə bizə gəlmişdi. Valideynlərimin, qohumlarımın razılığı ilə onunla yaşamağa başladım. Bizə dedi ki, 32 ildir evlidirlər uşaqları olmur. Qadınla nikahı olsa da, bir yerdə yaşamırlar. Mənə dedi ki, arvadı xəstədir. Bir müddətdən sonra onu boşayıb mənimlə evlənəcək. Hətta uşağımı da qəbul etdi və biz Asəflə qeyri-qanuni yaşamağa başladıq”.
Birinci arvadı ilə eyni evdə qalırdım
İranə Tahirovanı Bakıya gətirən Asəf Əzizov kirayə tutduğu evdə onunla yaşamağa başlayır. Üç ay kirayə qalandan sonra hamilə qalan İranənin vəziyyətini görən Asəf maddi çətinliyə görə İranə ilə bərabər birinci arvadı ilə qaldığı evə gəlir. İki qadın bir evdə qalsa da, yola gedirlər. İranə deyir ki, onu həkimə də Asəfin yoldaşı Xoşvər aparırdı: “Arvadı mənimlə çox yaxşı davranırdı, həkimə həmişə onunla gedirdim. Amma mənim yanımda həkimlə heç vaxt danışmırdı. Həmişə soruşurdum ki, məndən danışırsız? Heç nə demirdi. Nə biləydim belə olacaq?
İranə Tahirova deyir ki, onlara qonaq gələndə həmişə onu gizlədirdilər, heç kimə göstərmirdilər: “Asəfin qardaşı və ya Xoşvərin qohumu gələndə məni gizlədirdilər ki, heç kim görməsin. Heç soruşmurdum ki, niyə belə edirlər?”
Mənə dedi ki, uşaq sənin deyil
Daha sonra Asəf İranəni kəndə ailəsinin yanına göndərir. Valideynlərinin yanında qalan İranə elə Masallıda da uşağı dünyaya gətirmək istədiyini deyir: “Hamiləliyimin 9 ayı tamam olmamışdı, doğuşa vaxt qalsa da, məni Bakıya gətirdilər. Dedim ki, qoy rayonda uşaq doğulsun razılaşmadı.
Beləliklə, 2011-ci il noybrın 11-də Qara Qarayevdə 7 saylı xəstəxanada İranənin oğlu olur və anaya bildirirlər ki, mikrobun olduğu üçün uşağa yaxın dura bilməzsən, həm də uşaq şüşədə saxlanılır: “Mən çox yalvardım ki, nə olar heç olmasa şüşədə olduğunu görüm. Razı olmadılar. Xəstəxanada Afaq adlı həkim var idi mənə dedi ki, uşağı sənə göstərmək olmaz, düzələrsən görərsən. 3 gündən sonra Asəf məni tələsik şəkildə xəstəxandan taksiyə oturdub qardaşım gilə göndərdi. Dedi ki, sən xəstə olduğun üçün burada qala bilməzsən, uşaq sağalan kimi evə gətirəcək. Mən də ona inandım. Huşum özümdə deyildi. Gördüm ki, ondan xəbər çıxmır, zənglərimə cavab vermir. Evlərinə getdim, qapını açmadılar. Qonşunun qapısını döydüm dedi ki, o evdə uşaq səsi gəlir. Sonra yenə də zəng vurdum dedim ki, uşağımı gətir. Dedi ki, nə uşaq? Kim dedi ki, uşaq sənindir? Bilmirdim nə edim? Mənə dedi ki, xəstəxanaya getsən səni polisə verəcəyəm. Getdim xəstəxanaya. Həkimlər dedi ki, uşağı atası çıxarıb, bizlik heç nə yoxdur.
Hərfləri tanımıram, oxuya bilmirəm
İranə deyir ki, Asəf ona bir neçə sənəd imzaladıb və iddia edir ki, həmin sənədlərlə İnarə uşağı ona övladlığa verib: “Xəstəxanadan çıxandan sonra qardaşımgilə Binəyə gəldim. Ondan sonra Asəf gəldi, əlində çoxlu sənədlər var idi. Mənə dedi ki, bunlara qol çək ki, uşağı xəstəxanadan çıxaraq. Nəyə qol çəkdiyimi nə bildim, nə də soruşdum. Mən oxuya bilmirəm, hərfləri tanımıram.
Daha sonra Asəf məhz həmin sənədə görə İnarənin uşağı onun adına keçirdiyini deyib: “Uşağımı ondan istəyəndə mənə həmin sənədi verərək bildirdi ki, guya oğlumu həmin sənəd əsasında ona vermişəm. Mən həmin sənəddə yazılanları biləndən sonra dəhşədə gəldim. Asəfə dedim ki, həmin sənəddə yazılanlardan xəbərim yoxdur”.
Bəs qanun nə deyir?
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlı Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi: Beləki, həmin idarənin tabeliyində olan Nizami rayon qeydiyyat şöbəsi uşağa doğum haqqında şəhadətnamə verib. Halbuki, uşağı İranə xanım qeyri rəsmi nikahdan dünyaya gətirdiyi üçün, uşağın doğum haqqında şəhadətnaməsi həmin orqanlar tərəindən İranə xanımın familiyası ilə onun özünə verilməli idi. Lakin İranə xanımın uşağa doğum haqqında şəhadətnamənin verilməsindən xəbəri olmayıb.
Bakı şəhəri Nizami Rayon Məhkəməsi: Beləki, İranə Tahirovanın uşağını qeyri rəsmi yaşadığı əri olan Asəfə övladlığa verməsi barəsində qərar verib. Halbuki, qanunla birgə nikahdan doğulmayan uşaq övladlığa götürülə bilər. Asəf tərəfindən guya İranə xanımın razılığı ilə ondan övladlığa götürdüyü uşaq qeyri rəsmi də olsa, hər ikisinin birgə nigahları dövründə dünyaya gətirdiyi uşaqdır.
İranə Tahirovaya rəsmi surətdə təqdim olunmayan, mövcud olan Nizami Rayon məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsinə gəldikdə isə, uşağın övladlığa verilməsi barəsində olan məhkəmə işinə Nizami rayon məhkəməsində yox, Masallı rayon məhkəməsində baxılmalıdır. Çünki, AR MPM-nin 345-ci maddəsində göstərilib ki, uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. İranə Tahirova da Masallı rayonunda qeydiyyatda olduğu üçün onun yaşadığı yer Masallı rayon hesab olunduğu üçün, uşağın da yaşadığı yer Masallı rayonu hesab olunur.
Bu qadını dinlərkən ona hirsləndiyim məqamlar oldu, istədim yaşadıqlarında, başına gələnlərdə onu ittiham edim...Etmədim, axı bu yolun ən asan tərəfidir...Bu qadın bizim cəmiyyətin çoxsaylı qurbanlarından biridir. Hamımız isə onun yaşadıqlarına görə günahkarıq...
Günel Əbilova