Kreml Şuşaya “İskəndər”in atılması xəbərindən məlumatsızdır

kreml-susaya-iskenderin-atilmasi-xeberinden-melumatsizdir
Oxunma sayı: 2272

“Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi zamanı “İskəndər” raket sistemləri istifadə edilməyib və bu, təsdiqlənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın işğaldan azad olunan Şuşa bölgəsində “İskəndər” raketinin qalıqlarının tapılması xəbərinə də münasibət bildirib: “Xeyr, anladığım qədər bu, yeni bir məlumatdır. Hərbi orqanlar vasitəsilə xəbər verildiyi, ordumuzun bu barədə hər hansı bir ətraflı məlumatı olub- olmadığını bilmirəm. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir”.

Xatırladaq ki, bir neçə gün öncə ANAMA əməkdaşı mətbuata çox ciddi reaksiya doğuran açıqlamayla çıxış edərək 15 mart 2021-ci il tarixdə qurumun əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşa şəhərində iki partlamış raket qəlpələrinin aşkarlandığını bildirib. Onun sözlərinə görə, Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib.