KTMT üzvü olan iki ölkə Azərbaycanı dəstəkləyib

ktmt-uzvu-olan-iki-olke-azerbaycani-destekleyib
Oxunma sayı: 9380

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının Yekun Bəyannaməsində Qarabağ münaqişəsinin ədalətli həll olunmasının alqışlanması və qəbul edilmiş dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəaların əks olunması təşkilatın rəsmi Bakının mövqeyinə xüsusi əhəmiyyət verdiyinin göstəricisidir.

İƏT Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olan dövrdə Azərbaycanın çağırışlarına biganə qalmayıb və hər zaman rəsmi Bakının haqlı mövqeyini dəstəkləyib. İƏT Xocalı soyqırımını tanıyan təşkilatlardan biridir.

İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında quruma üzv dövlətlər, tam olaraq, Azərbaycana postmüharibə dövründə dəstəklərini ifadə ediblər, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə ediblər.

İƏT Ermənistana da çağırış edib: Rəsmi İrəvan təcavüzkar ritorikadan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymalı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlər qurulmalıdır.

Nəzərə alınmalıdır ki, İƏT dünyanın 57 dövlətini birləşdirir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan da İƏT-də təmsil olunur. Buna baxmayaraq, hər iki dövlət də Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış edib.

Son Bəyannamədə əksini tapan müddəalar göstərir ki, 44 günlük Vətən müharibəsinin hərbi və siyasi nəticələri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Artıq beynəlxalq birlik Cənubi Qafqazda sülhün bərqərar olmasını və dövlətlərarası əməkdaşlığın inkişafını gözləyir, əlavə gərginlik və revanşist səylər isə Ermənistana ciddi ziyan vuracaq, o cümlədən beynəlxalq müstəvidə.

Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycana dəstəyi ifadə edən keçmiş Qarabağ münaqişəsinə dair daha dörd qətnamə qəbul edilib: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında”, “Azərbaycana iqtisadi yardım haqqında”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında” və “Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” qətnamələr.

qətnamələrdə Ermənistanın silahlı qüvvələrinin 30 il ərzində azərbaycanlı əhaliyə qarşı törətdiyi amansız hərəkətlər insanlıq əleyhinə cinayət kimi göstərilir və bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.

İƏT üzvləri Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə İslam mədəni irsinə aid məscidlərin, ibadət yerlərinin talan edilməsi və dağıdılmasını vandalizmin təzahürü kimi qəbul edərək qətiyyətlə pisləyiblər. Bu ərazilərin bərpası üçün Azərbaycana dəstək olmaq məqsədilə İƏT-in müvafiq qurumlarına və üzv dövlətlərə çağırış edilib, Ermənistanın dəymiş zərərə görə məsuliyyəti təsbit edilib.

İƏT həmçinin Ermənistanı sülhə məcbur etmək üçün üzv dövlətlərə çağırış edib. Belə ki, təşkilatın üzvləri rəsmi İrəvanla diplomatik əlaqələr qurmaqdan çəkinməli və iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdırlar. Bu addımlar Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımaq üçün ciddi təsir mexanizmləri işə sala bilər. Bu müddəa son dövrlər Ermənistanın İƏT dövlətləri ilə əlaqələr qurmağa cəhdləri fonunda xüsusi əhəmiyyət kəsb edir.

Bu qətnamələrin qəbulu rəsmi İrəvana göstərdi ki, İƏT üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını unutmayıb və bu ölkənin yalan təbliğatına inanmır. Ermənistan üçün yeganə yol Azərbaycanın təklifi ilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında sülh müqaviləsi üzərində işin aparılmasıdır. Yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan İƏT ölkələri ilə faydalı əməkdaşlıq qurmağa imkan əldə edə bilər.

"Report"