Leyla Əliyeva bulvarda açılış mərasimində - Fotolar

leyla-eliyeva-bulvarda-acilis-merasiminde
Oxunma sayı: 6214

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Leyla Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra L. Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış olublar.

Açılış mərasimində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Bu idman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, burada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.