Fransada “Milli Birlik” partiyası ölkədə keçirilən parlament seçkilərinin birinci turunda səslərin 33,4 faizini toplayaraq qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Le Parisien” qəzeti yayıb.
Bildirilir ki, solçu “Yeni Xalq Cəbhəsi” isə 27,98 faiz səslə ikinci pillədə yer alıb.
Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20,76 faiz səs toplayaraq üçüncü olub.
Bununla yanaşı, Fransada seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra Parisdə Respublika meydanında aksiya iştirakçıları kafe və restoranların vitrinlərinə hücum edib. Polis “black bloc” hərəkatının üzvlərindən ibarət aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiyada ümumilikdə 8000-ə yaxın şəxs iştirak edib.
Qeyd edək ki, Fransada yekun nəticələr iyulun 7-də keçiriləcək ikinci turdan sonra məlum olacaq.
***
Fransa Daxili İşlər Nazirliyinin elan etdiyi yekun nəticələrə əsasən, sağçı “Milli Birlik” partiyası və onun müttəfiqləri birinci turda səslərin 33,15 faizini toplayaraq qələbə qazanıb.
“Yeni Xalq Cəbhəsi” 27,99 faiz səslə ikinci, Makronun “Respublika naminə birlik” koalisiyası isə 20,04 faiz səslə üçüncü olub.
“France Bleu” radiosunun məlumatına görə, bəzi ərazilərdə səslərin yenidən hesablanmasına görə nəticələr bir qədər dəyişə bilər.