Meksikadakı Azərbaycan icması ilə görüş - Fotolar

meksikadaki-azerbaycan-icmasi-ile-gorus
Oxunma sayı: 369

Meksika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, komitə əməkdaşları, habelə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və səfirlik əməkdaşları paytaxt Mexikonun Tlakskoake-Xocalı meydanında yerləşən “Xocalı Soyqırımı” abidəsini ziyarət edərək soyqırımı qurbanlarını ehtiramla yad edib, abidə önünə əklil qoyublar.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində həmçinin Meksikada yaşayan azərbaycanlılarla görüş keçirilib.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev soydaşlarımızı səmimi salamlayaraq müasir Azərbaycanın sürətli inkişafından, dövlətimizin həyata keçirdiyi uğurlu diaspor siyasətindən və bu siyasətin Meksikadakı icma üzvlərinin fəaliyyətindəki rolundan danışıb, soydaşlarımızın iki ölkə arasında mədəni və ictimai əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

“Xaricdə yaşayan hər bir azərbaycanlı dövlətimizin diqqət mərkəzindədir və unutmayın ki, Azərbaycan dövləti hər zaman sizin yanınızdadır” - Fuad Muradov deyib.

O, dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılarla ardıcıl və sistemli iş aparıldığını diqqətə çatdırıb, komitənin layihələri barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, bu gün dünya azərbaycanlıları sıx birləşir, yaşadıqları cəmiyyətlərə uğurlu mədəni inteqrasiya edir, beynəlxalq tədbirlərdə, akademik və biznes mühitində ölkəni təmsil edərək Azərbaycanın imicinin formalaşmasına təsir göstərirlər.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu arasında imzalanan Memorandumun iki ölkənin diaspor sahəsində əməkdaşlığını dərinləşdirəcəyi və qarşılıqlı faydalı təşəbbüslərə yol açacağı vurğulanıb. Latın Amerikası ölkələrində yaşayan həmvətənlərimiz arasında koordinasiyanın yaradılması istiqamətində iş aparıldığı diqqətə çatdırılıb, icma üzvlərinin Vətən müharibəsi və postmüharibə dövründəki fəaliyyətinə nəzər salınıb. Meksikada yaşayan azərbaycanlıların hər zaman fəal olduğu, xalqımıza qarşı törədilən müharibə cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-nun Meksika ofisinə və BMT-nin Ətraf Mühit Proqramının Latın Amerikası və Karib hövzəsi üzrə nümayəndəliyinə bəyanatlar ünvanlayaraq Ermənistanın törətdiyi hərbi cinayətlərə diqqət çəkdiyi xatırladılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi, mövcud vəziyyətin dərin təhlili və perspektivlərə dair konkret təkliflərin irəli sürülməsi ilə davam edib. İştirakçılar müxtəlif sahələr üzrə mövcud çağırışları müzakirə edərək, onların həlli istiqamətində innovativ yanaşmalar və praktiki addımlar barədə fikirlərini bölüşüblər. Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi, səmərəliliyin artırılması və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Meksikada yaşayan azərbaycanlılarla görüşdə eyni zamanda Qazaxıstanın Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Almurat Turqanbekov, Mexiko şəhərində Yunus Əmrə Mədəniyyət Mərkəzinin rəhbəri Sinan Dorukun, komitənin və səfirliyinin əməkdaşları da iştirak edib.