“Meşəliyə polis kimi gedən qardaşımı yandırdılar, külünü dəfn etdik”

meseliye-polis-kimi-geden-qardasimi-yandirdilar-kulunu-defn-etdik
Oxunma sayı: 2358

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə bu gün də məhkəmə prosesi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda Ağdam sakini Arzu Rüstəmov zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verib. O, Xaçatryanı şəxsən tanımadığını, həmin vaxt Ağdamda olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisini bu işlə bağlayan Meşəli kəndində öldürülən qardaşı Hidayət Rüstəmovdur. H.Rüstəmov polis əməkdaşı olub. O, hadisələr vaxtı Meşəli kəndinə ezam olunubmuş:

“Qardaşım o kəndə polis nəfəri kimi getmişdi. 23 dekabrda ermənilər onu öldürüb yandırdılar. Səhəri gün qardaşımın külünü gətirib dəfn etdik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Sail Ağasəlim