Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə “Ülvi” şadlıq sarayında tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Fazil Mustafa, Azər Allahverənov və Arzuxan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan ayına aid duaların oxunması ilə başladı. Əmirxan Tahirov çıxışında Qurani-Kərimin məhz bu müqəddəs ayda – Qədr gecəsində nazil olduğunu vurğulayaraq, Ramazan ayının İslam aləmində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
O, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu qeyd edərək, Ulu öndər Heydər Əliyevin hər zaman milli-mənəvi və dini dəyərlərə böyük önəm verdiyini bildirib. Vurğulanıb ki, müqəddəs bayramların dövlət səviyyəsində qeyd olunması ənənəsi bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış zamanı həmçinin bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb. Bu şanlı zəfərin əldə olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ruhuna dualar oxunub, qazilərimizə şəfa dilənib.
Tədbir səmimi və yüksək əhval-ruhiyyə şəraitində davam edib. Bayram proqramı çərçivəsində Novruz bayramı ənənələrinə uyğun olaraq maraqlı yumurta döyüşü yarışı təşkil olunub. Yarış böyük maraq və rəqabət şəraitində keçib. Sonda qaliblər müəyyənləşdirilərək 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları belə mənəvi dəyərləri və milli ənənələri yaşadan təşəbbüslərin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlıqlarını bildiriblər.






Son xəbərlər
Son Xəbərlər