Kamilo Duran milliyə dəvət almayıb? - Yenilənib

kamilo-duran-milliye-devet-almayib
Oxunma sayı: 1692

Kolumbiya millisinin qarşıdakı yoldaşlıq oyunları üçün açıqlanan heyəti ətrafında müəmmalı vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Nestor Lorenzonun martın 26-da Xorvatiya, 29-da isə Fransa ilə keçiriləcək oyunlar üçün müəyyənləşdirdiyi 26 nəfərlik siyahıda “Qarabağ”ın hücumçusu Kamilo Duran yer almayıb.

Qeyd edək ki, cəmi 10 gün əvvəl Ağdam təmsilçisi 24 yaşlı futbolçunun ilk dəfə yığmaya dəvət aldığını elan etsə də, sonradan həmin paylaşımı gözlənilmədən silib.

Məlumat üçün bildirək ki, K. Duran bu mövsüm “Qarabağ”ın heyətində göstərdiyi performansla diqqətləri üzərinə çəkib. O, UEFA Çempionlar Liqasında vurduğu 5 qolla Radamel Falkaonun rekordunu təkrarlayaraq bir mövsümdə turnirdə ən çox qol vuran kolumbiyalı futbolçulardan biri olub.

Xatırladaq ki, Kolumbiya millisi martın 21-dən etibarən ABŞ-nin Orlando şəhərində toplanışa başlayacaq. Komanda martın 26-da “Camping World Stadium”da Xorvatiya ilə, martın 29-da isə Merilenddəki “Northwest Stadium”da Fransa ilə qarşılaşacaq.

***

“Qafqazinfo”ya daxil olan məlumata görə, Kolumbiya millisinin ilkin açıqladığı siyahıda Kamilo Duranın da adı olub. Onun milliyə dəvət olunması ilə bağlı “Qarabağ”a məktub da gəlib. Lakin yekun siyahı açıqlanarkən Duranın adı siyahıdan çıxarılıb.

“Qarabağ”ın paylaşımına gəlincə, klub məktuba əsasən paylaşım edib. Amma Kolumbiya Futbol Federasiyasının rəsmi açıqlaması olmadığı üçün paylaşımdan 1 saat sonra silinib.