Qazaxıstanda yeni Konstitusiya qəbul edildi

qazaxistanda-yeni-konstitusiya-qebul-edildi
Oxunma sayı: 372

Qazaxıstanda ümumxalq səsverməsinə çıxarılan yeni Konstitusiya layihəsi rəsmi mərasimlə qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, 15 mart tarixində keçirilən referendumda seçicilərin 87,15 faizi yeni Konstitusiyaya “hə” deyib.

Bildirilib ki, sənəd həm iştirak edənlərin yarıdan çoxunun dəstəyi, həm də ölkə regionlarının böyük əksəriyyətində qəbul olunduğu üçün qüvvəyə minmiş hesab edilir.

Yeni Konstitusiya 1 iyul 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.

Sənədin qəbulu münasibətilə paytaxt Astanadakı Akorda Prezident Sarayında rəsmi mərasim keçirilib. Tədbirdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın tətbiqi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 15 mart tarixi hər il ölkədə “Konstitusiya Günü” kimi qeyd olunacaq.

Qeyd edək ki, yeni Konstitusiya ölkənin siyasi sistemində genişmiqyaslı islahatların tərkib hissəsidir. Bu çərçivədə parlament sistemində dəyişikliklər, o cümlədən birpalatalı modelə keçid nəzərdə tutulur. Konstitusiyanın böyük hissəsini əhatə edən dəyişikliklər səbəbindən tamamilə yeni sənəd hazırlanaraq referendum vasitəsilə təsdiqlənib.