Mixail bizi uzaq bir yerə apardı... - Fotolar

mixail-bizi-uzaq-bir-yere-apardi-
Oxunma sayı: 4045

Gəzdikcə, gördükcə, cahanın dürlü-dürlü mənzərələri ilə tanış olduqca bir yəqinin də artır: dünya ağlagəlməz, təsəvvürəsığmaz dərəcədə böyükdür və yalnız sənin bildiklərindən, dərk etdiklərindən, ağlın kəsənlərdən ibarət deyil. Dünyanı görmədikcə, bələd olmadıqca təfəkkür də qısırlaşır, cırlaşır, elə bilirsən bu boyda aləm səndən və sənin bildiklərindən ibarətdi.

Dünənlərdə bir dostum danışırdı ki, ömür boyu kəndlərindən kənara çıxmayan, heç paytaxta da güzarı düşməyən bir müəllim dünyanı ancaq öz kəndləri ilə müqayisə edərmiş. Məsələn, kimsə yanında danışanda ki, dünyada bu saat siyasi oyunlar gedir, camaata düz söz deyən yoxdu, deyərmiş ki, elə götür bizim kəndi, direktor bizi az aldadır? Biri gileylənəndə ki, dənizi çirkləndirirlər, həmin müəllim deyirmiş onları niyə deyirsiz, elə bizim kəndin arxını nə günə salıblar. Yəni insan təsəvvürünün cızığını bildiklərinin, gördüklərinin sərhədini hər vədə aşa bilmir...

Serbiyada Dünya Yazıçılarının 53-cü Belqrad Görüşündə iştirak edəndə məlum oldu ki, Kladova şəhərinə ezam olunacağam. Bizim qrupa məndən başqa akademik, tanınmış serb şair Adam Pusloviç və istedadlı fransız şairi Florentin Palagiya daxil idi. Uzun yolları yora-yora, qayaları yarıb düzəltdikləri 70-dən çox tuneli keçərək Rumıniya ilə 200-300 metrlik sərhəddə yerləşən, Dunay çayının nəhayətsiz səxavətlə qolları arasına aldığı, başdan-başa yaşıllıqlarla bolluca bu möcüzəvi şəhərə gəlib yetişdik. Hər cür gözəlliklər boyuna biçilmiş bu şəhərə heyran olmamaq namümkündü.

Oteldə əşyalarımızı yerləşdirəndən sonra akademik Pusloviçin çağırığıyla aşağı düşdüm, gördüm bizi bir maşın gözləyir. Pusloviç məni serb şairi, tanınmış kolleksiyaçı Mixail Vasileviçlə tanış elədi, olduqca istiqanlı bu adam bizimlə çoxdanın dostu kimi davranırdı.

Kladovada qaldığımız 3 gün ərzində eyni ürəyəyaxınlıqla bizimlə gəzib-dolandı, şeir oxudu, sinədanındakı maraqlı hadisələrdən, tarixçələrdən danışdı. Olduqca yapışıqla, yumor hissi diri, hafizəsi cəm bu adamla ünsiyyət hardan baxsan maraqlıydı. İlk görüşdəcə yol yorğunu və ac olmağımıza məhəl qoymadan bizi uzaq bir yerə aparırdı Mixail.

Nə gizlədim, elə bilirdim, haradasa bir restorana gedirik: əbəs deməyiblər ki, varlı əlini cibinə qoydu, kasıb elə bildi bəxşiş çıxardır... Gəlib Kladovadakı hüzurdolu bir qəsəbəyə yetişdik, evlər, həyətlər sözün əsl mənasında gözəl, yığcam, insan nəfsinin kamilliyinin, gözütoxluğun göstəricisi idi...


***

Bu dünyada yalnız dil bilən adamlar xoşbəxt olurlar, sənətin ucalığına, peşəkarlıq zirvəsinə yetişirlər. Bu dil xalqların, qövmlərin, azlıqların dili deyil. Bu dil ardıyca düşdüyün, əsiri olduğun, azarıyla yaşadığın sənətin dilidi...

Mixail Vasileviç maşını saxlayanda qulağım alan ilk söz “muzey” oldu. Sonra qapını açıb bizi içəri dəvət elədi. Əvvəlcə gördüklərimi başa düşmək, ağlımı işə salmaq mənim üçün qədər də asan olmadı, ancaq sonradan anladım ki, bura daşlarla ağacların kombinasiyalarından ibarət muzeydir. Açığı, heç vaxt belə muzey görməmişdim, daşlar, ağaclar bir-birinin yanında, qoynunda qəribə fiqurları xatırladırdılar, maraqlısı və gözəli o idi ki, bu daşlar çayların kənarında, yollarda, hansısa aşınmalardan, illərin zavalından necə çıxıblarsa, vaxt, təbiət onlara hansı qiyafəni geyindiribsə, hansı formaya salıbsa, ağaclar quruyaraq necə vəziyyət alıblarsa bu açıq havadakı muzeydə də o cürdürlər. Hansısa yontuculuq, qəlibəsalma işlərin söhbət gedə bilməz.

Burda kobraya, itə, əjdahaya oxşayan daşlar, ceyrana, ilana, itə oxşayan ağac parçaları görmək olar. Bunlar hələ elə fiqurlardır ki, ilk baxışdan bilinən, görünən andaca dərk ediləndirlər, ancaq elə dərkiçətin, mürəkkəb fiqurlar, kombinasiyalar da var ki, anlamaq üçün gərək xeyli beyin yorasan.

Ömrünü belə bir yolun yolçuluğuna sərf edən, iradə sərbəstliyi ilə bu cür fərqli bir muzeyi əncama yetirən, bu həndir-hamar həyətdə öz sahmanlı dünyasını yaradan Mixailin düşüncəsi, arzuları mənimçün çox fərqli, qeyri-adi görünürdü. Təsəvvür edin, ucqar bir qəsəbədə belə bir muzey qurursan, heç nədən, təbiətin qoynunda bir xəzinə yaradırsan.

Biz hər daşa toxunduqca, hər ağaca ehiyatsızlıqla əl vurduqca, bizə deməsə də hiss edirdim ki, canı onların yanındadı... Mixail hər şeyə tarix gözüylə baxan, xoşxislət, iliklərinəcən özünü təbiətə, onun gözəlliklərini əks etdirməyə həsr etmiş bir adamdı. Başqalarına yöndəmsiz bir daş, odunluq ağac kimi görünən nəsnələr Mixailin həyətində açıq muzey eksponatlarına çevrilib. Hər şeyə başqa nəzərlə baxmaq, xeyir axtarmaq elə budur.

Burdakı fiqurların sabit-nizamı, onların düzülüşündəki mütənasiblik Mixailin insan düşüncəsinin mühəndisi olduğunu əyan edirdi. Mixail istəsə onu satar ucuz maşınını dəyişər, geyim-keçimini düzəldər, hər gün onları təmizləməkdən, qorumaqdan canı qurtarar, ancaq onun üçün pul əsas deyil, o, özü özünə bəs edən, artıq olan hər şeydən gözünü yığmış biridi, qurub-yaratdığı dünyanın ağası kimi xoşbəxtdi...

Əjdaha, qayalıq və s. kombinasiyalar da maraq doğururdu. heyvan fiqurları maraqlıdır ki, həm canlı, həm də cəsədi xatırladırdı. Muzeyin həyətində daxma var, burda qədim ev əşyaları, çıraqlar, küplər, təkərlər, saatlar və s. qiymətli əşyalar toplanıb.

Daha sonra Mixail bizi evinə apardı, həyətə daxil olanda elə bildim yenə hansısa muzeyə gəlmişəm. Burda minlərlə qədim məişət əşyaları, küplər, tikiş maşınları, yazı makinaları, pullar, vallar, radiolar, medallar, mişarlar, çıraqlar, hesab taxtaları, oyuncaqlar, saatlar, alətlər, əkinçilik alətləri, geyimlər, musiqi alətləri, geyimlər, fotolar, silahlar və s. qorunur. Toplanan əşyaların müxtəlif əsrlərə aiddi...

4 əsr bundan əvvəldən günümüzə qədər dəyişən serb həyatını, hökumətləri, fələkdən bac alanları, fələyə bac verənləri, itən həyatları, ötüb-keçənləri, dəyişiklikləri burda bir tarix kimi görmək, duymaq olurdu. Tarix burda oyanmış vulkan kimi qaynayırdı, narın işarələrin, sirlərin belə “dili açılmışdı”. Çünki burda toplanan hər nə vardısa bir şair, kolleksiyaçı bəsirəti ilə seçilib-sıralanmış, düzülmüşdü. Məsləklərin ən gözəli öz işinə vurğunluq imiş...

Fərid Hüseyn
Xüsusi olaraq “Qafqazinfo” üçün