Nazir seksual təcavüzdə ittiham olunur - Qız tələbələri yanına çağırıb...

nazir-seksual-tecavuzde-ittiham-olunur
Oxunma sayı: 6951

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulının adı böyük qalmaqalda hallanmaqdadır.

Qafqazinfo”nun azadliq.org-a istinadən məlumatına görə, Qazaxıstan Milli İncəsənət Akademiyasının keçmiş tələbəsi Enlik Sıdıkova naziri seksual təcavüzdə ittiham edib. Onun səsləndirdiyi ittihamla bağlı bəyanatın videosu artıq sosial şəbəkələrdə də yerləşdirilib. Bu haqda “Currentime.tv” yazır.

Enlik Sıdıkovanın sözlərinə görə, danışdıqları 2011-ci ildə indiki nazir Qazaxıstanın Jurgenov adına Milli İncəsənət Akademiyasının rektoru olduğu vaxtda baş verib. O, akademiyanın qəbul imtahanlarına gecikdiyindən bu problemi rektorun yardımı ilə həll etmək istəyib.

Sıdıkovanın dediyinə görə, bu istəyini dilə gətirəndən sonra rektor Muhamediulı öncə ondan rüşvət istəyib. Daha sonra gənc qızı köməkçisinin vasitəsilə ikinci dəfə qəbuluna çağırıb. Bu dəfə Enlik Sıdıkovanı qonaq dəvət edib, “şərab içməyi, rəqs etməyi, ünsiyyətdə olmağı və əylənməyi” təklif edib. Qız ona rədd cavabı verdiyini söyləyir.
Amma bununla belə, Enlik Sıdıkova sözügedən ali məktəbə girib də, onu başa çatdırıb da. Düzdür, gənc qız iddia edir ki, rektor guya akademiyaya qəbul edilməsinə yardım məqsədilə ondan 3 min dollar tələb edib.

Mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı bu ittihamları rədd edir, deyilənlərin hamısını “şər və böhtan” adlandırır. Ancaq bu da var ki, Enlik Sıdıkovanın iddialarını başqa bir adam da təsdiqləyib. Həmin şəxs Qazaxıstanın xalq artisti Tunqışbay Jarmankulov-dur. Xalq artistinin söylədiyinə görə, özü rektor təyin olunana qədər akademiyanın tələbələri olan qızlar dəfələrlə ona bu cür şikayətlərlə müraciət ediblər.

Naziri seksual təcavüzdə ittiham edən tələbələrdən biri isə üzünün göstərilməməsi şərtiylə televiziyaya müsahibə verib. Bu qız da rektordan yardım istəyibmiş. Qızın sözlərinə görə, Mahmediulı qəfildən söhbətin ortasında ondan ayağa qalxmasını istəyib, daha sonra onu qucaqlayaraq öpməyə başlayıb. Tələbə qız indiyədək çəkindiyindən bu məsələni ictimailəşdirmədiyini bildirir.

Arıstanbek Muhamediulının adı təkcə seksual qalmaqalda hallanmır. İndi onun rüşvət alması haqda iddialar da gündəmə gəlib. Məsələn, rejissor Janıbekov-un iddialarına inanmış olsaq, nazir filminə dəstək verməsi üçün ondan pul tələb edib.

İndiyə bəlli olan bircə şey var. Korrupsiya əleyhinə milli büroda nazir Arıstanbek Muhamediulının ünvanına səslənən iddialarla bağlı araşdırma aparılır. Nazir özü isə keçmiş tələbəni atdığı böhtan və şərə görə cəzalandıracağına söz verib.