Neftin qiyməti niyə qalxdı?

neftin-qiymeti-niye-qalxdi
Oxunma sayı: 7961

Rusiyalı nazirin son açıqlaması birjalarda dəyişikliklərə səbəb olub.

Rusiya OPEC-lə neft hasilatını aşağı salmağa dair danışıqlar apara bilər. Ölkənin enerji naziri Aleksandr Novak bu barədə məlumat verib. Bu xəbərdən dərhal sonra neft bahalaşmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hətta Brent markalı neftin qiyməti qısa müddətə 36 dollara çatıb. Güman olunur ki, Rusiya bu sövdələşməyə gedə bilər. Çünki ölkədə iqtisadi vəziyyət gərginləşir.

Neftin qiyməti 20 dollara düşərsə, Rusiyada hasil olunan “qara qızıl” ümumiyyətlə rentabelli olmayacaq. Rusiyalı ekspertlərin apardığı müzakirələr zamanı bu fikir səslənib.

ANS TV-nin məlumatına görə, Rusiya ucuz neft qiymətlərinin iqtisadiyyata təsirini azaltmaq üçün büdcə xərclərini 10 faiz azaltmağa və neft biznesinə vergiləri artırmağa qərar verdi.

Moskvada dəyirmi masa ətrafında toplaşan rusiya, qazax və azərbaycanlı iqtisadçılar 2016-ci ildə neft qiymətlərinin 50 dollar civarında sabitləşəcəyinə ümid etdiklərini bildirsələr də iqtisadi böhrandan çıxmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruri olduğunu dedilər.

Rusiya milli enerji təhlükəsizliyi fondunun müdiri Konstantin Simonov isə 2016-cı ildə Rusiyanın neft istehsalı həcmini azaltmasının da qaçılmaz olduğuna inanır:

“Bu il Rusiyanın neft istehsalı ən az 2-3 faiz azalacaq. Büdcə gəlirlərimizin 42 faizi neft, 6-7 faizi isə qaz satışlarına bağlıdır. Rusiyanın başlıca neft yataqlarını yerləşdiyi qərbi Sibir bölgəsində bir barrel neftin bazara çıxarılmasının xərci vergisiz 15-18 dollardır. Təbii ki, əgər neft qiymətləri 20 dollara düşərsə, artıq bunun istehsalı rentabelli olmayacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə jurnalistlərə açıqlamasında hələlik Rusiya hökumətinin neft istehsalının azaltması ilə bağlı konkret bir planının olmadığını deyib.

Dimitri Peskovun sözlərinə görə, bazarın əsas neft istehsalçıları ilə aparılan müzakirələrdə bu barədə hələlik heç bir şey nəzərdə tutulmayıb.