Təbriz yolka işıqları ilə özünə qrim etməyə çalışan, qəhərli klouna bənzəyirdi
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Süleyman Rüstəm bu misralarla Təbrizi vəsf edəndə onun da, Təbrizin də cavanlıq dövrü imiş gərək ki... Hələ danışılası məqamlar çoxdur, qayıdacam Təbrizin gözəlliyinə. Hələlik isə mənim səfərimdən başlayaq.
Yazılarımın birində qeyd etmişdim ki, İrana yollanacam. Yolçuluğu tək etmədiyimçün avtobusla getməli olduq. Avtovağzaldan sərhəd xətti istiqamətinə, Biləsuvara necə çatdıq heç bilmədim. Məşəqqətli saatlar bundan sonra başlandı. Bizim gömrük xidmətindən çox rahat və müasir texnika ilə yoxlanılıb keçdik. Elə ki, İranın kasıb, dəmir qalıqları ilə çəkilmiş sərhəd xəttinə yaxınlaşdıq, əsgər mənə: “Dayan! Bardaqdan o yana, bardaqdan o yana!” - dedi. Bu “bardaq” sözünü düzgün eşidib, yazdığımı dəqiq bilmirəm, amma əvvəlcə “bardaq” sözünü “bayraq” kimi eşitdim, daha sonra anladım ki, sərhəd demək imiş. Sərhəddi keçməyimə icazə vermirdi. Onsuz da burdan gedəndə ürəyimdə böyük qorxular vardı. Redaktorumuza “İrana gedirəm” deyəndə yarı zarafat, yarı ciddi dedi ki, “Getmə, səni tutacaqlar”. Şəhriyar Del Gerani və Fərid Hüseyn adlı gənc yazar dostlarımızın və onların işini araşdıran jurnalist xanımın başına gələnlər hamımıza məlumdur. Hələ “Qandalı gördüm”ü oxumuş adam kimi onun da xofu bir yandan ürəyimə əsməcə salmışdı. Bir dostum da, fotoaparatımı götürməməyimi tövsiyyə edib, “Nəbadə bildirəsən ki, yazar-jurnalistsən”- dedi. İndi bir bu bardaqdan o tərəfə deyən əsgərin üzünə sual dolu ironik təbəssümlə, bir dayıma, bir də anama baxdım. Əsgər davam etdi: “Get damən geyin gəl” - belə anladım ki, damən ətək deməkdir. Məndən başqa da şalvar və uzun saroçka, kofta geyinənlər var idi. Amma deyir gərək adamda bəxt də ola, o da məndə nə gəzər? Burda da gözə batan mən oldum. “İndi bu qul-qulama düzdə ətəyi hardan tapım?” -deyə sual verdim.
- Bilmirəm, bardaqdan o tərəfə!
- Yaylıq bağlasam olar?
- Olar
Düzü əlavə yaylıq və paltar götürməmişdim. Orda alaram deyə düşünmüşdüm. Yəni yaylığımız da yox idi, elə başımıza örtdüklərimiz idi ki, onu da açmaq olmazdı. Gözüm və fikrim bizim tərəfdə, sərhəddin o biri üzündəki təmizlikçi qadınların yaylığında idi. Bəlkə istəsəm verərlər və ya pul verərik verərlər deyə düşünürdüm. Amma belə də gecikirdik. Birdən anamın ağlına gəldi ki, orda ev şəraitində geyinmək üçün xəlat götürüb. Tez onu çıxardı, dal-qabaq əynimə dürtdü.
- İndi belə keçə bilərik?
- Hə.
Elə sərhəddi keçib rahatlamışdım ki, şaqqanaq çəkib güldük. Anam mənə lağ edib, “Belə şəklini çəkib “facebooka” qoyasan”-dedi. Doğurdan da türklər demiş “karizma sıfıra enmişdi”. Hələ-hələ mənim kimi geyim mövzusunda həssas olan adamın elə lağ olunası günü idi vallah. Bizimlə bir avtobusda olan qadının da belinə yaylıq bağlayıb gəldiyini gördüm. Bir az da onunla bir-birimizə gülüşdük.
- Siz niyə?
- Mənə tərəfə heç baxmırdı, səni gördüm koftamı aşağı dartıştırmağa başladım. Bunu da əsgər gördü, mənə də yaylıq bağlatdı.
Bizim tərəfin müasir hörülmüş hasarı və İranın setka, dəmir-dümürdən çəkilən sərhəd xətti artıq vəziyyətin ürəkaçan olmayacağını öncədən xəbər verirdi. Sıralandıq. İki saata addım-addım irəliləyərək uzun məsafəni qət edib, İranın gömrüyünü keçib, pasportlarımızı peçatladıb əlimizə aldıq. İlk gözümə dəyən, üstdə İran, altda Latın hərifləri ilə “Çəkiliş etmək qədəğəndir” yazılmış cümlə oldu. Halbuki hər şeyə rəğmən mən fotoaparatımı götürmüşdüm. “Məslək” sevgisi. Ürəyim səksəkəli, özüm də dilxor idim. Qərəz burdan da ötüşdük. Bizi gətirən avtobus təxminən 1-2 dayanacaq aralıda bizi gözləyirdi. Bununçün də onların taksilərinə minməli olduq. Təsəvvür edin ki, bizim Xırdalanda olan qul bazarıdır. Bütün taksi sürücüləri və mobil telefon üçün İran nömrəsi satanlar, Azərbaycan pulunu İran puluna dəyişənlər adamın üstünə elə gəlir ki, dabanına tüpürüb geriyə doğru qaçmaq istəyirsən. Əslində artıq İran ərazisində olduğumu anlamırdım. Çünki əksər təbrizlilər kökən olaraq azərbaycanlı olduqları üçün bizim dildə çox gözəl danışır, ümumiyyətlə farsca söz istifadə etmirdilər. Ləhcələri bizim Ordubadlıların ləhcələrinə çox bənzəyirdi.
Artıq öz avtobusumuzda idik. Düşünürdüm ki, tamam İranla qonşuyuq, amma bu qədər yaxın olduğumuz ağlıma gəlməzdi. Bir-iki saata da Təbrizin mərəzinə çatacağıq. Özümlə kitab da götürməmişdim, necə gözümü qorxutmuşdularsa artıq. Bircə telefonumda olan 10-15 mahnı, bir də qulaqlıq təsəlli idi. Əslində rahatlıq olduğu müddətcə uzun yolda musiqi dinləmək və kitab oxumaq bir istirahətdir. Amma bu yol heç də düşündüyüm kimi, 2 saatlıq olmadı. Get ki, gedəsən, həm də nə yol, elə bilin ki, Şamaxı, Qızıldaş-Qobu yolunu gedirsiniz. Bir yaşıllıq, bir gözoxşayan mənzərə nə gəzər ki, gözünüz-könlünüz açıla. 6 saat sonra dedilər aha Təbrizə çatırıq. Deyim ki, bu yolda aralıq saatlarda onların restoranlarına enib çörək yedik. Mətbəxtləri bol yağlı və ədviatlıdır. Yeməklərinə dadsızdır demək olmaz. Hər yeməyin yanında da mütləq şorba verilir. Düyüsüz günləri də keçmir. Ürək bulandıran məqam isə biz də daxil olmaqla müsəlmanların sinələrini gərə-gərə dedikləri, “təmizlik imandan gəlir” - atalar sözlərinə ayaqyolu mədəniyyətində sadiq qalmamalarıdır. Bu barədə çox danışıb ürək bulandırmaq istəmirəm. Təbrizə qədər olan yol fəslini bağlayıb keçim minvala.
Bir neçə il öncə bizim hər kəliməsi lətifə olan, pozitiv merimiz Hacıbala Abutalıbov şəhərdəki “butka-mutka”, tökülmüş gecəqondu evlərinə bənzər daxmaları sökəndə demədiyimiz söz qalmadı. Şayət haqsız da sayılmazdıq, amma o aysberqin görünməyən tərəfləri idi ki, həmin “butka” sahibləri işsiz, çörəksiz qalacaq, daxma evləri olan insanlara kvadratına görə pul veriləndə o yaşadığı şəhərin mərkəzində həmin kvadrat əraziyə ev ala biləcəkmi ya yox, bu məsələlər başqa yazı mövzusudur. İndiki halda düşündüm ki, pozitiv merimiz çox düzgün iş görürmüş. Çünki Təbrizdə hazırkı vəziyyət bizim bir-neçə il öncəki Bakıya oxşayır. Hətta daha da acınacaqlıdır, o deyirlər ee “cındırından cin ürkür” bax elə. Bir tərəfdə normal təmirli alçaq bina, onun burnunun dibində də avtobus qapısına bənzər dəmirlərlə əhadə olunmuş daxma ev, yanında “butka”, “teredivar”lar köhnə dəb sarı kraskalarla boyanmış, körpü dəmirləri paslanmış, şəhərsə saat 11-ə işləmiş yay günündə lal, tənha, kədərə qərq olmuş, yolka işıqları ilə özünə qrim etməyə çalışan, qəhərli klouna bənzəyirdi. Taksi sürücüsündən “bu vaxt niyə bir market açıq deyil?” deyə soruşduğumda, cavab verdi ki “Orucluq ayıdır ona görə”.
Deyim ki, Bakıdan İrana səhəti ilə bağlı gedən hər kəsin Bakıdaykən danışıb sifarişli əlaqə saxladığı, bütün həkimlərin ünvanını tanıyan, sizin əvəzinizə sırada durub, xəstəxana ödənişini edən bir taksi sürücüsü tanışı olur, qeyri-halda aldadılma riskiniz böyükdür.
Artıq otelimizə çatmışdıq, hansı oteldə neçə nəfərlik otaqda qalıb, nə qədər pul ödəyəcəyimizi taksi sürücüsü öncədən danışıb həll etmişdi. Bircə pulu ödəyib, açarımızı götürüb, özümüzü otağımıza atdıq. Uzun yoldan sonra ilk iş duş qəbul etmək idi ki, burda otelin ulduzuna görə təmizlik və s. Bakı otellərinə görə eyni pulla çox komfortlu və münasib qiymətə idi. Məsələn adam başına 30 Azn-ə çay-çörək daxil olmaqla, lüks şəraitli bir otaqda bir gecə gecələyə bilərsiniz. Amma bu qiymət 50 Azn-dən başlayıb 5 Azn-ə kimi enir ki, o da bizim otellərlə müqaisədə elə bilin bir gecəsi 200 Azn-dən 20 Azn-ə olan otaq şəraiti təmin olunur. Təbrizin 3 gözəl cəhəti vardısa biri havasının təmiz, sərin və ağcaqanadsız olması idi. “Kondisioner” yandırmağa ehtiyac qalmırdı, pəncərəni açıq qoyub rahat yata bilərdiniz. Nəinki bir ağcaqanad tapmaq, heç cırcırama səsi də eşitməzdiniz. Adətən yerimi dəyişdimsə yadırğayıram, əgər bir yerdə ilk dəfə qalıramsa, həmin gecəni ümumiyyətlə yata bilmərəm. Bilmirəm yol yorğunluğundan idi, yoxsa necə, gecəni olduqca rahat yatmışdım. Səhər pəncərəmdən baxanda cavan qızından tutmuş yaşlı kişisinə kimi velosipedlə hərəkət edən insanları görmək həm təəccüblü, həm də ürəkaçan mənzərə oldu, bu qədər neqativ təsuratın ardından. Təbrizdə avtobus təkəmseyrək görmək olar. Olanda da bizdəki kimi o uzun avtobusların bir tərəfi yerə dəymir. 30 nəfərlik avtobusda 7-8 adam ola ya olmaya. Bu şəhərin adamlarının 70 % taksi, 29 %-i də velosiped, motaskletlə hərəkət edir.
Gündüz gözü ilə şəhər, gecə işıqlarla qirimlənmiş halından çıxdığı üçün çirkinliyi daha aydın görünürdü. Təbrizin tək ürək açan ərazisi bizimkilərdən fərqli olaraq bazarları idi. Çox təmiz idi və bazar küçəsi bizim İçərişəhəri xatırladırdı. Biri var qədim, biri də var köhnə. Qədimlik gözəldir, köhnəliksə boz. Təbrizin qədim olan tərəfi bir bazarıdır, ümumilikdə şəhər bozarmış, köhnə paltara bənzəyir. O üç gözəl tərəflərindən birini bayaq dedim, havası. İkincisi isə hər təamının dadlı, keyfiyyətli, gigyenik cəhətdən təmiz olmasıdır. Düzü biz şəhərdə iftar vaxtına kimi açıq restoran tapmadığımız üçün, şirniyyat və açıq marketlərdən ərzaq almaqla keçinməli olurduq. Otel sizə yemək verir, amma hər ürəyiniz istəyəni menyuda tapmaq olmur. Bazarda diqqətimi çəkən limon sarısı rəngli qarpız oldu. Böyrəyə və şəkərə xeyirli olduğunu dedilər. Dad olaraq eynidir qırmızı qarpızla, bəlkə bir az çox şirinliyi olması ilə fərqlənə.
Gələk Təbrizin insanlarına. Bəyləri olduqca yaraşıqlı və müasir təəssürat yaradır. Qadınları isə çox demode geyinirlər. Məsələ çarşaba deyil, elementar olaraq ayaqqablarına baxmanız kifayyətdir. Ayaqqabı demişkən, həkimə getmişdim, tibb bacısı tamoqrafiya otağında ayağımdakı sandallara xeyli baxıb “çox gözəldir”-dedi.
- Neçəyə almısan?
- Sizin pulla 70 tümən.
“Oooo çox bahədir, burda daha ucuzun alə bilərsən, amma belə qəşəng olmaz bəlkə” deyib, güldü. Təsəvvür edin ki, çox rəngsizdirlər, sönük rənglər geyinirlər, nəinki tibb bacısı elə ətrafdakılar da ilk iş kimi ayaqlarıma baxırdılar. Bir də bu var, geyimdənmi, nədənsə əgər Azərbaycandan getmisinizsə mütləq sizi tanıyıb, “bax bakılıdır”-deyəcəklər. Amma azərbaycanlılara qarşı qəribə bir itələyici hiss var təbrizlilərdə. Hə bir də iranlının varlısı ilə kasıbını geyimindən ayırd etmək olmaz. Hamısı eyni dəyərdə olan geyim geyinir. Məsələn varlısı gedib sırf Türkiyə istehsalı olan marka almaz. Amma mən yenə azəbaycanlılığıma salıb İranın ucuzluğundan istifadə edə bilmədim.
Təbriz qadınları kişiləri qədər göz oxşayan deyillər. Hazırda onlarda belə bir dəb hökm edir. Əksər qadınların qaşları qalın olaraq alınır, bacardıqları qədər alına doğru dik formaya salınır. O dik qaşın öncəki dəbi də taturofka qaşlar olduğu izlərdən sezilir və çox çirkincə görünür.
Düzü biz Təbrizdə hansısa iranlı ailədə olmadıq. Amma oteldə nə zaman televizoru açırdıqsa Təbriz kanalında bir saqqalı çıxıb deyirdi ki, “Qadınlar, ərlərinizin bir sözünü iki etməyin, üstlərinə çığırmayın, yoxsa cəhənnəm odunda yanarsınız”- tipli cümlələrlə baş-beynimizi aparmışdı. Bir də uşaqlara quran oxutduran mollalar vardı. Beynimdə iki düşüncə vardı ki, bir bu ancaq dindən danışan, heç bir maarifləndirici verlişi olmayan ölkədə necə savadlı həkimlər olur ki, zatən onlar İranda yox xaricdə təhsil alırlar. Bir də iranlı qadınının bədbəxt və avamlığına yanırdım. Özüm dindar olmasam da Allaha həmd aparan insanam. Amma burdakı dindar mühiti gördükcə əksər ateistlərin əvvəli niyə qatı dindar, sonrası ateist olduqlarını anladım. Hər şeyin ifratı ürək bulandırır. Qadınlar mövzusuna qayıdacam.
Ziyarətimin səbəbi səhhətimdəki nasazlıq idi. Yadımdaykən deyim ki, o üç yaxşı cəhətindən biri də tibb sahəsinin inkişafı və dərmanlarının qoxusuz, keyfiyyətli olmasıydı. Elə həkimə də gəlmişkən çoxdan planlaşdırdığım burun əməliyyatını da etdirim dedim. Estetik cərrahın qəbuluna düşdüm. Baxdı və əməliyyatdan sonra bir həftə qalmalı, tikişlərin sökülməli, tamponun çıxarılmalı olduğunu dedi. Orda olduğum 3 gün o qədər böyük zaman kimi gəlmişdi ki, bir həftə qalmaq gözümə dururdu. Bir az düşünmək istəyirdim ki, həkimin sualı belə oldu:
- Xanım izdivacdadır?
Dayım cavab verdi ki, xeyir.
- Bəs bobasi hardadır?
- Bakıda.
- Hə onda bu əməliyyat üçün gərək bobasinin yazılı rizasi ola, olmasa olmaz.
Özümü saxlaya bilmədim. Qəh-qəhə çəkib güldüm. Həkim xaricdə təhsil almış gənc adam idi. Bu qəh-qəhəmdən onların ölkəsinin qanunlarına olan etirazımı hiss etdi, utandığından qızardı, əllərin havaya qaldırıb yana doğru əyib, sanki çarəsizik işarəsi göstərdi. Təsəvvür edin ki, bir ölkədə 23 yaşında müstəqil gəncin kefindən əməliyyat etdirməsinə gərək atasının razılığını alalar. Artıq başımdan tüstü çıxırdı, boğulurdum. Bircə onu deyə bilərəm ki, mənim kimi Azərbaycan reallıqlarıyla barışa bilməyən hər kəs bir dəfə yollarını İrandan salsınlar, inanın ki, Bakını sevməyə başlayacaqsınız. Həkimin mimikası məni çox ağrıtdı. Qadınlarını gördükcə isə ürək ağrılarım artırdı, ta ki, alış-veriş mərkəzində bir satıcının verdiyi suala qədər.
- Bu sizin qardaşınızdır?
Anam: Bəli
- Bəs onun yoldaşı icazə verib sizi gətirsin bura?
- Hə əllbətdə, o nə deməkdir?
- Bizdə xanım icazə verməz. Boşayar. Boşasa da lüt qalarıq. Biz ərvədlərimizdən çox qorxuruq, müflis olmamaqçün susuruq.
Vallah əlim ağzımda qaldı. Bayaqdan acıdığım qadınların evlərində hegemonluğu təsvir olunurdu. İranda qadınların sözü daha qüvvətlidir. Onlar Cem Yılmaz abimiz demişkən “Qadınlar qadağalar gördükləri üçün, bu qadağaların çözüm yollarını da lap uşaq ikən beyinlərində axtarırlar və sonuçda fövqəl nəticəni əldə edirlər”.
Qərəz gecə düşmüşdü, avtobusumuza mindik. Beş saat gömrükdə avtobusun içində qaldığımızı da hesablasaq 14 saatlıq yolu gah ürəyim getdi, gah yatdım, gah da musiqi dinləyərək birtəhər başa vurduq. Biləsuvara çatanda torpağı öpməyim gəlirdi. Amma yenə də, biz onlardan çox fərqlənmirdik. İki nefti bol olan ölkə, iki xalqı ac olan ölkə, iki diktatura rejimi olan ölkə, iki mentalitetlə idarə olunan ölkə və s. Çox uzatmaq olardı, amma nə isə... Sonda deyim ki, bizimlə bir iranlı ər-arvad gəlmişdi. Sərhəddi keçən kimi, biz başımızı açmamış həmin iranlı qadın, başını da açdı, qollu köynəyini də çıxartdı. İranlılar Bakıya gələndə özlərini biz Avropada özümüzü hiss etdiyimiz kimi hiss edirlər. Hə bir də sizə çox şəkil təqdim edə bilməyəcəm, çünki icazə olub-olmaması bir kənara, şəkil çəkəndə insanlar sizə elə baxır ki, elə bilirsən indi bir Axund gələcək, sənə 40 şallaq cəzası yazıb gedəcək. İranı görəndə Bakıya şükr etdim etməyinə, belə olacağını öncədən demişlərdi zatən. Amma kaş ki, ən azı geridə qalmış qonşu Tiflisi görüb gəldikdən sonra da adam Bakı öpmək istəyəydi...
Aybəniz Alızadə