“Nəyin bahasına olursa-olsun...” - Əli Həsənov

neyin-bahasina-olursa-olsun
Oxunma sayı: 1278

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov çıxış edərək bildirib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb edib. Ə.Həsənov vurğulayıb ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi.

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdi. 

Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir. 

Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında Müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.