Notariat ofisinə getmədən etibarnamələri rəsmiləşdirmək olacaq

Notariat ofisinə getmədən etibarnamələri rəsmiləşdirmək olacaq
Oxunma sayı: 2013

Bu gündən etibarən “myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov verib. O bildirib ki, sistem Mərkəz və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb:

“Vətəndaşlar heç bir xidmət mərkəzinə yaxınlaşmır. Onlayn formada “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. 

Bundan başqa, Etibar edən şəxsin şəxsi kabinetinə məlumat gedir, etibarnamənin bitməsi ilə bağlı da müraciətçiyə xəbərdarlıq edilir. 

Ədliyyə Nazirliyinin rəsmisi Ağakərim Səmədzadə bildirib ki, etibarnamələrin elektron qaydada tətbiq olunması ilə bağlı yaradılmış mobil aplikasiya 10 gün müddətində 22 min şəxs tərəfindən yükləyib və istifadə edilir:

“Sorğunun qəbulu, emalı və geri cavabın verilməsi cəmi 5 dəqiqə çəkir. Gələcəkdə sistemin xarici vətəndaşlar üçün də tətbiq olunması gozlənilir”. 

Qeyd olunub ki, "Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, “myGov” portalından “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi