Novruzovun müraciətinə cavab - “Bu qədər də olmaz axı”

novruzovun-muracietine-cavab
Oxunma sayı: 6765

Xəbər verdiyimiz kimi,  YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müxalifət liderlərinə müraciət ünvanlayıb.  O, müxalifət liderlərindən hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Milli Azadlıq və Meydan Hərəkatında iştirak edib etmədiyini, təmsil etdiyi partiyanın bu günə kimi kiminsə ailə üzvünü  təhqir edib etmədiyini soruşub. 

“Qafqazinfo” müraciətdə adı çəkilən Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlıdan, hüquq müdafiəçisi Novella Cəfəroğlundan, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlıdan sözügedən suallara münasibət öyrənib. 

Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı vurğulayıb ki, Siyavuş Novruzov birbaşa ona qarşı həmişə ədəb-ərkan qaydalarını qoruyub: “YAP-çılar da həmçinin birbaşa əleyhimə söz deməyiblər. Ancaq YAP-çı məmurların əlinin altında çoxsaylı media orqanları var. Həm vaxtilə, həm də indinin özündə belə həmin media orqanlarında mənim və millətin əleyhinə alçaldıcı yazılar yazılmaqdadır. 

Siyavuş Novruzovla uzun illər Milli Məclisdə bir olmuşuq. Onun hər cür çıxışlarını, xüsusilə də  müxalifət əleyhinə qəzəbli çıxışlarını  eşitmişəm. Bəzən hətta  özünün şəxsi mövqeyini yox, partiyanın mövqeyini ifadə edən məcburi çıxışlarını da dinləmişəm. O, bağlı olduğu düşərgənin mövqeyini ardıcıl olaraq müdafiə edən deputatlardan biridir. Ancaq iqtidara bağlı olan işini gördüyünə görə ona normal münasibətim olub. Hər halda iqtidarın haqlı-haqsız mövqeyini müdafiə edib.  İllər uzunu Siyavuşun özünə qarşı da  çox sərt çıxışlarım olub.  Amma ondan  ciddi bir tərbiyəsizlik, ölçü-biçidən kənar söz eşitməmişəm. Özündən yaşlılara qarşı ədəbini qoruyub. Ona müəyyən  mənada sayğım var”. 
 
VHP sədrinin sözlərinə görə, burada söhbət Vidadidən, onun meydanda olub olmamasından, siyasətə nə zaman başlamasından getmir: “O, ölkədə nədənsə narazıdır, buna görə də Azərbaycanı tərk edib. İqtidarın siyasətini qəbul etmir. Ancaq  əsas problem bunlar deyil. Heç kimin özünə, müxalifətçi mövqeyinə görə  evini, ocağını, ailə üzvlərini, qəbrini təhqir etməzlər. Deyək ki, müxalifətçilərin nəyəsə gücü çatmır. Əxlaq  çərçivələrindən kənar mübarizə aparırlar. 

Mən millətimizə bu cür mübarizə üsullarını   yaraşdırmıram. Mübarizədə çıxışlar ədəb-ərkan daxilində olmalıdır. Ölkənin bəyənsən də bəyənməsən də məclisi, prezidenti var. Bunlar xarici ölkələrdə təhqir olunmamalıdır. 

Buna görə də uşaq kimi cığallıq edib  onların ailələrinə təzyiq göstərmək, qohumlarını işdən çıxartmaq, qohumluqdan imtina etdirmək isə cəhalətdir. Bu heç bir dövlət orqanına, ciddi iqtidara yaraşan hal deyil. Belə şeylər olmasın. Bunlar hakimiyyətin ciddiyyətini şübhə altına salır. 

Birini incidib beşini də onun dalınca göndərmək olmaz. Bu vətəndaşa  hücumdur. Vətəndaş olmasa vətən, dövlət və onu idarə edən məmur da olmaz. 

Azərbaycan əxlaqında indiyə kimi məzarı təhqir etmək olmayıb. Bizim dədələrimiz düşmənçiliyi də mərd- mərdanə ediblər. Ölünü, dirini bu işə  qatmayıblar. Bu gün nə edəcəksənsə, sabah da qarşına çıxacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, indiyə kimi Siyavuş Novruzovu heç kimi təhqir edən görməyib: “Doğrudan da, o, özünü  həmişə centelmen kimi aparıb.  Ancaq partiyaları da, insanları da tənqid edib.  Birbaşa  ailə üzvlərini isə təhqir etməyib.

Vidadi İsgəndərlinin Milli Azadlıq Hərəkatında olub olmadığını sözün düzü, mən  görməmişəm və eşitməmişəm. Mən iqtidarlı-müxalifətli ailəyə toxunan insana nifrət   edirəm. Ailəyə toxunmaq, bir-birlərini də təhqir etmək olmaz. Tənqid edin. Mən müxalifətə də eyni sözü deyirəm. Bu qədər də təhqir olmaz axı. Kimə lazımdır  bu? Vidadinin son vaxtlar etdiyi təhqirlər onu deməyə  əsas verir ki, bu insanda insanlıq sifəti yoxdur.  Onun qardaşlarını tanıyıram. Çox intellektli insandırlar.  Ancaq o insan  sifətindən çıxmış bir insana oxşayır”. 

N. Pənahlı bildirib ki, həbsxanada olan zaman Vidadi İsgəndərlini hüquq müdafiəçisi kimi tanıyıb: “Ancaq onu Milli Azadlıq  Hərəkatından tanımamışam və onunla heç bir  münasibətim də olmayıb. Amma biz illərdir Millli Azadlıq Hərəkatında mübarizə aparan insanlar kimi bu hakimiyyətə müraciət etdik ki, bu cür hərəkətlərlə siyasi rəqibləri məhv etmək olmaz. Millətin azadlığı və istiqlalı uğrunda mübarizə aparan insanlar hər cür təhqirə məruz qoyuldu. Bu millət dostluğu və düşmənçiliyi də kişi kimi edib, onun şanlı tarixi var”. 

O qeyd edib ki, millət olaraq faciəmiz odur ki, həmişə nəticəni görürük, amma səbəbi görmürük: “Adi bir təhqiri bu xalq vaxtilə həzm etməyib. İndi heç qırmızı xətt də qalmayıb”. 

Günel Türksoy