“O, çox ciddi və təmiz imicə sahib olan dövlət adamıdır” - Əli Hüseynli

o-cox-ciddi-ve-temiz-imice-sahib-olan-dovlet-adamidir-eli-huseynli
Oxunma sayı: 1262





“Qafqazinfo” bir neçə gündür ardıcıl olaraq yayılan və ölkə gündəmini tutan Gülər Əhmədovanın videoları ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə bir neçə sual ünvanlayıb. Komitə sədrinin verdiyi cavabları təqdim edirik.

- Əli müəllim, siz parlamentdə millət vəkillərinin etik davranış kodeksinin hazırlanması ilə bağlı təklif səsləndirdiniz. Bu təklifinizin eks millət vəkili Gülər Əhmədovanın video görüntü qalmaqalı ilə bir bağlılığı varmı?
- Xeyir. Millət vəkillərinin etik kodeksinin hazırlanması ilə bağlı təklif zaman zaman səslənib. Sadəcə artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının bir layihəsi çərçivəsində yerli və xarici ekspertlərdən ibarət işçi qrupu ilə bununla bağlı layihə hazırlayırıq. Çünki sivil ölkələrin əksəriyyəıtində bu cür kodekslər mövcuddur. Amma hüquqşünas kimi onu deyə bilərəm ki əgər bu kodeks mövcud olsaydı, video görüntüdəki hallar onun təsir dairəsinə düşə bilərdi.


- Yeri gəlmişkən, həmin video görüntüdə sizin də adınız çəkilib...

- Millət vəkili və komissiya sədri seçilməyin partiyadaxili açıq və şəffaf proseduru var. Mən ümimiyyətlə video görüntüdə səslənənləri reallıqdan çox uzaq hesab edirəm. Oradakı personajların özü artıq belə düşünməyə əsas verir. 1990-cı illərin “təhsil işbazları”ndan olan Elşad Abdullayevin kimliyi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Hətta öz qardaşı ilə bağlı hadisədən spekulyasiya etməsi artıq onun hansı mənəviyyata sahib olmasından xəbər verir.


- Məlumatınız var ki, bu gün yeni video görüntüdə yayımlandı və bu video görüntülərdə dövlət məmurlarının, o cümlədən Ramiz Mehdiyevin adı çəkilir... Hansısa siyahıların mövcudluğu iddia olunur...

- Bilirsiniz, Ramiz müəllim çox ciddi və təmiz imicə sahib olan dövlət adamıdır. Bu da Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Cəmiyyətimizdə dövlət adamlarına qarşı zaman-zaman səslənmiş bu səpkili şayələr heç vaxt ictimai fikrə təsir etməyib və etməyəcək də. Parlament seçkiləri zamanı hansısa siyahıların olması cəfəngiyatdır. Hakim partiyanın parlament seçkiləri zamanı öz namizədlərini irəli sürməsi və dəstəkləməsi şəffaf bir prosesdir. Hesab edirəm ki, hüquq mühafizə orqanları video görüntülərlə bağlı düzgün olaraq, məhz dələquzluq faktı ilə bağlı cinayət işinə başlamışdır. Əminəm ki, bunun hüquqi qiyməti veriləcək.