Həyatımızdakı təsadüflərdən zəruriyyətləri özümüz istehsal etməliyik. Ürəyimizcə olan, ötəri xoşumuza gələn bəzi şeyləri - təsadüfi görüşləri, hadisləri, xoşagəlməzləri özümüzü aldadaraq zəruriyyət, alın yazısı kimi dəyərləndirməmiz tənbəllikdən və acizlikdən başqa bir şey deyil.
Eynşteyn deyirdi ki, yaşamağın iki yolu var: ya heç nəyin möcüzə olmadığına, ya da hər şeyin möcüzə olduğuna inanmalısan. Mən birincilər kimi yaşamağa üstünlük verirəm. Bir gün yanılacağıma ümid edərək. Möcüzə ilə qarşılaşana qədər isə heyvanlara zülm edilməsinə kəskin etiraz edirəm.
Sahilə İbrahimova

Fuad Eminov
Təxminən 30 il öncə Bakıda doğulub. Ən böyük arzusu uşaq nağılları, səyahətnamələr və elmi-populyar kitablar yazmaqdır. İxtisasca hüquqşünasdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Ən çox sevdiyi şair Brodski, yazıçı Markes, rəssam isə Törnerdir. Zamanı torpağı eroziyaya uğradan küləyə bənzədir, hesab edir ki, insan da həmin torpaqtək zaman keçdikcə dəyişməlidir. Çay mədəniyyətini kofe mədəniyyətindən üstün tutur. Hesab edir ki, intellektin toplanması və paylanması ədəbiyyatın əsas funksiyalarından biridir. Ola bilsin ki, postmodernist reallığa uyğun deyil, amma ən azından bizim cəmiyyətdə buna ehtiyac var.
Akvarium
Oyuna elə aludə olmuşdum ki, qəhvəyi pencəkli qocanın stol arxasında necə əyləşdiyindən xəbərim olmadı. Üzərimdə kiminsə nəzərlərini hiss etdim və elə bu anda o məndən soruşdu:
- Siz möcüzəyə inanırsınızmı?
Sual mənə qəribə gəldi. Düşündüm ki, yəqin missionerdir. Başımdan eləmək üçün “Yox” dedim. Amma o fikirlərimi oxuyurmuş kimi sözünə davam etdi.
- Mən isə inanıram və əgər məni pivəyə qonaq etsəniz, mən sizə niyə möcüzəyə inandığımı danışaram.
Onun üçün sifariş etdiyim pivəni gətirdilər. Qoca bir qurtum içəndən sonra sözünə davam elədi.
- Siz məni pivəyə qonaq elədiniz, mən də sizə bir hekayə danışacam. Bilmirəm, bu hekayənin bu pivə qədər dəyəri olacaq, yoxsa yox.
Mən onu əmin etdim ki, hər danışılan hekayə bir dərsdir və ola bilsin ki, onun hekayəsi mənim üçün faydalı olacaq. Qoca mənə inandı.
- Mənim bir dostum var idi. Sovet vaxtı Bakıda ev oğruluğu ilə məşğul idi. O vaxt camaat pulunu evdə saxlayardı, kassaya etibar eləməzdi. Bir gün o bir zərgərin evinə girir. Bazar günü idi. O günü Moskvadan teatr gəlmişdi, zərgər daxil hamı orda idi. Dostum həmin üçotaqlı mənzilə girdi. Düz bir saat hər yeri ələk-vələk eləsə də, 50 rubldan savayı bir şey tapa bilmədi. Ev yiyəsi qoca yəhudi idi, əlbəttə, hər şeyini yaxşı gizlətmişdi. Dostum evdən çıxhaçıxda gözü akvariuma sataşdı. Orada qızıl balıq var idi. Dostum öz-özünə dedi ki, bu lənətlənmiş mənzildə tapdığı yeganə qızılı özü ilə aparacaq, mətbəxə keçdi, banka tapdı, onu su ilə doldurdu, balığı bankaya qoydu, bankanı qoltuğuna vurub tələsik mənzili tərk etdi.
Qoca susdu. Mən isə öz-özümə düşünürdüm ki, bu hekayədə möcüzəli nə var?
- Bilirsinizmi, qızıl balıqlar insan tərəfindən yetişdirilib. Onlar ancaq hovuzlarda və akvariumlarda yaşayırlar. Buddistlərin “fan şen” fəlsəfəsi var, onlar balıqlara qarşı mərhəmət nümayiş etdirirdilər, onları yemirdilər. Balıq saxlanan hovuzlar da “mərhəmət hovuzları” adlanırdı. Onlar balıqları şüşə məhbəslərdə saxlayan müasir insanlar kimi qəddar deyildilər. XX əsrin humanist insanının qızıl balıqlarla necə davrandığını bilirsinizmi?
- Yox.
- Əclaf Maonun vaxtında “Mədəni inqilab” adı ilə nə qədər qızıl balığı köhnə adətlərinin qalığı kimi məhv elədilər. Dostum isə qəddar deyildi. O oğurladığı qızıl balıq üçün böyük bir akvarium almışdı. Mənə də tez-tez qızıl balıqdan danışırdı, deyirdi ki, balıq onu çox yaxşı başa düşür. Sən balığa nəsə danışırsan, o isə akvariumda üzdüyü yerdə birdən dayanır, o yana bu yana var-gəl eləməyə başlayır. Balıq ona öz atasını xatırladırdı. Uşaq vaxtı atasına nə isə danışanda əllərini arxasında tutub otaqda var-gəl edirdi. Balıq həm də dostumla danışırdı. Fikir vermisinizmi, bəzən onlar akvariumda sənə sarı dönüb ağızlarından hava buraxırlar. Bu çin heroqlifləri kimi bir şeydi, o hava qabarcıqlarının formaları fərqlidir, o fərqləri bildinsə, balığın dilini başa düşmüş sayılırsan. Bax, mənim dostum balıqla beləcə danışırdı.
Mən ağzından çin heroqlifləri çıxan qızıl balığı təsəvvür etməyə çalışdım, fikrim dağıldı.
- Üzr istəyirəm, az qalıb, lap az.
Mən gülümsündüm.
- Mən sizə söyləmişəmmi ki, dostum əyyaş idi? O vaxtlar nadir hallarda ayıq olurdu, ancaq “işə çıxdığı” günlərdə içmirdi. Bir gün yenə içib gecə evə gəlir. Səhər tezdən qapısı bərk döyülür. Dostum yuxudan ayılır, qapını açır. Qapını döyən 30 yaşlarında bir sarışın qadın olur. Adı deyəsən Məryəm idi. Aşağı mərtəbədə tək yaşayırdı. Deyəsən Bakı yəhudilərindən idi. Gənc yaşlarında dul qalmışdı. Dostum qapını açıb səhər tezdən şüvən salan qadının kim olduğunu bilmək istəyir. Qapı açılır. Dostumu düymələnməmiş yamaqlı xalatda, alt paltarında görən qadın çaşıb qalır. Bir neçə saniyə keçir. Məryəm asta səslə başa salmağa çalışır ki, dostum onun mətbəxinin tavanını su ilə batırıb. Dostum isə qeyri-ixtiyari geri çəkilir və Məryəmi içəri dəvət edir. İçəri keçərkən dostum fikir verir ki, akvarium yerində yoxdur. Daha sonra, ayağında ağrı, kəskin ağrı hiss edir və döşəməyə baxır. Akvarium çilik-çilik olmuşdu.
- Dəhşət! Bəs qızıl balıq?
- Onun ruhu çoxdan qızılbalıqların cənnətinin qapısını döyürdü.
- Yaxşı, bəs dostunuz nə etdi?
- Dostum dizi üstə çökdü, qızıl balığın cəsədini ovcuna aldı və uşaq kimi ağlamağa başladı. Əslində, burada qeyri-adi bir şey yox idi, valideyni, qardaşı, bacısı, dostu və sevgilisi olmayan birisinin həyatında olan yeganə canlıya bağlanması, məncə, hətta çox bayağıdır.
- Düzmü başa düşdüm? Deməli dostunuz gecə içib gəlib və akvariumu necə sındırdığından xəbəri belə olmayıb?
- Elədir ki, var. O balığı ovcunda tutub ağlayır və birdən bədəninə yayılan bir istilik hiss edir. Əvvəl düşünür ki, bu, dabanından axan qanın istisidir, amma sonra başa düşür ki, istiliyin mənbəyi onun başındadır. Məryəm onun ağladığını görüb özünü saxlaya bilməmiş, başını sığallamağa başlamışdı.
O saçaqlı pendirdən dişlədi, başını aşağı saldı, bir neçə saniyə bu vəziyyətdə donub qalandan sonra başını qaldırdı və sözlər soyuq təbəssümün donduğu dodaqlardan qar kimi yağmağa başladı:
- Məryəm. O gündən Məryəm dostumun həyatında qızıl balığı əvəz etdi. Məryəm çox ağıllı və səbrli bir qadın idi. Onlarınkı çox yaxşı tuturdu. Dostum inanırdı ki, Məryəm elə qızıl balıqdır. Nağıllarda hərdən heyvanlar insanlara çevrilirlər. Dostum inanırdı ki, qızıl balıq Məryəmə çevrilib. O mənə deyirdi ki, bu bir möcüzədir. Deyirdi ki, qızıl balıq onun arzusunu yerinə yetirib. Nağıllardakı kimi. Onlar düz yarım il xoşbəxt ailə kimi yaşadılar.
- Niyə belə az?
- Axı o əyyaş idi, Məryəmlə yaşamağa başladığı ilk aylarda o içkini atmışdı. Pivə belə içmirdi. Sonra psixoloji problemləri başladı. Məryəm yaxşı qadın idi. Dostum isə düşünürdü ki, Məryəm kişilərin ən yaxşısına layiqdir və əmin deyildi ki, ən yaxşı məhz özüdür. Buna görə də, dostum yenə içkiyə qurşandı. Onlar iki il əsl cəhənnəmdə yaşadılar. Günlərin bir günü isə Məryəm yoxa çıxdı. Ərşə çəkildi. Amma paltarları şkafda idi. Dostum aşağı düşdü, onun mənzilinin qapısını açıb içəri girdi. Məryəm orada da yox idi.
- Bəs o Məryəmi axtarmadımı?
- Bəs necə. Xeyri olmadı. Bir neçə ildən sonra dostumun ağlına fikir gəldi. O qızıl balıqlar alıb hər həftə bir akvariumu sındırırdı. Amma xeyri yox idi. Məryəm qayıtmadı. 57 qızıl balıq onun bu axmaqlığının güdazına getdi. Yox, o pis adam deyildi. Sadəcə, möcüzəyə inanırdı. Axı bir dəfə oldu, niyə də yenə olmasın?