“O yaşda insan dədəsini tanımır, Tacir deyir “Bayatı-Şiraz”ı mən yaratmışam” - Video

o-yasda-insan-dedesini-tanimir-tacir-deyir-bayati-sirazi-men-yaratmisam
Oxunma sayı: 11069

“Tacir Şahmalıoğlu deyir ki, “Bayatı-Şiraz”ı mən yaratmışam. O yaşda insan dədəsini, nənəsini tanımır, “Bayatı-Şiraz”ı necə yarada bilərsən? Oxumusan, çox sağ ol! Sənin kimi oxuyan olmaz, bunu mən sənə deyirəm! Bunu belə açıqlama səbəbi də var! O zaman insult keçirdim, xəstəxanada yatdım. Elə bilirdilər ki, öləcəyəm. Bu da düşündü ki, Murad müəllim daha həyatda olmayacaq, gedir... Ona görə televiziyaya elə müsahibə verdi”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Bayatı-Şiraz” muğamının improvizə müəllifi Murad Rzayev bildirib. “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri olan M. Rzayev “Bayatı-Şiraz” muğamının improvizəsindən danışıb, ilk ifaçısı Tacir Şahmalıoğluna təqdimat tarixçəsindən söhbət açıb:

“O zamanlar Ağdamdan Bakıya konsertlər vermək üçün gəlirdik. “Bayatı-Şiraz”ı oxumalı idik. Fikirləşdim ki, hər zaman eyni şey alınmasın, əlavələr etmək lazımdır. Muğam üzərində qurulan həmin improvizə hind musiqisinə bir az yaxındır. Çox insan deyə bilər ki, Azərbaycanın bir çox muğamı var, niyə hind musiqisi? Burada hind mahnısı dedikdə, yalnız improvizədən söhbət gedir. Yəni texnikasından! Əvvəl onu başqa birinə təqdim etdim ki, oxusun. “Qarabağ Bülbülləri” ansamblının üzvü idi. Oxuyandır, indi adını çəkmək istəmirəm. Sonra zümzümə etdi, gördüm ki, alınmır. Bir neçə dəfə təkrar etdik. Fikirləşdim ki, ifa etməyə çətinlik çəkir. Həm də, məni başa düşmədi, qəlbimə dəydi.

Tacir isə kənarda oturmuşdu. O mənə dedi ki, icazənizlə oxumaq istəyirəm. İfa etdi, gördüm ki, mənim fikirlərimə uyğun gəlir. Bundan sonra ona təklif elədim ki, bəlkə sən oxuyasan? Tacir bir neçə məşqdən sonra Heydər Əliyev Sarayındakı konsertdə oxudu. İli dəqiq deyə bilmərəm, təxminən 1976-77-ci illərdən danışıram. Uzun müddət keçib.  Konsertdən sonra yenə məşq etdik. Gördüm ki, əməlli başlı alınır. Bununla da həmin mahnını ifa etməyə başladı. Həmin vaxt Tacir balaca uşaq idi, hardasa 7-8 yaşı var idi. O vaxtlar məktəbləri gəzib istedadlı uşaqlar axtarırdım.

Əvvəl arzum olub ki, uşaqlardan ibarət ansambl yaradım. İmkan olmadı... Daha sonra Pioner və Məktəblər Evinə müdir təyin edildim. Adını da dəyişib Yaradıcılar Mərkəzi qoyduq. Yavaş-yavaş istedadlı uşaqları seçdim. 8 nömrəli məktəbdə də Taciri gördüm. Hələ bundan qabaq “Qarabağ Bülbülləri” ansamblıma gəlmişdi. Xəlil Rza Ulutürk hər zaman Ağdama gəlirdi. Mənə dedi ki, sən elə kiçik bir muğam improvizasiyandan böyük iş ortaya çıxarmısan! Ən yaddaqalandır. Respublikada nə tədbir keçirilsə, Tacirin ifasında “Bayatı- Şiraz” orada səslənir. İndi Əməkdar artist Elnur Zeynalov mükəmməl oxuyub. Ürəyimdən keçən inciləri səsləndirib. Tacir də gözəl oxuyub, amma Elnur dəqiqliyi ilə ifa edib. Bu, Qarabağın dərdi ilə bağlı bir əsər idi”. 

Murad Rzayev 50 illik fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən qiymətləndirilmədiyini düşünür. O, tələbələrinin müxtəlif fəxri adlara layiq görüldüyünü, özünün isə bu prosesdən kənarda qaldığını bildirib:

“Rəhmətlik Heydər Əliyev cənabları mənim hörmətimi saxlayırdı. Dövlət konsertlərindən sonra deyirdi ki, o qarabağlını bura çağırın. Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarovaya deyirdi kənara çəkilin, məni yanında otuzdururdu. Allah rəhmət eləsin, sənətə böyük qiymət verən insan idi. Heyf ki, bu improvizəni Heydər Əliyev eşitmədi. Eşitsəydi, Mədəniyyət Nazirliyi indi maraqlanardı ki, “Qarabağ bülbülləri” göydən gəlməyib ki? Niyə Xəlil Rza Ulutürk kimi bir insan mənə deyir ki, Azərbaycan xalqının mənəvi sərvətiyəm?! Bu mənəvi sərvəti saxlayan bir adam hələ də kirayə yaşayır. Amma tələbələrim evlərini, bağlarını reklam edir. Allah ondan da artıq etsin. Mən onlardan varlı, dövlətliyəm. Yetişdirdiyim tələbələr general, pedoqoq, müəllimdir. Kirayə yaşayıram, eybi yoxdur! Ömrümün sonunadək Azərbaycan xalqına xidmət edəcəyəm. 

Mədəniyyət Nazirliyindən çox incimişəm. Ona görə ki, dəfələrlə ora getmişəm. Hər şeyi gözəl bilirlər, amma nazirlə məni görüşdürmədilər. Müavinlərinə, işçilərinə dərdimi demişəm. Nə zülmlərlə “Kreml”ə konsertlərə getmişik. Uşaqlar ac qalmasın deyə quru çörək alırdıq. Çünki pulumuz yox idi. Yemək almağa gücümüz çatmırdı. Təsəvvürünüzə gətirin, elə bil ki, müharibə həyatıdır. Belə günlərimiz olub. Xaricdən gələn kimi uşaqlar Ağdamdakı evimdə yatırdı. Səhəri Bakıda konsertə çağırırdılar. İnanın, istirahətimiz olmurdu. Maraqlıdır, Mədəniyyət Nazirliyi bu günədək əməyimi qiymətləndirməyib. Düşünmürlər ki, hazırda Xalq, Əməkdar artist olan şəxslər necə ortaya çıxıb? Öz-özünə gəlməyib ki... Elə adamlar fəxri adlar alıb ki, mən utanıram. Bir topa məktubum var. Bilirəm ki, Prezident və Mehriban Əliyevaya çatmayıb. Mədəniyyət Nazirliyi deyir ki, növbəti adlar siyahısında sizin adınızı yadımızdan çıxarmayacağıq. Tələbələrimə Xalq artisti, müəllimə heç bir ad! Bunu mənim yubileyimdə də söylədilər. Ehtiyac da yoxdur! Mənim o kadrları yetişdirməyim, Azərbaycan xalqına xidmət etməyim fəxri adımdır. Nazirlik bir dəfə maraqlanmayıb ki, Murad Rzayev kimdir. Hamı sosial şəbəkələrdə yazır ki, Murad müəllim Şuşada görünmədi. Düzdür, səhhətimdə narahatlıq var. 50 ildir mədəniyyət sahəsindəyəm. Bu 50 ildə nazirlik demədi ki, bu ansamblı yaradan insanın fəxri adı niyə yoxdur? Tələbələrim hamısı idarə müdirləri, texnikom, ali məktəblərdə müəllimdir. Uşaq evindən götürüb saxladığım Teymur Əmrah Gəncə Filarmoniyasındadır. Onu saxlamışam, böyütmüşəm. Gəlib Bakıda ali məktəbə qəbul olub. İndi də məni yad edir. 

İnsanın zəhmətini qiymətləndirmək, ruhlandırmaq lazımdır. Konservatoriyanın 90 faiz müəllimləri mənim tələbələrim olub. İndi arada onlarla zəngləşirik”. 

M . Rzayev bir neçə gün əvvəl Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında “Bayatı-Şiraz”ı ifa edən Kənan Bayramlının çıxışından da bəhs edib. O, həmin festivala dəvət almadığını açıqlayıb:

“Kənan Bayramlı oxuyub, sağ olsun. Nə varsa, onu “kopirovka” edib. Bir arada hazırlasaydıq, daha yaxşı olardı. Bu da tarixə düşdü. Şuşa kimi şəhərin geri qaytarılması mühüm hadisədir. Ora Qarabağın papağıdır. Möhtərəm Prezident geri aldı. Burada çox şey deyə bilərəm. Azərbaycan xalqının bütün qeyrəti, namusu geri qayıtdı. İstərdim ki, ölməmişdən əvvəl bir dəfə də olsa ora gedim. Uşaqlığım orada keçib. 

“Xarıbülbül” festivalına dəvəti Mədəniyyət Nazirliyi etməli idi. Orada olmalı idim. Bəlkə də yaddan çıxmışıq, eybi olmaz. Özümüz olmasaq da, çəkdiyim əziyyət orada idi. Elə bil özüm Şuşada idim. Hökumətin məlumatı yoxdur, bununla Mədəniyyət Nazirliyi maraqlanmalı idi. Döyüş gedə-gedə əsgərlərə konsert verirdim. Güllələr altında çıxış edirdik. İndi torpaqlar alındı, nə oldu ki, biz orada olmadıq?

Bir neçə il İsmayıllıda yaşadım. Orada bir tədbir keçirildi. O tədbirdən sonra icra başçısı Vaqif Rəhimov mənə ev hədiyyə etdi. Dedi ki, qaçqın kimi yaşamayım, orada yaşayım. Pis, yaxşı! Evdir də. Məmməd Araz, Zəlimxan Yaqub, Xəlilrza Ulutürk məni bildi, nazirlik bilmədi. Qazandığım maaşlarım ancaq yazdığım teleqramalara gedirdi. Adlar hamıya verildi. Mənim tələbələrimin tələbəsinə də ad verildi, amma mənə yox...” 

Elvin Elxan

Fotolar, video: Pərvin Zeynal