“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram”

oglumu-bicaqlayan-usagin-ailesini-taniyiram
Oxunma sayı: 3787

“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.

Bunu “Qafqazinfo”ya ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib.

O, hadisənin səbəbini bilmədiyini deyib: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm.

Oğlum dedi ki, ata, məni qırağa - öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi...”

R.Bəşirov 4 övladı olduğunu, kommunal idarədə işlədiyini qeyd edib.

***

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov açıqlamasında xəstənin vəziyyətinin orta-ağır olduğunu açıqlayıb: “Uşağın bədəninin müxtəlif nahiyələrində çoxsaylı - 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qanitirmə müşahidə olunurdu. Təcili olaraq əməliyyat blokuna götürüldü. Bütün yaralar cərrahi işləndi. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda ümumi vəziyyəti orta-ağır qiymətləndirilir”.

Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Ziya Əmirxanlı