“Oğrulardan biri öz oğlum idi...” - İş adamı pulunu axtarır

ogrulardan-biri-oz-oglum-idi-
Oxunma sayı: 4892

“Oğrulardan biri öz oğlum idi, əlimlə polisə təhvil vermişəm. Burada tək istədiyim hər şeyin şəffaf şəkildə həyata keçirilməsidir”. 

Ötən ilin may ayında evindən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlanan Göyçay şəhər sakini İlqar Ömərov “Qafqazinfo”ya müraciət edib. Şikayətçi “Qafqazinfo”ya bildirib ki, oğurluq hadisəsinin üstündən 8 ay keçməsinə baxayaraq, hələ də pul ona tam şəkildə qaytarılmayıb: “Mənim şikayətim əsasında Göyçay RPŞ-si əməliyyat-axtarış tədbirləri aparıb və nəticədə oğurluq prosesində iştirak edən oğlum Namiq Ömərov daxil olmaqla 3 nəfər həbs olundu.

Seyfdə 139 300 dollar, 21 800 manat, təxminən 800 qrama yaxın qızıl-ziynət əşyaları və 21 ədəd özəlləşmə çeki olub. İstintaq prosesində isə 91 260 dollar, 560 manat, qızıl-ziynət əşyaları və 21 (iyirmi bir) ədəd özəlləşmə çeki tapılaraq mənə verilib. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq qalan pul vəsaiti tapılmayıb.

Şikayətçi bildirib ki, həbs olunanların verdiyi ifadəyə görə onlar seyfi yararaq bütün pul, qızıl və özəlləşmə çeklərini gotürüb. Sonra üçü bir yerdə seyfi aparıb Şirvan su kanalına atıb. Qayıdandan sonra pulu, qızılı və özəlləşmə çeklərini Teymur Həsənov, 40 manatı Namiq Ömərov, 250 manatı isə Seymur Quliyev götürüb. Teymur Həsənov sonradan Namiqə 60 manat dəyərində bir telefon alıb.

Qalan bütün əldə olunmuş pul və qızıl-ziynət əşyaları Teymur Həsənovda olub. Teymur Həsənov hadisədən 4 ay əvvəl bu oğurluq hadisəsini həyata keçirtməsi üçün oğlum Namiqə pisixi təsir göstərib. Sonradan oğlumu öz evindən oğurluq etməyə məcbur ediblər. Deyiblər ki, atan bilsə də səndən şikayət etməz.
İstintaq müddətində bölmə rəisi Zaur Nəsirov məni ümüdvar etdi ki, narahat olma, sənin pulun tapılıb, veriləcək. Teymur Həsənovun ailəsi pulu vermək istəyir. Onlar istintaqın bitməsini gözləyirlər. İstintaq bitdi, lakin pul ödənilmədi. Ailə onlarda pulun olmadığını iddia edir”.

İ. Ömərov polis şöbəsinə müraciət etdiyi zaman ona işin məhkəməyə qaldığı bildirilib: “İstintaq işinin 8 ay müddətinə qədər uzadılmasına baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Belə getsə, tezliklə mənə məxsus olan mağazanı maddi vəziyyətimin pis olması səbəbilə bağlamalı olacam. Hələ də 48 040 dollar və 21 240 manatın kimlərdə olduğu məlum deyil. Dekabrın 25-də iş məhkəməyə göndərilib və bu ay ilk məhkəmə prosesi olacaq. Xahiş edirəm ki, qalan pullar hüquq mühafizə orqanlarının iştirakı ilə tapılıb mənə verilsin. Mediaya müraciətimin əsas səbəbi də məsələni ictimailəşdirməklə prosesin tezləşdirilməsinə nail olmaqdır”.

Günel Hacı