“Ölkə Prezidenti Ermənistana növbəti mesajlarını çatdırdı”

olke-prezidenti-ermenistana-novbeti-mesajlarini-catdirdi
Oxunma sayı: 1147

“Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi artıq ənənə halını alıb. Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı”, - deyə deputat vurğulayıb.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir: “Bu baxımdan cənab İlham Əliyevin Forumdakı çıxışı da biri-birindən mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, postmünaqişə dövrünün reallıqları barədə Forum iştirakçılarına geniş məlumat verən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.

Millət vəkili diqqəti bu ilin may ayında ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransa yönəldərək həmin tədbirdən ötən qısa müddət ərzində Azərbaycanın yazdığı növbəti Zəfər səhifəsi ilə  yenidən dünyanın diqqətində olmasını böyük qürur hissi ilə qeyd edib: “Forum iştirakçıları  işğaldan azad edilmiş Zəngilan rayonunda olaraq burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldular. Şərqi Zəngəzurun hava qapısının Zəngilandan dünyaya açılması bərpa işlərinin nə dərəcədə böyük sürətlə həyata keçirildiyini nümayiş etdirir. Ağalı kəndi qısa müddətdə ilk “ağıllı kənd” olaraq bərpa edildi və sakinlərinə qovuşdu. Forumda ölkəmizin həyata keçirdiyi bərpa işləri yüksək dəyərləndirildi. ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza keçirdiyi xoş hissləri “Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq” fikirləri ilə ifadə etdi”.

Malik Həsənov hazırkı dövrün əsas çağırışlarından olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını önə çəkərək Ermənistanın Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu qeyd edib.