3 il öncə dünyasını dəyişmiş birinə Facebook dostları təbrik yazmışdı. Vəfat etmiş adama uzun ömür, can sağlığı, uğurlar və s. arzulayırdılar. Ölən də az-çox tanınan biriydi, ona uzun ömür arzulayanlar da...
Bayağı, qeyri-səmimi təbriklərdən uzaqda tənha bir məzar göründü gözlərimə. Baş daşından boylanan şəkli hüznlüydü. İnsanların bu qədər laqeyd, etinasız, saxta hisslərlə yaşamasını düşünürdü. Ölməməliydi. Vaxtında o adamları dost siyahısından silməliydi...
“Əşi, Feysbukdu də” deyib keçməyək. Ora cəmiyyətin aynasıdı. Bu saxta adamlarla hər gün, yaxud tez-tez rastlaşırıq. Məclislərimizdə başda otururlar; dost bilib sirrimizi paylaşırıq; çörək kəsirik onlarla...
Qocalar evinin sakinləri azalmır. Uşaq evlərindəki körpələr böyüyür, həyatın qoynuna atılırlar. Yeni sakinlər gəlir onların yerinə... Alışdığmız kimi- “Uşaq evi” olaraq qalır o evlər.
BOMJ-larla, bədbəxt dilənçilərlə rastlaşırıq tez-tez. Uzaq durmağa çalışırıq onlardan. Nə bilirik onların Qorio ata, Fantina ana olmadığını, Herstvud kimi sevgi qurbanına çevrilmədiyini?
Siyahını istədiyimiz qədər uzada bilərik.
Onlardan qaçmağa, irənməyə vaxt tapa bilirik. Fəqət... Niyə bu hala düşdüklərini düşünmək üçün zamanımıza heyfimiz gəlir.
Laqeydlik dənizində boğulan talesizlərdi onlar. O dənizi yaradan da bizik, orda boğulanlar da...
İnsanların bir-birinə münasibəti necə saxtadısa, arzuları, diləkləri də o cürdü...
***
Bir kişi evində tək qalıb ölmüşdü. Bir müddət keçəndən sonra qonşular aşkarlamışdı meyiti. Məlum olmuşdu ki, mərhumun bacısı, qardaşı, arvadı, övladları ola-ola evdə tək-tənha ölüb. Cənazəsi üstündə ağlaşırdı doğmaları... Laqeydliyin bundan o yanası varmı?
***
“Yalquzaq”da (H. Hesse) Hermine deyir: “Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz.”
Bütün yanlışlarımızn kökü burdan başlayır-saxtakarlıqdan...
Son xəbərlər
Son Xəbərlər