“Bu təcrübədən çox şey götürəcəklər” - Nazir

bu-tecrubeden-cox-sey-goturecekler
Oxunma sayı: 429

“Azərbaycanda keçirilən bu forum nümunəvi və beynəlxalq tədbir kimi yaddaşlarda qalacaq”.

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən Beynəlxalq Şəhərsalma Forumu ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

O bildirib ki, müasir şəhərsalma strategiyaları, mədəniyyəti, nümunələri və mədəni irsin qorunması çox geniş müzakirəyə səbəb olur:

“Burada çox maraqlı mövzular fəal şəkildə həm xarici, həm daxili akademik təsisatların, beynəlxalq təşkilatların, mütəxəssislərin iştirakı ilə müzakirə olunur.

Bugünkü sessiyamızda məhz işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan təcrübəsi müzakirə olunub. Beynəlxalq platforma çərçivəsində, xarici tərəfdaşlarla birlikdə Azərbaycanın tətbiq etdiyi yanaşmanın pozitiv model kimi dünyada təbliği siyasi baxımdan ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edə bilər. SECURE – Dayanıqlı və Güclü Mədəni Canlanma modelidir və zamanla Azərbaycanın uğur hekayəsini bütün dünyada tanınan və öyrənilən model kimi tanıtmağı hədəfləyir. Bunlar beynəlxalq təşkilatlardır və onların iştirakı ilə bu gün çox maraqlı bir müzakirə həyata keçirildi.

Düşünürük ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycanda şəhərsalma mədəniyyəti və mədəni irsin qorunması, onun bərpa təcrübəsi dünya üçün də maraqlı nümunə olacaq. Mübadilə çərçivəsində dünyada bu sahə ilə məşğul olan və maraqlanan insanlar təcrübəmizdən çox şey götürəcəklər”. 

Lamiyə Məmmədova

Foto: Xəyal Vəlizadə