“Onları tarakan kimi əzərəm” – Əli Məsimli + Müsahibə

onlari-tarakan-kimi-ezerem-eli-mesimli-musahibe-
Oxunma sayı: 698

Azərbaycan Milli Məclisinin üzvü, sabiq baş nazir Əli Məsimlinin “Qafqazinfo”ya müsahibəsi:

- Əli bəy, söhbətimizə iqtisadi proseslərlə başlamaq istəyirəm. İqtidar ölkənin iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayır. Müstəqil ekspertlər isə xalqın yaşayış səviyyəsinin aşağı olduğunu bildirirlər. Bu ziddiyyət nədən yaranıb?
- Biz dünya və MDB iqtisadiyyatını təhlil edən qurumların gəldiyi nəticəyə baxsaq görərik ki, 2001-2011-ci illər ərzində dünyada ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. İkinci Çin, sonra Qazaxıstandır. Bu inkişafın nəticəsində Azərbaycanda adambaşına ÜDM, valyutanın alıcılıq qabiliyyətininn məzənnəsi paritet üzrə 11 min dollara çatıb. 11 min dollar zəif inkişaf etmiş ölkələrlə müqayisədə yaxşı rəqəmdir. MDB ölkələri ilə müqayisə etdikdə isə biz Rusiya və Qazaxıstandan geridəyik. Yerdə qalan ölkələri isə ötmüşük. Sosial göstəricilərə görə isə Rusiya, Qazaxıstan, Belarusiyadan geri qalırıq. Söhbət əməkhaqqıdan gedir. Bu baxımdan Azərbaycanın potenisalı ilə müqayisədə onun sosial göstəriciləri qənaətbəxş deyil. İnkişafla əldə olunan nəticələr Azərbaycanın potensialına tam adekvat deyil. Bu qədər potensialla 9 milyonu yox, bundan iki, üç dəfə əhalini normal dolandırmaq olar.

- Əhalinin normal dolanışığına nail olmağa nələr və kimlər mane olur ?
- Buna mane olan məsələlərin obyektiv və subyektiv tərəfləri var. Obyektiv tərəfi ondan ibarətdir ki, Azərbaycan cəmi 20 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyinə real məzmun vermək istiqamətində hələ ilk addımlarını atır. İkinci məsələ isə Azərbaycan cəmiyyətində təbəqələşmənin həddindən artıq ifrat xarakter daşımasıdır. Azərbaycanda heç kim bilmir ki, orta təbəqənin sayı nə qədərdir. Rəsmi statistika yoxsulu 6 faiz göstərsə də, buna onu deyəndən başqa heç kəs inanan deyil. Əhalinin xeyli hissəsi öz güzəranından narazıdır. İEÖ-də yoxsulluğun səviyyəsi 10 faizdən yuxarıdır. Halbuki yoxsulluğu ölçən göstəricini biz hansısa simvolik rəqəmlə götürəndə, onlar doğrudan da bizim orta əməkhaqqımızdan yüksək rəqəm göstərirlər. Bu vəziyyəti yumşaltmaqdan ötrü cəmiyyət həyatının bütün tərəflərində demokratik islahatlar getməlidir.

- Ölkədə demək olar ki, qeyri-neft sektorunun inkişafı aşağı səviyyəsindədir. Olan şirkətlər də xarici şirkətlərdir. Bu da iqtisadiyyatda azad rəqabət mühitinin yaranmasına imkan vermir. Sizcə hökumət bu sektorun inkişafında nə üçün maraqlı deyil?
- Azərbaycanda bir qayda olaraq neft sənayəsi lokomotiv rolunu oynayıb. Neft sənayəsi 90-ci illərdə, hələ Azərbaycan müstəqillik qazanmamışdan qabaq ÜDM-da və yaxud sənayədə 10 faizdən artıq deyildi. Sonra bu həddən artıq çoxalaraq bəzən 70-80 faizə çatdı. İndi isə ÜDM-nın təqribən yarısını təşkil edir. İnvestisiyaların böyük hissəsi də bu sektora yatırılıdığına görə müstəqillik illərində sürətlə inkişaf etdi. İndi o proses başlayıb ki, neftdən gələn gəlir qeyri-neft sektoruna qoyulsun. İndi də möcuzəvi bir düymə yoxdur ki, onu basan kimi problem həll olsun. Hökumət gecikib. Neftdən kənar sahənin sadəcə kəmiyyət etibarilə deyil, keyfiyyət rəqabət qabiliyyətli məhsul istehsalı baxımından inkişafı çox önəmlidir. Bizim ixracımızın 90 faizdən çoxu neft və neft məhsulları təşkil edir. Qalan məhsullar 1 ya 1,2 faiz təşkil edir ki, bundan da uzağa getmək mümkün deyil. Həmin sahələr də inkişaf etməlidir ki, biz xarici bazara çıxa bilək. Neft azalan zaman oradan gələn valyutanı qeyri-neft sektorunda ixraca yatırmaqla kompensasiyaya edə bilək ki, gəlirlərimiz də lazımi səviyyədə olsun.

- Bir sıra xarici və yerli ekspertlər Azərbaycan neftinin tükənməsi bağlı öz proqnozlarını irəli sürürlər. Sizin proqnozunuz necədir?
- Azərbaycanda hazırda 5 milyard tona qədər potensial neft, 5 trilyon kvametr isə qaz var. İndi də istehsal etdiyimiz səviyyəni götürsək, Azərbaycanda yaxın 10 ildə neftin tükənməsindən söhbət gedə bilməz. Müqavilə bağlanılan yataqlarda neft hasilatı pik nöqtəsinə çatandan sonra aşağıya doğru gedəcək. Məsələn, “Əsrin müqaviləsi” adlanan müqavilə açıq göstərdi ki bu ilin birinci rübündə 4 faiz enmə oldu. Bu da təbii haldır. Müqavilə 30 ildirsə, həmin 30 ilin 2010-cu ilinə qədər dövründə artan xəttlə getməli idi. 2011-ci ildən isə artım yavaşımalı idi. Birdən bizdə elə oldu ki, kəskin sürətdə aşağı düşməyə başladı və bu da iqtisadiyyatda makroiqtisadi sabitliyi poza bilər. Onu da bərpa etmək üçün bizə 8-10 il vaxt lazımdır. Zərbə də Azərbaycan cəmiyyətinə dəyəcək. “Bp” məsələsi qalxanda mən dəfələrlə çıxışlarımda buna toxunmuşam. Amma bəzən görürdüm ki, ağzıgöyçəklər başa düşmürdülər ki, mən Azərbaycn xalqının maraqlarını güdürəm.

- Yalnız sizin timsalınızda deyil, bütöv hökumət bunun üzərində düşünməlidir. Neft bitdisə, Azərbaycan xalqı nə ilə dolanacaq? Çox ciddi problemdir...
- Təbii. Mən həmişə deyirəm ki, postneft dövrünə hazırlaşmaq lazımdır. Bu termini yalnız Azərbaycan hökuməti Ümumdünya İqtisadi Forumu Bakıda keçiriləndən sonra birtəhər anlamağa başladı. Savad o dərəcə deyil ki, anlasınlar ki, postneft anlayışı neftin qurtarması demək deyil. Sadəcə, neftin dominant rol oynamasının arxa plana keçməsidir. Kimsə özünün cibindən qorxur, postneft sözünü eşidən kimi onu elə bil ki elektrik cərəyanı vurur. Mənim neçə dəfə bu sözümü eşidəndə rəng verib rəng alanlar var. Təbii ki, mənə qarşı çıxış edə bilməzlər. Onları tarakan kimi əzərəm. Kim dövlətin, cəmiyyətin, biznesin və innovasiyaların optimal nisbətinə nail olubsa, o bilavasitə demokratik islahatlar apararaq Norveçə çevrilib. Adambaşına 55 min dollar ÜDM istehsal edir. Hansı ölkə ki bu yolla getməyibsə, çevrilib Nigeriya olub. Adambaşına 2700 dollarlıq məhsul istehsal edir. Əgər biz istəyiriksə ki həqiqi mənada Azərbaycan əhalinin güzəranını fikirdə, sözdə deyil, işdə yaxşılaşdıraq, sivil cəmiyyətə məxsus olan 10 faiz varlı, 10 faiz kasıb, 80 faiz orta təbəqə olsun. O 80 faiz lokomotiv rolunu oynayıb, həmişə cəmiyyəti tərəqiyyə aparacaq. O zaman biz neft pullarını qeyri-neft sektorun elə qoymalıyıq ki, onun bəhrəsi ilə yanaşı, neftin azalması ilə birgə valyuta azalmasına, iqtisadiyyatın inkişafına müsbət təkan verən qüvvəyə çevrilsin. Məsələn, 500 milyon kənd təsərrüfatına, 250 milyon ekoloji vəziyyətin yaxşılaşmasına sərf etsək, 750 milyon ildə kiminsə cibinə yox, kənd təsərrüfatına yönəlsə 5-6 ildən sonra orta hesabla hər il 8-10 faiz artıma nail ola bilərik. İkinci İKT sahəsində həmin nazirliyə bundan da artıq dəstək verilsə, bu sahədən biz milyardlarla əlavə vəsait götürərik. Tez və fayda verən rəqabət qabiliyyətli məhsullar istehsal edə bilərik.

- Belə çıxır ki, o qüvvələr ciblərinin boşalmasından narahatdırlar?
- Sadəcə proseslərdə ehtiyatlılıq özünü göstərir. Həmin sahənin inkişafı ilə proseslərə kompleks yanaşma yoxdur. O tip çağırışlarla bunlara nəsə etmək mümkün deyil. Başqa variant odur ki, istehsala qoyulan hər manatın gətirdiyi gəlir ticarətə qoyulan hər manatın gətirdiyi gəlirdən çox asandır. Onda həmin adamlar başlayacaqlar ticarətlə məşğul olmağa. İndi elə situasiyadır ki, heç nə eləmədən 1 faizlə qiymət qaldırmaqla 150-160 milyon manat əlavə pul qazanırlar. Bununla da xalqın cibinə girmiş olurlar. Belə komfortlu bir şəraitdə özünə əziyyət verib istehsalla məşğul olmaq istəmirlər. Nəzarət mühiti olmadığına görə Azərbaycan keyfiyyətsiz malların satış poliqonuna çevrilib. Bu hər hansı məbləğdə cərimə yox, cinayətdir. Xüsüsən də aztəminatlı, onsuz da pis yaşayan əhalinin birbaşa cibinə girməklə həm keyfiyyətsiz mallarla zəhərləyirlər, həm də ildə 150 milyon manatlıq cibinə girmiş olurlar. 2013- cü ilin birinci rübünün nəticəsinə görə 1, 3 faiz inflyasiya olub. Onun 0, 3 faizi real, 1 faizi isə süni inflyasiyadır. Həmin 1 faizlə əhalinin cibinə giriblər. İndi hər rübdə bircə faiz süni qiymət artırdıqda 600 milyondan çox əhalinin cibinə girmiş olurlar. Bunun qarşısını almaq üçün qanunla sərt tədbir görülməli və bu nəzarətsizliyin özünə də nəzarət etmək lazımdır. Biz getdik. Amma uşaqların sağlamılığı necə olsun? Vücudu bir qəpiyə dəyməyən adamlar özünün cibi naminə uşaqları zəhərləməklə məşğuldur.

- Bu günlərdə dünya mediasının aparıcı mövzusu olan offşor zona məsələsində Azərbaycanın adının xüsusi hallanmasına səbəb nədir?
- Offşor zonalar biznesin inkişafı üçün əhəmiyyətli amildir. Amma son 40 ilin nəticəsinə baxdıqda görürsən ki, mal dünyada 4 dəfə, pul isə 40 dəfə artıb. Bu hansısa süni yolla ola bilər. Bu da dünya iqtisadiyyatında disbalans , hələ də Avropanın çıxa bilmədiyi böhran yaradıb. Nə qədər edirlərsə, pozitiv nəticəyə sahib ola bilməmələrinin iki səbəbi varsa, biri offşordur. Bu da acgözlüklə bağlıdır. Bu yolla pullar yığılır və iqtisadiyyatda ciddi kataklizmlər yaradırlar. Orda tək Azərbaycanın yox, başqa ölkələrin də adının hallanmasında qeyri-adi nəsə görünmür. Ona görə ki postsovet məkanı vəhşi kapitalizm mərhələsinə keçir. Orda da Karl Marks deyir ki, mənfəət 300 faizə çatanda o mənfəəti götürən hərislik ona gətirib çıxarır ki, bəşər tarixində indiyə qədər nə dəyərlər varsa, onu tapdalamağa hazırdır.

- Ümumiyyətlətlə, azərbaycanlı bu və ya digər məmur nə qədər gəlir əldə edir ki, bu qədər pullar xaricə çıxır?
- Korrupsiyaya qarşı mübarizədə Sinqapur yolu da var, Malayziya yolu da. Biri həbs etməklə, cəzalandırmaqla məsələnin tərəfdarıdır, digəri isə maaşların artırılması yolu ilə. İkisi də effekt verir. Bunu fikirdə, sözdə imitasiya yolu ilə etmək yox, reallaşdırmaq lazımdır. Maaşlar artanda da onu məsuliyyyətinin artırılması istiqamətində nəzarət sistemi qurulmalıdır. Bəlkə də birinci tutulan zaman onun üzərində yumşaq qanunları tətbiq etmək olar. Vəzifəni aşağı salırlar və.s. Amma ikinci dəfə olduqda onu birdəfəlik işlədiyi sistemdən silib atmaq lazımdır.

- İndiki məqamda cəmiyyətin üzərinə hansı vəzifə düşür?
- Xalq konstutisiyada nəzərdə tutulan hüquqlarını müdafiə etməlidir. Hər şey cəmiyyətin müqavimət qabiliyyətindən asılıdır. Əgər Avropa cəımiyyətinin müqavimət qabiliyyəti olmasa, demokratiyanın atası hesab olunan insanlar post sovet məkanından da pis idarəetmə sistemlərini tətbiq edərdilər. Qorxurlar. Çünki cəmiyyət onların ciyərini çıxardar. İqtisadi biliklər artırılmalıdır. İKT sahəsi inkişaf etməkdədir. Mən məsələn, özüm facebookda maraqlı bir məsələ atıram. Baxıb görürəm ki, hansısa bir çılpaq şəkildən yüz dəfə az tərəfdar tapdı. Ona görə də cəmiyyət hələlik bu cür aktual məsələlərin həll edilməsində az maraqlıdır. Az maraqlı olanda da kimsə mənim əvəzimə edəcək məsələsi əsrlərlə davam edib, belə getsə bu cür də davam edəcək.

- Bu il ölkədə prezident seçkiləri ilidir. Bəs bu kontekstdə cəmiyyətin siyasi fəallağı necədir?
- Əvvəlki seçkilərlə müqayisə etsək, bu il seçkilərə hazırlıq prosesi tez başlayıb. Müəyyən dərəcədə siyasi qüvvələrdə və cəmiyyətdə canlanma var. Amma hesab edirəm ki, bu yetərli səviyyədə deyil.

- Siz vaxtilə Xalq Cəbhəsinin rəhbər strukturlarında çalışmış insansız. O vaxtkı cəbhə ilə indiki cəbhə arasında ziddiyyət görürsünüzmü?
- Xalq Cəbhəsi bilavasitə milli azadlıq və demokratik hərəkatın önündə gedib. Azərbaycanın müstəqilliyinə nail olan bir qurumdur. Mən də fəxr edirəm ki, Xalq Cəbhəsinin üzvü olmuşam. Gedib kolda gizlənib, milyonlar qazananlar indi mənim bu fikrimə ağzını əyir. Əyməkdə də davam etsinlər. Amma bu məsələ elə idi ki, onu urvatsız hala salmadan vaxtında öz funksiyasını yerinə yetirdikdən sonra onun şinelindən çıxan partiyalar vasitəsilə iş davam etdirilməli idi. Azərbaycanda da başqa cür ola bilməzdi. Xalq Cəbhəsi adı qalan partiyalar da oldu, amma AMİP, Müsavat, sosial demokratların özləri də cəbhənin bilavasitə yaradıcıları olmuşlar. Mən arzulayardım ki, bu partiyalar özlərinin harada başladığı məsuliyyətini dərk edib münasibətlərini sağlam rəqabətin üzərində qursunlar.

- Aydındır ki, o vaxt cəbhənin yaranmasında xalqın rolu əsas olub. Düzdür, liderin də rolu əvəzsizdir. Amma sonra dan cəbhə partiyalar səviyyəsinə, partiyalar da bir neçə partiyalar səviyyəsinə bölündü. Hətta onların içərisindən hakimiyyətin tərəfinə keçənlər də oldu. Sizcə, cəbhənin idealogiyası buna imkan verirdimi?
- Siyasi xətdə sağlıq, solluq, mərkəzçilik var. Xalq Cəbhəsinin bunların hansının içinə daxil olduğunu brimənalı demək qeyri-mümkündür. Ona görə ki o xalqın cəbhəsi olduğuna görə orada hər üç qüvvə var idi. Beləliklə, ilk mərhələdə xalq cəbhəsi parçalanda sağçılar, solçular mərkəzçilər çıxan zaman özlərinin partiyalarını yaratdılar. Ona görə də hansı mövqedə olan bir partiyanı təmsil edir demək çətin məqamdır. Kimlərin bilavasitə kimlərləsə işbirliyi alındısa onlarla əməkdaşlıq etməyə başladılar. İşbirliyi alınmayanlar isə ya mərkəzçi formada müxalifətdədirlər, ya da qatı müxalifətdədirlər.

- Demək olarmı ki, bəziləri elə o vaxt da mənfəət güdürdülər. İndi də mənfəət güddükləri üçün mövcud tərəfdə təmsil olunurlar...
- Siyasətdə çox vaxt boyna alınmasa da maraqlar əhəmiyyətli rol oynayır. Çörçillin dediyi kimi, siyasətdə daimi dostlar yox, daimi maraqlar var. Məsələn, mən indi ad çəkmədən deyəcəm. Xalq Cəbhəsi iki yerə parçalananda məşhur ifadələr var idi ki, əgər Müsavat islahatçıları müdafiə etsə, biz klassikləri müdafiə edəcəyik və ya əksinə. Şahmat taxtası üzərində oyun necə gedirsə, siyasətçilər də öz maraqlarına uyğun oyun oynayırlar.

- Bəs sizin o zamankı fəaliyyətiniz ilə bu günki fəaliyyətiniz necə təsir bağışlayır?
- Mən açığını deyim ki, Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Xalq Cəbhəsinin partiyaya çevrilməsində kənarda qala bilməzdim. Amma daxilən onu heç vaxt qəbul etməmişəm. Elçibəy nə qədər sağ idisə, mən ona inanırdım və Xalq Cəbhəsində idim. Elçibəy dünyasını dəyişəndən sonra təbii ki, mən orda qala bilməzdim. Elə də hərəkət etdim. Müstəqil fəaliyyət göstərməyə başladıq. Hesab edirəm ki, bu düzgün addımdır.

- Kimlərə inanmırdınız?
- Mən Allah və özümdən başqa ümumiyyətlə heç kimə inanmıram.

- İndiki cəbhənin fəaliyyəti qənaətbəxşdirmi?
- Mən o təşkilatlarda fəaliyyət göstərdiyimə görə, onlar haqqında ad günlərində təbrikdən başqa bir söz işlətmirəm.

- İndiki halda əsas məsələ aparıcı müxalifətlə birgə birliyə nail olmaqdır. Amma hələ də o cəbhənin idealogiyasından çıxmış qüvvələr buna nail ola bilmir...
- Cəbhənin idealogiyasını daşıyan adamlar müxtəlif baxışlı adamlar idi. Bunun onurğa sümüyünü Azərbaycanın müstəqilliyi təşkil edirdi. Azərbaycanın müstəqilliyinə nail olan zaman bir yerdə idilər, amma o müstəqilliyə real məzmun verən zaman fikirlər haçalandı. Kim necə istəyirsə , özünə partiya yaratdı. Amma ümummilli məsələlərdə müxalifət iqtidar məsələsinin olmaması mənim xoşuma gəlir. Qalan məsələlərdə siyasi diskusiyanın olmasını təbii qəbul edirəm. Müxtəlif fkirli adamların bir araya yığılması nəticəsində uzunmüdətli birlik mümkün deyil. Çünki mənafə birliyi olmayan yerdə məqsəd birliyi, məqsəd birliyi olmayan yerdə isə hərəkat birliyi ola bilməz. Bu olmadıqda qoyduğun məqsədə nail olmaq qeyri-mümkündür. Azərbaycanda bu parçalanmanı təbii qəbul edirəm. Seçkiyə yaxın dövrdə isə birliyə nail olmaq nə özlərinə, nə də cəmiyyətə lazım deyil. Artıq bunu qatar gedəndən sonra atılan addım kimi qiymətləndirmək olar.

- Bu situasiyanı Elçibəyin mövcud xəttini davam etdirə bilməmək kimi dəyərləndirmək olarmı?
- Mənim ona çox böyük hörmətim var idi. Bəlkə tək-tük adamlardan biriyəm ki, yalnız stol arxasında oturanda nələrisə müzakirə etmişik. Heç vaxt üzünə gülüb mətbuatda arxasınca danışan adamlar olmamışıq. Söhbət ideyadan getməlidir. Həmin ideyanın daşıyıcıları həm psixoloji, intellektual, dövlətçilik təfəkkürü, bilavasitə siyasi liderə xas olan keyfiyyətlər baxımından ona hazır olmalıdır. Azərbaycanda Elçibəy səviyyəsində adam görmürəm. Ona görə də heç kimi təhqir, tənqid etmək niyyətim yoxdur.

-Sizcə, müxalifət bu il ölkədə hakimiyyət dəyişikliyinə nail ola bilərmi?
- Yox, ümumiyyətlə heç yanından da keçə bilməyəcək. Çünki hakimiyyət dəyişikliyinə nail olmağın özünün şərtləri var. O şərtlər həllini tapmasa, hakimiyyət dəyişikliyinə nail olma qeyri-mümkündür.

- Hansı şərtlərdir?
- Birinci, cəmiyyəti özünün arxanca aparmağı bacarmalısan. Bunu bacarmaq üçün inandıra bilməlisən. Hakimiyyətdən daha cəzbedici şüarlar irəli sürməyi bacarmalısan. Əhalinin böyük əksəriyyətinin sənə tərəf çıxmağı üçün yetərli səviyyədə proqramın olmalıdır. Kifayət qədər maliyyən və beynəlxalq dəstəyin olmalıdır. Xalq bu gün hökumətdən də, müxalifətdən də narazıdır. Amma həmin qüvvələrə sahib çıxmaq üçün sadaladığım amillər olmalıdır.

- Həmin xalqı arxanca aparmaq üçün onunla təmasda olmalısan. Hakimiyyət xalqla təmasda olmağa imkan vermirsə, alternativ hansı yollar axtarılmalıdır?
- Əgər cəzbedci şüarlarla və güclü proqram ortaya qoyursansa, bunu iki amillə həm İKT vasitəsilə, həm də seçki müddətində həll etmək olar. Həm də bütün dünyada hansı ölkədə seçkidən qabaq gedib xalqla görüşürlər ki. Qanunla qəbul edilmiş seçki dövründə buna nail omaq mümkündür. Potensial varsa, onu reallaşdırmaq lazımdır.

- Son olaraq bu il seçkilərlə bağlı proqnozlarınız nədir?
- Mənim proqnozum ondan ibarətdir ki, heç nə dəyişməyəcək, hər şey əvvəlki kimi olacaq. Sadəcə Azərbaycana xarici təzyiqlər artacaq. İçəridə lokal xarakterli hadisələr baş verə bilər. Narazılıqlarla Bakıda lokal xarakterli proseslər gedə bilər. Rusiya, İran, Qərb öz oyununu oynayacaq. Ayrılıqda götürdükdə isə nə İranın, nə Rusiyanın, nə də Qərbin elə bir gücü yoxdur ki, Azərbaycanda da ərəb ölkələrində olduğu kimi hakimiyyət dəyişikliyinə nail olsunlar. Elə bir proses gedəndə Azərbaycanda sabitsizliyin qarşısını almaq qeyri-mümkün olduğuna görə , bu regionda böyük kataklizmlər yarada bilər. Qərbin burada milyardları var. Hər şeydə bir çaxnaşma olacaq. Amma seçkilərdən sonra hər şey yenə əvvəlki məcrası ilə getməyə başlayacaq.

Günel Türksoy