Bu gün dünyanın əksər mağazalarının qiymətlərdə böyük endirimlər etdiyi “Black Friday” yəni, “Qara Cümə”dir.
“Qafqazinfo” xəbər verir ki, hər il noyabrın sonuncu cümə günü qeyd olunan “Qara Cümə” Şükranlıq Günü tədbirlərinin ayrılmaz hissəsidir.
“Qara Cümə” termini ilk dəfə 1950-ci illərdə Filadelfiya şəhər polisləri istifadə edib. Bu isə Şükranlıq Günündən sonrakı gün, şəhərətrafı alıcıların və turistlərin şəhərə axışdığı gün yaranan xaosla bağlı olub.
Şəhər o gün polisləri əlavə izdiham və tıxacla məşğul olduqları üçün növbəsiz işləməli olurdular.
Sözügedən ajiotaj mağazalarda oğurluqlara da gətirib çıxarırdı.
Termin rəsmi olaraq ilk dəfə 1951-ci ilin noyabrında ABŞ-nin “Factory Management and Maintenance” jurnalında istifadə olunub.
1961-ci ilə qədər “Qara Cümə” Filadelfiyada o dərəcədə yayıldı ki, şəhər tacirləri onun adını “Böyük Cümə” olaraq dəyişdirməyə də cəhd etdilər. Lakin bu təşəbbüs uğursuz oldu.
1980-ci illərin sonlarında pərakəndə satıcılar “Qara Cümə” günü ilə bağlı müştərilərdə mənfi yox, müsbət fikir formalaşdırmaq üçün bayramın “Qırmızıdan-qaraya” konsepsiyasını hazırladılar.
Bu isə Şükranlıq günündən sonrakı gün Amerika mağazalarının nəhayət qazanc əldə etdiyi bir hadisəyə çevrildi.
O vaxtdan bəri, mağazalar həmin cümə daha erkən açılıb, gec bağlanmağa başladı. Məhsullara isə üzərindəki etiketlərdən böyük fərqlə qiymət endirimləri tətbiq edildi ki, bu da böyük insan sıxlığına gətirib çıxardı.
Günümüzdə sözügedən endirimli günlər ölkəmizdə də tətbiq olunur. Xüsusilə mağazalarda “Qara Cümə”yə 1 həftə öncədən və dekabrın əvvəllərinə kimi qırmızı etiket reklamları olur.