“Pivə iç, sərinlə” - - Ölülərə vermirlər

pive-ic-serinle-
Oxunma sayı: 1619





Mərhumun macəraları


- Öskür– bu, 6-cı sahə həkiminin xəstəyə verdiyi ilk göstəriş idi.

Xəstə bir o qədər də çətin olmayan tapşırığı yerinə yetirdi.

- Üstümə yox, ay dayı. Bütün üz-gözümü tüpürcək elədin ki… Nəfəs al.

Xəstə nəfəs aldı. Həkimə elə gəldi ki, poliklinikada kimsə qrammofonu işə saldı.

- Oho! Dəhşətdir! Hərarətin necə, var?

- 70 dərəcə olar – deyə xəstə həkimin xalatına öskürərək cavab verdi.

- Yaxşı görək, 70 dərəcə istilik olmur axı – həkim bir az fikrə gedəndən sonra dedi– deməli belə, səndə ciddi heç nə yoxdu, sadəcə sürətlə yayılan vərəmdir.

- Belə de. Demək, öləcəm.

- Hamımız öləcəyik – həkim mövzudan yayınaraq dilləndi – qulaq as, gör nə deyirəm, əzizim, mən sənə bir kağız yazacam, gedərsən Moskvaya, müayinəyə, rentgen şəklini çəkdirib qayıdarsan, yaxşı?

- Kömək eləyər?

- Nə deyim, bəzilərinə eləyir. Qayıdanda da şəkilə baxa-baxa darıxmazsan.

- Yəqin – xəstə razılaşdı – əl-ayağın soyuyur, ölümün yaxınlaşdığını hiss edirsən, şəklə baxanda isə bir az rahatlıq tapırsan. Sonra da arvad bu şəkli asır qonaq otağından və başsağlığı verməyə gələn qonaqlara göstərib deyir: “bu mənim rəhmətlik ərimin rentgen şəklidir. Qaragün dəmiryolçuydu”. Qonaqlara da maraqlı olar.

- Bax belə, ruh yüksəkliyini itirməməyin yaxşı əlamətdir. Bu da sənin göndəriş vərəqən. Gedirsən müdirin yanına, o da sənə Moskvaya qədər bilet yazır… vəssalam. Sənə yaxşı yol..

- Dərin minnətdarlığımı bildirirəm.

Xəstə ürək dolusu öskürüb, bronxlarını boşaltdıqdan sonra həkimlə sağollaşıb müdirin otağına yollandı. Amma ora çatmadı. Çünki katib onun yoluna daş hasar kimi dikildi.

- Nə lazımdı?

- Məndə sürətlə yayılan vərəm tapılıb.

- Vay-vay… Adə, müdirin kabineti sanatoriyadı, bəyəm. Sən burdan yollan düz həkimin yanına.

- Orda olmuşam. Bu da kağız, müdir mənə bilet yazmalıdı.

- Sənə bilet vermək olmaz.

- Niyə? Bəs şəkil? Sən çəkəcəksən?

- Bura bax, mən səninçin fotoqraf deyiləm! Özün də ağzını o tərəfə tut, mənim kağızlarımın üstünə öskürmə!

- Həkim deyir şəkilsiz olmaz. Qayda belədi.

- Neynək, onda sürüş müdirin yanına.

- Salam…

Xəstə ancaq bunu demişdi ki, onu bərk öskürək tutdu.

- Öskürəndə ağzını tut. Nə istəyirsən? Bilet? Düşmür. Sən bizdə cəmi iki aydır işləyirsən. Bir ayda döz.

- Şəkilsiz ölərəm axı.

- Get şəkli dənizkənarı parka çəkdir.

- Dərd orasındadır ki, mənə adi şəkil yox, rentgen şəkli lazımdı.

- Onda get, söhbətini mühasiblə çürüt.

- Salam.

- Məndən uzaq dur, nə lazımdı?

- Bilet. Şəkil üçün getməliyəm.

- Başqa heç nə istəmirsən? Biz xəzinə üstündə oturmuşuq? Haydı, katibin yanına.

- Sa …  Öhö kxa … rrr.

- Elə indicə yola salmadım səni?. Yenə gəldin? Az öskürmüsən burda? Get müdirin yanına, əl çək məndən!

- Sala… öhö-öhö kxa rrr.

- Ələ salmısan məni? Növbətçi mənə dəsmal gətir üstümü silim. Çıx, çıx otaqdan. Get, həkimə.

- Salam… vermirlər!

- Eybi yox mən həll edərəm. Get müdirin yanına.

- Getməyəcəm. Elə burda öləcəm… Öhö…urrr

- Mən sizə dərman verərəm, bu damcılar kömək eləyir. Ey, ey dayan görüm, yıxılma, ölmə. Sanitar, qaldır onu.


İki həftə sonra

- Aman allah, axı sən ölmüşdün?!

- Düzdü.

- Deyəsən, məni qara basır. Qayıt yerinə, qəbirstanlığa, axirətə.

- Şəkilsiz olmaz.

- Ay alllah… aralı dur bir az, üfunət iyi verirsən.

- Adi şeydi. Amma onu da deyim ki, yaman istidi ha, oralar.

- Pivə iç, sərinlə

- Ölülərə vermirlər

- Get, get müdirin yanına.

- Sa…

- Kuryerlər! Kömək eləyin!!! Ay camaat! Zəlil olasan, səni elə. Bu boyda tabutla hara soxulursan? De, de görüm nə istəyirsən. Amma sən allah, elə baxma mənə.

- Bilet istəyirəm, Moskvaya, şəkil çəkdirməyə.

- Yazın! Tez yazın verin. Yumşaq kupeyə, özü də beynəlxalqa. Təki gözümün qabağından rədd olsun, yoxsa mənim ürəyim partlayacaq.

- Necə yazaq?

- Yazın ki, filan skeletə Zernovo stansiyasından Moskvaya qədər…

- Bəs tabutu neyləyək?

- Tabutu? Həə, onu da yük yerinə.

- Vəssalam! Hazırdı, buyurun.

- Təşəkkürlər! İcazə verin əlinizi sıxım.

- Yooox, əlsıxma-zad lazım deyil.

- Get, əzizim, get. Kuryer, mərhum yoldaşı yola salın. Uğurlar!