Polisdən qaçan sürücünün 6 yaşlı oğlu da yanında olub - “Marixuana çəkmişdim”+Video

Polisdən qaçan sürücünün 6 yaşlı oğlu da yanında olub
Oxunma sayı: 6821

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu, kənar dairəvi yolunda 50-ED-532 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polislərdən qaçmaq istəyib.

"Qafqazinfo"nun məlumatına görə, Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli  xezerxeber.az-a deyib ki, sürücü 28 yaşlı Kamran Cəbrayılzadə şəhər ərazisində bir neçə dəfə yol hərəkət qaydasını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində saxlanması göstərişi verilib.

Sürücü süni sıxlıq yaradılaraq saxlanarkən polisə tabesizlik edib və qaçmaq üçün avtomobili digər hərəkət iştirakçılarının avtomaşınlarına çırpıb.

Həmin vaxt ətrafda olan həm zərərçəkmiş, həm də digər sürücülər yol polisinə kömək edərək tabe olmayan sürücü Kamran Cəbrayılzadəni saxlayıblar. Əraziyə gələn əməliyyatçılar onu Yasamal rayon polis idarəsinə gətiriblər. Saxlanan sürücü törətdiyi əməli etiraf edib.

Hadisə vaxtı təxminən 10-a yaxın avtomobilə ziyan vuran sürücü deyib ki, həmin vaxt 6 yaşlı oğlu da yanında olub:

"Biz az məndə vəziyyət yaxşı deyildi. Marixuana çəkmişdim. Ona görə sürüb qaçdım".

Faktla bağlı Yasamal rayon polis idarəsində ''Xuliqanlıq'' maddəsi ilə cinayət işi başlanıb, Kamran Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.