Hazırda Bakıda Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçirilir.
"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyev də ailəsi ilə birgə bayram şənliyinə qatılıb.
Qız Qalasından start götürən bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında sona çatacaq.
***
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim ediblər, dövlət başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdıblar.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Milli geyimli uşaqlar meydanda rəqs ediblər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Ölkə başçısı bayram şənliyində çıxış edib:
"Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər.
Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.
Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.
Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!"
Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gediblər.
Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
İlham Əliyev və Mehriban Əliyeva bayram konsertinə baxıblar.
Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olub.. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir. Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Azərbaycanın ekoloji cəhətdən təmizliyi ilə seçilən kənd təsərrüfatı məhsullarına dünyada da tələbat artır.
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində qoyulan qadağalar digər milli mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də var. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi, milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinin iştirakçılarında xüsusi maraq doğurub. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstəriblər.
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyib, qədim el sənətlərinin nümunələrinə baxıb.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.
Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Burada dövlət başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.
Qeyd edək ki, çempionatın ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin martında İstanbulda UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Çempionatın 16 komandanın qatılacağı final mərhələsinin bütün oyunları Bakıda keçiriləcək. Bu mötəbər yarışların təşkilinə 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, qeydiyyat, qonaqpərvərlik, tibb, nəqliyyat və digər məsələlər daxildir.
İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb. Simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına, könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək bu zonada konsert proqramlarının təşkili də nəzərdə tutulub.
Burada da İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olunub.
Prezident onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.













