“Qafqazinfo”ya ağır itki üz verdi

qafqazinfoya-agir-itki-uz-verdi
Oxunma sayı: 2143

“Qafqazinfo” üçün ağır itki baş verib. Saytımızın əməkdaşı atası tərəfindən qətlə yetirilib. Belə ki, ötən gün Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qardaşxan Aslanov küçəsi dalan 3 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Mənsim Mənsimov ailə münaqişəsi nəticəsində həyat yoldaşı 1963-cü il təvəllüdlü Zemfira Mənsimova və qızı 1990-cı il təvəllüdlü Sevinc Mənsimlini baltalayaraq qətlə yetirib. Daha sonra isə 63 yaşlı Mənsim Mənsimov özünü asıb.

Sevinc Mənsimli “Qafqazinfo” saytının idman yazarı olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu məddələrlə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Sevinc saytımızla yeni əməkdaşlığa başlasa da, qısa müddət ərzində böyük təcrübə toplamışdı. O, redaksiyamızın əməkdaşları üçün sevimli bir insana çevrilmişdi. Xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq.

Allah rəhmət eləsin!