“”Qəbələ” ilə aramızdakı xal fərqini unutmalıyıq” - Miçel

qebele-ile-aramizdaki-xal-ferqini-unutmaliyiq
Oxunma sayı: 737

“Qarabağ”ın ispaniyalı futbolçusu Migel Madera Topaz Premyer Liqasının XXIV turunda “Kəpəz”lə ev oyunundan sonra müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb. 

- Oyunun belə keçəcəyi sürpriz olmadı ki?

- Qarşılaşmaya pis başladıq. Bizim üçün oyuna qoşulmaq çox çətin oldu. “Kəpəz” hesabı açandan sonra tədricən oyunumuzu tapmağa başladıq və 2 qol vuraraq qalib gəldik. Çempionatın sonuna yaxın qızıl medallar daha bir addım atmış olduq. İndi bütün diqqətimizi "Neftçi" ilə ölkə kubokunun cavab yarımfinal matçına yönəldəcəyik.

- Çətinlik nədən qaynaqlanırdı?

- “Neftçi” ilə 3 gün öncə oynadığımızdan yorğunluq ola bilər. Amma çətinliyi daha çox beyinimizdə oyuna girə bilməməyimizlə əlaqələndirərdim. Mövsümün sonuna az qalmış sıx qrafikdə oynayanda matça köklənmək çətinlik yaradır. Növbəti matçlarda eyni problemi yaratmayacağımıza çalışacağıq. 

- “Qəbələ” – “Zirə” oyununun nəticəsindən xəbəriniz vardımı? Yəqin ki, çempionluq uğrunda rəqibinizin xal itirməsi sizin üçün qələbəniz qədər sevindirici oldu...

- Əsas rəqibin xal itirməsi istər-istəməz müsbət emosiyalar yaradır. Ancaq mövsüm hələ bitməyib. Çempionatın sonuna 4 tur, kubokda isə yarımfinalın cavab matçı var. Üstəlik, “Qəbələ” ilə qarşılaşmamız da qalıb. Qalan oyunlarımızda qələbə qazanmaq lazımdı. Bunu bacarmasan, istənilən xal itkisi komandanı çempionluqdan məhrum edə bilər. Ona görə də maksimum nəticə qazanmaq haqda fikirləşməliyik.

- “Qəbələ” ilə xal fərqiniz artıq 4 oldu. Bu xal fərqi rəqiblə qarşıdakı matçdakı prinsipiallığı saxlayırmı?

- Belə düşünmürəm. Qarşıda 4 tur var və bu, 12 xal deməkdi. Hər bir oyunda stənilən nəticə qeydə alına bilər. Ona görə fərqi unudaraq, mütləq qalib gəlməliyik.