Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.
Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
TƏBİB-dən verilən məlumata görə, ötən gün saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
***
Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərinin birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı barədə Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Son xəbərlər
Son Xəbərlər