Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yolları hüquqi tənzimlənəcək

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yolları hüquqi tənzimlənəcək
Oxunma sayı: 547

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır.

Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir.

İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə məcəlləyə bu münasibətləri şərtləndirən amilləri müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir. Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Qeyd edək ki, məcəlləyə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel Türksoy