Qırmızı ət axırımıza çıxacaq - Vegetarianlar qalibdirmi?

qirmizi-et-axirimiza-cixacaq-vegetarianlar-qalibdirmi
Oxunma sayı: 4492

Ət mağazasında bir xanım alıcının sözlərindən təəccübləndim. Bu qadın üçnəfərlik ailəsi üçün hər həftə qəssaba on iki kilo ət (dana) sifariş edir. Özü də bu kiloda alınan ətin çəkisi hər həftə stabil qalır. Hələ arada bir neçə kilo artır ki, azalmır. O da qadın qonaqlı-qaralı olanda. Narahat olmayın, elə mən də xanıma “bu qədər əti necə yeyirsiz” sualını verdim. O, özünə təsəlli verə-verə “neyləyək, ətsiz yemək olar, ət yemirsənsə, elə bil acsan”, dedi. Onu da deyim ki, bu xanım çox da çəkili deyildi. Bəlkə də, yağlı tikələri daha çox evdəkilərə bişirib yedizdirir. O, bunu ətin yağlı hissəsi zərərlidir deyə etmir, o bunu doğmasını özündən çox sevir deyə edir. Nə isə... Tək onu bilirəm ki, yay aylarında qırmızı ətsiz keçinmək mümkündür, amma qış aylarında adamın ürəyi yalnız ətli xörək istəyir.

Dünya qırmızı əti gözdən salmağa çalışır

Ən əvvəl Dünya Xərçəng Fondu artıq illərdir, insanları qırmızı ətdən istifadəyə az yer verməyə səsləyir. Fond xüsusən, həmin ətdən emal edilmiş (kolbasa və sosiska) məhsullarının istehsalının artırılması və davamlı yeyilməsinə qarşı çıxır. Buna səbəb mədə və bağırsaq xərçəngi xəstəliyinin sürətlə artmasıdır. Fond 2030-cu ildə dünyada insanların əsas ölümündən birincisinin xərcəng xəstəliyinin olacağını xəbərdar edir. Artıq bir neçə ildir, dünyanın nüfuzlu elm ocaqlarının araşdırmaları da qırmızı ətdən istifadənin azaldılmasını məsləhət görür. Harvard Universitetinin səkkiz ildir apardığı tədqiqatının sonunda məlum olub ki, qırmızı ətdən davamlı istifadə insan ömrünü 10-20 il arasında qısalda bilər. Xərçəng və qan-damar xəstəliklərinin artmasında əsas səbəb kimi qırmızı ət hədəflənir. Kolbasa-sosiskanın tərkibində nitrit kimi zərərli maddə var. Bundan başqa doymuş yağ və xolestrinli qida sayılan qırmızı ətdən çox istifadə sinir sistemini zədələyə bilər. Maraqlı olan digər məqam isə, hətta qırmızı ətsiz qala bilməyən insanlar da normal hesab oluna bilməz. Çünki qırmızı ətdən istifadə zərərli vərdiş yaradaraq, spirtli içkinin insan bədəninə vurduğu zərərə bərabərdir. Deyilənlər maraqlı təzad yaradır. Bəs bu xəbərdarlıq xarakterli tövsiyyələrə baxmayaraq, nə üçün dünyada qırmızı ətin qiyməti getdikcə daha da bahalaşır, elə bizdəki kimi? Niyə yenə də qırmızı ətdən hazırlanmış xörəklər varlı süfrəsi və ya zəngin süfrə hesab olunur? Hələ də evə qırmızı ət almaq dünyanın hər nöqtəsində hər ailənin vacib məsələsinə çevrilib?

Dünyanı deyə bilmərəm, bizdə bir kiloqram qımızı ət on manata doğru gedir. Bəlkə də, elə iqtisadçı və ya kulinarlarımızın dediyi kimi, bu milli mətbəximizin “ətli” xüsusiyyətindən irəli gəlir.

Qırmızı ətsiz keçinmək olarmı?

Qırmızı ətə bu rəngi mioqlobin adlı maddə verir. Qırmızı ət züllallarla, B12, B6 vitamini, sink, dəmirlə zəngindir. Hər 100 qram ətdə 20 qram protein vardır. İnsanın gündəlik dəmirə olan ehtiyacı 10-19 mq-dır ki, bunu da insan mütləq qidalar vasitəsiylə almalıdır. Uzun müddət yaxşı qıdalanmayan insanlarda dəmir çatışmazlığı sindromu meydana gələ bilər. Yaxud, heyvani məhsullarda, elə qırmızı ətdə olan B12 vitaminin alınmaması gələcəkdə insanda yaddaş problemi yarada bilər, baş beyin, sinir sistemində fəsadlar meydana gələr. Bu səbəbdən dietisyenlər insanları həftədə 2-3 dəfə qırmızı ətdən hazırlanmış qidanı yeməyi məsləhət görür. Hətta kilosunu azaldan insanlar belə ətdən tamamilə uzaq durmamalıdır. Bu gün xanımlar artıq çəkidən xilas olmaq üçün qırmızı ətdən imtina edərək yeni xəstəliklər qazanmağa nail olurlar. Azyaşlı uşaqlar, ən əsas da hamilə qadınların gündəlik qida rasionunda ət məhsulları, eləcə də qırmızı ət olmalıdır. Bu mütləqdir. Anemiyanın qaşısının alınması üçün soyutma şəklində bişirilmiş qırmızı ət daha xeyirlidir. Qızardılmış ət konserogen maddə deposudur. Bu həm insanda əlavə çəki yaradır, həm də ağır xəstəliklərn yaranmasına yol açır.

Xalq arasında belə deyim var: “Qırmızı ət qan yaradır.” Bunu həkimlər də təsdiqləyir. Həqiqətən düzgün bişirilmiş, azyağlı ət yeni qan hüceyrələrinin yaranmasına, maddələr mübadiləsinin tənzimlənməsinə kömək edir. Hətta bir qrup alimlər AİDS xəstələrinin daim qırmızı ətlə qidalanmasını məsləhət görürlər.

Qırmızı ət enerji mənbəyi sayılır. Uşaqlara bu ətin az verilməsi onların gələcəkdə bəstəboy olmasına səbəb ola bilər. Milli dietisyenlərimiz olmadığı üçün türkiyəli proffessor, tanınmış həkim-loğman Əhməd Marankinin fikirlərini qeyd etmək istəyirəm. Mütəxəsisin uzun araşdırmalarından sonra məlum olub ki, qırmızı ət arasında ən xeyirlisi keçi ətidir. İnsan həftədə mümkünsə, bir dəfə keçi əti ilə qidalanmalıdır. Yaxud zərərli bildiyimiz qoyun əti dana ətindən dəfələrlə xeyirli ətdir. Dana əti ilə tez-tez qidalanan insanlar daha çox xolestrinin çoxluğu və ürək-damar xəstəliyindən əziyyət çəkirlər. Əhməd Maranki quzu və ya qoyun ətinin şəkər xəstələri üçün zərərli olduğu fikirinə qarşı çıxır, onun yüksək təzyiqli xəstələrə də mənfi təsirini inkar edir. Həkim insanlara hazır qiymə almağı məsləhət görmür, dondurulmuş ətdən istifadəni qadağan edir. Bir ətin əvvəl dondurulduğunu bilmək üçünsə, bunu edin. Bir qab götürüb, əti içinə qoyun. Əğər ətin suyu çox çıxacaqsa, deməli bu ət təzə deyil və əvvəl dondurucuda saxladılıb. Yaxşı bişirilmiş qırmızı ətin həzm zamanı yaxşı sorulması üçün onun C vitaminli qidalarla( göyərti, qatıq, ayran da ola bilər, zeytun yağlı təzə tərəvəzdən hazırlanmış salat) qəbulu məsləhətdir. Yağlı ətdən istifadə daha çox xəstəlik törədə bilər. Bu yerdə bizim bəzi ailələrimizə artıq söz keçirmək olmaz. Qəssaba yağlı ət sifariş edənlər üçün ətin yağlısı daha qiymətli və daha ləzzətlisidir. Sonrası həkim axtarışı ilə bitsə belə.

Vegetarianlar nə qazanırlar?

Vegetarianlar “sağlam, gümrah həyat” amalı uğrunda çalışan insanlardır. Onlar arasında bu yolu seçənlərin çoxu daha çox heyvani məhsullardan imtina etməklə heyvanlara qarşı sevğilərini nümayiş etdirirlər. Dünyada təxminən 800 milyona qədər bu həyat tərzini seçən var. Hətta elə ifrat vegetarianlar var ki, onlar heyvanlar üzərində sınaq aparılaraq əldə olunan məhsullardan belə imtina edirlər. Bir qisim vegetarian isə bu yolu sadəcə “sağlam qidalanma” kimi seçir. Burada güclü iradə rol oynayır. Çoxu vegetarian dedikdə, ətdən imtina edən, yalnız meyvə-tərəvəzlə qidalanan insanları nəzərdə tutur. Bu belə deyil. Vegetarianlar da özləri müxtəlif istiqamətdə qidalanmaya üstünlük verirlər. Veqan vegetarian- yalnız meyvə-tərəvəzlə qidalanır. Fruterjan-bitki, həm təzə, həm də quru meyvələri yeyir. Laktovegetarian-bitkiylə yanaşı, süd məhsullarını da qəbul edir. Ovovegetarian- yalnız yumurtanı meyvə-tərəvəzinə əlavə edir, lakto-ovovegetarianın menyusu isə bir qədər zəngindir, bura yumurta, süd məhsulları və bitki daxildir. Pekovegetarian isə bitkiylə yanaşı, balıqla da qidalana bilir. Bir də semivegetarianlar qrupu var ki, onların qida rasionunda toyuq əti də yer alır. Əslində vegetarianlıq insanın öz həyat tərzini könüllü dəyişməsi deməkdir. Bu həyat tərzini sağlam hesab edənlər də var, etməyənlər də. Misal üçün, sizə bildiyim bir faktı xatırladım. Bir azərbaycanlı qadın vegan vegetarian olmağa qərar verib. Birdən-birə qida rasionundan əti tamamilə çıxaran qadının saçları tökülüb. Nəticədə məlum olub ki, onun B12 vitamin çatışmazlığı ucbatından sinir sistemi çox ciddi şəkildə zədələnib. Əlbəttə vegetarianlıq da bir pəhriz formasıdır, amma bunu özbaşına və birdən etmək ölümə gətirə bilər. Xüsusən, vegan vegetarianlar, yalnız bitkiylə qidalananlar bu riski daşıyırlar. Vaxtında və qida qəbulunda vitaminləri nəzərə almaqla yemək vacibdir. Ətin əvəzedicilərini tapmaq xüsusi rol oynayır. Vegetarian quru meyvələrsiz qalmamalı, paxladan hazırlanmış qidalarla proteinini almalıdır. Alimlər də düzgün vegetarian pəhrizini saxlaya bilməyənlərin beyin hüceyrələrinin tədricən sıradan çıxdığını, beyinin həcminin azaldığını sübuta yetirmişlər. Bir tərəfdən də bitkiylə də olsa doğru bəslənən vegetarianların qan-damar xəstəliyi riskindən uzaq olduğunu deyirlər. Hətta vegetarianlar arasında xərçəng xəstəliyi ət məhsulları ilə qidalananlarla müqayisədə qat-qat aşağı səviyyədədir. Bir tərəfdən də vegetarianların daha dözümlü, psixoloji cəhətdən möhkəm olduğu da tədqiqatlarla sübuta yetirilib. Dünyanın məşhurları arasındakı vegetarianları siz də tanıyın:Pifaqor, Sokrat, İ.Nyuton, L.Tolstoy, Bernard Şou, M.Qandi, A. Eynşteyn ...

Vegetarianların isti günlərdə pəhrizlərini saxlaması mümkündür. Bəs soyuq qış aylarında? Bax, burada həkimlər, tədqiqtçılar da qış aylarında bu insanların mütləq ət məhsulları yeməsini tövsiyyə edirlər. Soyuq hava şəraəti insanın immun sistemini zəiflədir, bədənin enerjili, proteinli və vitaminli olması üçün ət məhsullara qayıtmaq daha doğru olardı. Amma güclü insanlar var ki, onlar fərdi qida tərzini heç bir şərtlə pozmur, on illə vegetarian olaraq həyatlarını sürürlər.

Sonda sizinlə eşitdiyim bir maraqlı fikirləri bölüşüm. Bu elə deyilənlərin məntiqi sonluğu da hesab edilə bilər. Sağlam yaşamaq istəyirsənsə, əlli yaşına qədər quzu ye, əlli yaşından sonra quzunun yediyini( göyərti) ye.

Raminə Eyvazqızı