Ramil Səfərovun “Qapı”sının ardı – İkinci hissə

ramil-seferovun-qapisinin-ardi-ikinci-hisse-
Oxunma sayı: 2984

***

Sonra bir it tapdım.
Yoldaşım artıd küçəyə çıxa bilirdi, yavaş yavaş əvvəlki səhhətinə qovuşurdu. Onun səhhətuinə davamlı diqqət yetirməliydim. Təxminən otuz beş illik evliliyimiz müddətində bir neçə dəfə ölümün pəncəsindən möcüzəvi şəkildə xilas olmuşdu.Bütün bu mücadilələrin hamısından da gəncləşmiş olaraq, zəfərlə çıxmışdı. Onun üçün həyatın bütün sahələrində zəfər qazanmaq çox böyük əhəmiyyət kəsb edirdi.
Milad bayramı idi. Yoldaşımla bərabər, dərmanları yazdırmaq üçün getdiyimiz növbətçi klinikadan qayıdırdıq. Piyadaydıq, səhərin erkən vaxtları idi və yüngülvari qar yağırdı . Küçənin kənarında yan-yana sıralanmış ağacların altında boğazına qədər qarın içinə girmiş bir küçük tapdıq. Əsir düşərgələrindən bəhs edən savaş filmlərində edam üsulu kimi belə mənzərələri görmək mümkün idi. Məhkum qulaqlarına qədər quma basdırılar, ağzı qumun içində olduğu üçün qışqıra bilmir, sadəcə olarq inildiyərdi. Küçük də eynilə qarın altında zingildəyirdi. Ona bu vəziyyətdə qətiyyən birinin sahib çıxacağını düşünən bir şəxs heç də pis psixoloq sayılmazdı. Axı Hz. İsanın doğum günündə bir canlını ölümün amansız pəncəsinə kim atardı? Bu elə bir an idi ki, hətta heyvanlardan xoşlanmayan ərimin də küçüyə yazığı gəldi. Evə yad bir canlının, sadəcə yemək deyil, eyni zamanda diqqət və qayğı da tələb edən bir canlının alınmasına qarşı olan bu şəxs indi heyvanı qarın içindən çıxartmağıma yardım edirdi. Əslində küçüyü həmişəlik evdə saxlamağı deyil, ilk fürsətdə başqasına verməyi fikirləşirdik. Bildiyimiz bir şey var idi, bu yavru heyvan burada qalarsa, səhərə sağ çıxmayacaqdı. Heyvan başdan başa bir problem idi və yeməkdən daha ziyadə müalicəyə ehtiyacı var idi. Balaca küçüyü paltomun içinə soxub düymələdim. “ Bu özəl bir hədiyyə oldu”, – deyirdi ərim. Küçük ürkək qara sifətini yaxamdan bayıra çıxardaraq maraqla ətrafa boylanırdı, Üstündəki qar əriyərək paltomdan aşağı damcılayırdı. “ Həqiqi Milad sürprizi ilə qarşılaşmaq hər adama qismət olmur”.
Emerenc evdəki böyük təmizliyi çoxdan bitirmişdi, bütün otaqlar göz qamaşdırırdı. Qucağımda heyvan evə gələrkən yol boyunca onu harda saxlayacağımızı götür-qoy edirdik. Nəhayət balaca heyvanı müvəqqəti olaraq, dünyasını dəyişmiş anamın otağında saxlamağı qərarlaşdırdıq. Əntiq və gözəl mebellərin olduğu bu otağı onun vəfatından sonra heç qızdırmamışdıq. Ərim: “Ümidvaram ki, on səkkizinci əsrdən qalma mebelləri bəyənər. İtlər iki yaşlarına qədər əşyaları gəmirərlər, sonra kənar müdaxilə olmadan bunu tərgidərlər”,– deyirdi. Haqlı olduğu üçün heç nə demədim. Bu yazıq heyvanın mebelləri həqiqətən gəmirəcəyini bilsəm də, başqa əlacımız yox idi. Belə bir Milad günündə , sanki boynumdan qara rəngli müqəddəs əmanət asılıbmış kimi, sirli-müəmmalı bir ayinin icraçıları tək irəliləyirdik. Emerenc küçüyü bundan əvvəl dadmadığı, bundan sonra da görməyəcəyi analıq duyğusu ilə qarşıladı. Mən onu həmin andakı kimi fədakar, qayğıkeş görməmişdim. Yaşlı qadın mətbəxi yığışdırırdı və Milad münasibəti ilə hazırladığı tortu və qutabları boşqaba qoyurdu. Biz içəri girən kimi dərhal əlindəki bıçağı yerə ataraq balaca heyvanı qucağımdan aldı. Əlinə aldığı parça ilə cəld heyvanı quruladı, təmizlədi və yeriyib-yeriməyəcəyini yoxlamaq üçün yerə qoydu. Sağa-sola aşaraq yeriməyə çalışan yazıq heyvan böyrü üstə yıxıldı.Uzun müddət qarın içində qaldığı üçün donu hələ açılmamışdı, ürkürdü. Qorxmuş heyvan ətrafı pislədi. Emerenc küçüyün dışqısının üzərini qəzet ilə örtdü və dolabçadakı kiçik dəsmallardan birini gətirməyim üçün məni hamama göndərdi. Həmin vaxta qədər nəyin harda olmasına dair Emerencin məlumatının olub-olmadığını bilmirdim. Yaşlı qadın özünün olmayan əşyalara toxunmağı xoşlamazdı, bu səbəbə görə də öz əşyalarımızı özümüzün yerləşdirməyimizi istəyirdi. Vəziyyətdən belə başa düşmək olardı ki, heç birinə toxunmasa da, dolabçalardan nəyin harda olduğunu çox yaxşı bilirdi. Hər şeyi diqqətlə araşdırdığı, nəzarət etdiyi və xatırladığı anlaşılırdı.
Dəsmalı gətirdim. Emerenc balaca heyvanı sanki körpə uşaqmış kimi ehtiyatla dəsmala bürüdü, qucağına götürdü və qulağına nəsə pıçıldayaraq salonda var-gəl etməyə başladı. Zəng etmək üçün salona girmişdim, küçüyü xilas etmək üçün vaxt itirməməliydik. Salonda televizor açıq idi. Hər şey Miladın gəldiyini xəbər verirdi. İşıqlar, musiqi, hətta havanın qoxusu da bayram ab-havası yaradırdı. Həyatımda çox şeyi itirmiş olmağıma rəğmən, Məryəm Ananın qollarındakı başı nur haləli uşağın təmsil etdiyi Miladın parlaq xatirələri ruhumun dərinliklərində hələ də canlılığını qoruyurdu. Emerenc bütün bunları nə görür, nə də eşidirdi. Qucağında balaca heyvan salonda gəzinir, insanı rahatsız edən səsi ilə ona mahnı zümzümə edirdi. Təsirli, emosiyadan uzaq tərzdə Hz. İsanın doğum gününə mədhiyyə deyirdi. Dəsmalla möhkəm bələdiyi qara bir küçüklə sanki analığın karikaturası, absurd Madonna kimi otaqda var-gəl edirdi. Qonşudan çağırmasaydılar kim bilir bu vəziyyəti hələ nə qədər davam edəcəkdi. Su borusu partlamışdı, dərhal evinə qayıtmalı və tədbir görməli idi. Cənab Brodarics zəng edib təmirçiləri çağırmışdı, ancaq Emerenc bir an öncə əsas borunun kranını bağlamalıydı. Üzündə sərt bir ifadəylə heyvanı mənim qucağıma qoydu, suyu boşaltmaq və kranı bağlamaq üçün evinə qaçdı. Yaşlı qadın hər on beş dəqiqədən bir heyvanın vəziyyətini yoxlamaq üçün geri gəlirdi. Bu arada bayram əyləncəsindən güc-bəla ilə ayırıb gətirdiyimiz baytar dostumuz balaca heyvanı müalicə edirdi. Emerenc şübhəli nəzərlərlə baytarın qoyacağı diaqnozu gözləyirdi. Yaşlı qadın bütün həkimlərin ağılsız və savadsız olduqlarını düşünür və onlardan zəhləsi gedirdi. Onun nə dərmanlara, nə də peyvəndlərə inamı vardı. Emerencin nəzərində bütün bunları həkimlər maddi mənfəət əldə etmək üçün tövsiyə edirdilər, hətta quduz tülkü və pişiklər haqqında əfsanələri də eyni məqsədlə həkimlər yayırdılar. Küçüyü xilas etmək üçün verilən müalicə bir neçə həftə çəkdi. Mən evdə olmadığım vaxtlar, öz qatı inanclarına zidd olsa da, balaca heyvana baytarın yazdığı dərmanları verir, hətta antibiotik iynələr vurularkən küçüyü tuturdu nda. Bu arada heyvanı qarşımıza çıxan hər kəsə təklif edirdik, amma heç kim razı olmurdu. Ona gözəl bir fransız adı qoyduq. Emerenc bir dəfə də olsun bu adı düzgün tələffüz edə bilmədi, heç heyvan da həmin adla çağırdığımız zaman reaksiya vermirdi. Günbəgün böyüyürdü. Sağaldıqca mələz olmasından qaynaqlanan sevimliliyi və qabiliyyətləri meydana çıxırdı və nəhayət bir gün təmamilə sağaldı. Zəka səviyyəsi dost-tanışlarımızın bəslədiyi xüsusi cins itlərinkindən çox yüksək olduğu açıq hiss olunurdu. Əslində bir o qədər də gözəgəlimli deyildi. Amma onun əcaib işıldayan qara gözlərinə baxan hər kəs heyvanın zəka səviyyəsinin, hardasa, insanınkı qədər olduğunu anlayırdı. Heç kimin küçüyü qəbul etməyəcəyi həqiqəti ilə barışmağa məcbur olduğumuz zaman, artıq hamımız ona ürəkdən bağlanmışdıq. Ehtiyacı olan hər şeyi təmin etmişdik. Bu arada içində yatması üçün aldığımız səbəti iki həftə ərzində gəmirərək sıradan çıxartmış və parçalarını evin hər tərəfinə səpələmişdi.Yatmaq istədiyi zaman hər hansı bir örtüyə və yastığa gərəyi olmadan, günbəgün sıxlaşan, dalğalı kürkü ilə qapının qənşərinə uzanırdı. Həyatını davam etdirmək üçün lazımi sözləri qısa müddətdə öyrənib, ailəmizin heç bir fəaliyyətindən kənarda qalmayan üzvünə dönmüşdü. Sözün əsl mənasında bir şəxsiyyət idi. Yoldaşım dözümlülük nümayiş etdirirdi, hətta bəzən onun ağıllı və ya gülməli bir hərəkətini gördüyü zaman başını da sığallayırdı. Mən heyvanı sevirdim, Emerenc isə ona lap aşiq olmuşdu.
Xörək qabı və içərisində qaynar içki olan qədəh hələ fikrimdən çıxmamışdı. Möhürlənmiş vaqonların gözdən qeyb olmalarına etiraz nümayiş etdirməyərək, göz yummuş bu heyvanların dostuna hörmət edirdim.“İftiraçıların” iddialarına görə o vaqonların içərisinə insanlar doldurulmuşdu. Emerencin heyvanlar mövzusundakı pərəstişkarlığını istehza ilə qarşılayırdım. Qazları, ördəkləri, toyuqları qısa müddətdə özünə cəlb etdiyini, onları bir-bir tanıdığını və bir-iki gün ərzində onun əlindən götürəcək, və ya qorxusuz şəkildə onunla yan-yana oturacaq qədər özünə öyrəşdirə bildiyini, ancaq bişirmək məcburiyyətində qaldığı zaman başlarına vuraraq, və ya boğazlarını kəsərək öldürməyin o qədər də asan olmadığını anlatmışdı. Emerencin evdəki itə olan bağlılığını onun daxilindən gələn qulluq etmə arzusu ilə əlaqələndirirdim və bu, mənə əyləncəli görünürdü. Lakin itin həqiqi sahibinin Emerenc olduğunu dərk etdiyim zaman çox əsəbiləşmişdim. İt hər birimizə fərqli davranış nümayiş etdirirdi. Onun üç ayrı davranışını müşahidə etmişdim: mənə qarşı dost münasibət göstərir, yoldaşımın qarşısında səssiz, hətta yaxşı tərbiyə görmüş bir uşaq kimi oturur, Emerencin yaxınlaşdığını hiss edən kimi qapıya tərəf qaçır, zingildəyərək onu sevinclə salamlayırdı. Emerenc itə hər şeyi izah edirdi, yüksək səslə və eynilə təzə dil açan körpəyə başa salırmış kimi sözləri hecalayaraq danışırdı. Ona nə öyrətdiyini qətiyyən gizlətmir, şer qafiyəsi kimi sözləri muncuq kimi düzürdü və bu sözlər haqqında bizim nə düşündüyümüzü heç vecinə də almırdı. “Sahibəyə istədiyini edə bilərsən; üstünə tullana, üzünü və əllərini yalaya, divanda onun yanında yata bilərsən. Sahibə səni sevdiyi üçün etdiklərini xoş qarşılayacaq. Sahib isə su kimi sakitdir. Suların dərinliyində nələrin olduğu bilinməz, ona görə də mənim itim, suyu qətiyyən bulandırma, sahibi əsəbləşdirmə, yoxsa burdan qovularsan, halbuki, indiki yerin çox yaxşıdır, bir it üçün bundan daha yaxşı ev ola bilməz”. Özü ilə əlaqədar olaraq itə heç bir təlimat vermirdi, adətən heyvan onun nə istədiyini demədən də anlayırdı. İtə ad qoymuşdu: ona Viola deyirdi. İtin cinsinin erkək olması Emerenci bir o qədər də maraqlandırmırdı. Bəzən itə təlim keçmək əvəzinə tərbiyə verirdi: “Otur Viola. Oturmasan şəkər yoxdur. Otur deyirəm. OTUR!”

İtə mükafat olaraq nə verdiyini ilk gördüyüm anda, baytarın ona şəkəri qadağan etdiyini xatırlatmışdım. Emerenc isə “baytar axmağın biridir,”– demiş və Violanın belini sığallamışdı.” Otur Viola, otur. Otursan sənə nəfis bir şey verəcəyəm, şirin bir şey. Şəkər verəcəyəm sənə, şəkər. Otur Viola”-deyərək təkrarlamışdı. Viola oturmuşdu, əvvəlcə şəkər qarşılığında, daha sonra isə öyrəndiyi sözləri eşidən kimi , heç bir qarşılıq göstərmədən refleks hərəkəti olaraq oturmuşdu. Bəzən yaşlı qadın iti bizdən istəyirdi və bütün günü evdə olmayacağını, küçələrin qarını təmizləyəcəyini, bu müddət ərzində itin evi qoruyacağını deyirdi. Yoldaşım buna icazə verirdi, çünki heç olmasa bir müddət Viola onun üstünə tullanıb üzünə hürməyəcəkdi. Emerencdən evində pişik olduğunu və bu səbəbə görə narahat olub-olmadığını soruşmuşdum. O isə Violaya evdəki digər heyvanları sevməyi və onları incitməməyi öyrədəcəyini demişdi. Viola hər şeyi öyrənəcək qabiliyyətdə bir it idi. Şuluqluq etdiyi zaman ona olan bütün sevgisinə və mənim qadağalarıma rəsmən heyvanı mərhəmətsizcə döyürdü. Yaşadığı on dörd il ərzində Violanı bir dəfə də olsun vurmadım, ancaq onun sahibi yenə də Emerenc idi.
Violanın yaşlı qadının bağlı qapı arxasındakı krallığında nələr etdiyini böyük məmnuniyyətlə görmək istəyirdim. Di gəl ki, qadağa hələ də qüvvədə idi. Orada deyəsən həqiqətən də pişiklə qarşılaşmışdı, çünki Viola evə birə gətirmişdi, biz indi də birə ilə məşğul olurduq. Belə görünürdü ki, ilk qarşılaşma olaysız keçməmişdi, Violanın burnunda yara, qulağında dərin cırmaq izi vardı. Bunlar böyük ehtimalla döyüldüyü anlaşılan bir davanın baş verdiyini göstərən sübutlar idi. Emerenc sərt metodlardan istifadə edərək, pişiyə sataşmağın doğru olmadığını itə başa salırdı. Viola isə vəziyyətin o qədər də dramatik olduğunu düşünmürdü, evə gələn kimi kədərli üzünü Emerencin dizlərinə yapışdırırdı. Sonralar buna bənzər heç bir hadisə baş vermədi. Birlikdə gəzintiyə çıxdığımız vaxtlar küçədəki davranışlarından da anlaşılırdı. Belə ki, qaçaraq balkonların altında gizlənən küçə pişiklərinin ardınca həyəcanlamadan və təəccüblənmədən şən baxışlarla baxırdı. Sanki onlara zərərverməyi düşünmədiyi halda niyə qaçdıqlarını anlamadığını bəlli etməyə çalışırdı. Qış boyunca Emerencin evini qorudu, amma bir bazar axşamı Viola evə sərxoş qayıdınca, ora getməyini qadağan etdim. Emerenc onu evə gətirəndə inana bilmədim. Viola sağa-sola yellənirdi. Qarnı çəllək kimi şişmişdi. Təngənəfəs idi və gözləri bərəlmişdi. Heyvan ayaq üstə çətinliklə durur, tez-tez yıxılırdı. tumarlamaq məqsədilə yanına çömbəldim. Viola hıçqırırdı və hər hıçqırdıqca da ətrafa pivə qoxusu yayılırdı. Əsəbimdən boğulurdum:
– Bu heyvan sərxoş olub, Emerenc!
– Pivə içdik,- dedi ağırbaşlılıqla, özünə məxsus ciddiliklə, – Pivə öldürməz. Susamışdı. Susuzluğunu yatırdı.
– Siz ağlınızı itirmisiniz! – deyərək ayağa qalxdım, – o ki, qaldı itə, bundan sonra onu aparmağınız mümkün deyil. Bu qədər! Onu alkoqola qurşadıb öldürəsiniz deyə xilas etmədik.
– Bir az pivə içdiyi üçünmü öləcək? – səsindəki acılıq məni təəccübləndirdi: – Əlbəttə, onunla bölüşdüyüm qızardılmış ördək ətini, içmək üçün yalvarıb- yaxardığı və bərabər içdiyimiz pivəni o özü istədi. İstədiyi hər şeyi anlata bilirsə, mən nə edə bilərəm axı? Sanki danışırdı, yemək- içmək üçün elə yalvarırdı ki... Bu adi bir it deyil! Sizin evdə olduğu kimi müəyyən edilmiş vaxtlarda və müəyyən miqdarda, üstəlik otaqda və qətiyyən əldən olmamaq şərti ilə yemək əvəzinə mənim yanımda istədiyi qaydada yediyi üçünmü öləcək? Əldən yeməsi daha yaxşıdır, nəinki qabdan. Onu öyrədən, onunla söhbət edən, ona doğrunu- yanlışı anladan mənmi öldürəcəm onu? – Emerenc ən müqəddəs saydığı dəyərləri ayaqlar altına alınmış bir tərbiyəçi ciddiyəti ilə danışırdı: – Yoxsa ona oturub-durmağı, qaçmağı, atılan topu geri gətirməyi, təşəkkür etməyi siz öyrətmisiniz? Evə qapanmış iki büt kimi bir-biri ilə heç danışmayan, hərəsi ayrı-ayrı otaqlarda yazı makinasının arxasında oturan siz və yoldaşınız... Elə isə alın Violanızı sizin olsun! Görək, hara qədər gedə biləcəksiz.
Bu açıqlamadan sonra Emerenc arxasını çevirərək getdi. Önəmli məsələlərdə o danışmazdı, sadəcə olaraq açıqlayardı. Viola özünü yerə sərərək dünyadan bixəbər xoruldayırdı. Tərk edildiyini hiss etməyəcək qədər sərxoş idi.

***
Problemlər dərhal olmasa da növbəti günün səhər vaxtı başladı. Səhərlər itin yeməyini verən, onu gəzintiyə çıxaran və sonra da evinə aparan Emerenc gözə dəymirdi. Viola bacardığı qədər özünü tutdu və evi pislətmədi. Ancaq saat yeddiyə on beş dəqiqə işləmiş elə yüksəkdən ulamağa başladı ki, yatağımdan qalxmaq məcburiyyətində qaldım. Emerenci xeyli gözlədikdən sonra gəlməyəcəyini dərk etdim . Yaşlı qadın yeddi dəfə cəzalandıran Yəhova kimi idi. Biabırçılıq Emerencin evinin qarşısında baş verdi. Viola adəti üzrə hər səhər olduğu kimi onun evinə girmək istəmişdi. Heç vaxt mənə aydın olmadı, axı mənimlə bərabər evimizdə otaqdan-otağa sərbəst şəkildə gəzmək varkən, niyə it Emerencin evində bağlı qapı arxasında qalmaq istəyirdi. Boynundakı ipi çəkişdirməklə bir nəticə əldə edə bilməyəcəyini anlayan Viola, var gücü ilə qaçmağa və məni də arxasınca çəkməyə başladı. Çox güclü idi və qarlı səkidə çətinliklə yeriyirdim. Səkinin hər tərəfi təhlükə təşkil edəcək qədər qarla örtülmüşdü, sürüşüb yıxılmaqdan və özümü zədələməkdən qorxurdum. Eyni zamanda maşınların altına girərək gizlənəcəyini düşündüyüm üçün Violanın ipini də buraxmırdım . Bu arada gəzinti sırasında onların gəzdikləri güzərgahı da öyrənmiş oldum.Viola məni Emerencin ərazisində sürətlə gəzdirmiş, yaşlı qadının çalışdığı on bir binanın hamısının qarşısından keçirmişdi. Qar çovğunundan yarım kor vəziyyətində Violanın ardınca bir binadan digərinə Peer Gynt qaçışı gerçəkləşdirirdim. Nəhayət edəcəyini etdi, ipi elə bir qüvvə ilə çəkdi ki, müvazinətimi itirərək yıxıldım. Halbuki, hədəfə çatmışdıq, Viola axtardığını tapmışdı. Emerenc arxası bizə dönük vəziyyətdə dayanmışdı və Viola arxadan onun belinə tullananda az qalmışdı o da yıxılsın. Amma ondan daha gənc olmağıma baxmayaraq Emerenc məndən on dəfə güclü idi. Geriyə döndü və məni qarın içində dizlərim üstə çökmüş vəziyyətdə gördü. Nə baş verdiyini dərhal anlayan Emerenc, itin boynundakı kəmərin boş qalan hissəsi ilə onu vurmağa başladı. Viola ağrıdan zingildədikcə, yaşlı qadın vurmağa davam edirdi. Bir təhər ayağa durdum. İtə yazığım gəldi. Emerenc heyvanı sanki qarşısında insan varmış kimi danlayırdı:
– Otur, alçağın biri alçaq! Bu nə hərəkətdir? Biabırçı! – Viola sadəcə baxırdı, Emerenc heyvan baxıcısı kimi gözləri ilə onu idarə edirdi, – Əgər istəyirsənsə sahibin sənin bura gəlməyinə təkrar icazə versin, onda gərək bir daha sərxoş olmayacağına dair ona söz verəsən. Sahibin haqlıdır, fəqət o bilmir ki, mənim ad günümü heç kim mənlə qeyd etmir, çünki hansı gün olduğunu sadəcə sən bilirsən. Ad günümün tarixini səndən başqa heç kimə deməmişəm, nə qardaşım Sozsinin oğlu, nə Sutu, nə Adel, nə də Polett bilir. Palkovnik isə çoxdan yaddan çıxarıb. Oyandıqdan sonra bir daha belə hərəkət etmək olmaz! İcazə istəməliyik. Qalx ayağa, Viola!
Viola bu müddət ərzində qarnı üstə uzanaraq zingildəyirdi. Zərbələrə baxmayaraq heç tərpənmirdi, zərbələrdən yayınmağa da cəhd etmirdi. Viola ayağa qalxdı.
– Üzr istə! – Onun bu komandanı necə yerinə yetirəcəyinə dair heç bir təsəvvürüm yox idi. Gəl gör ki, Viola bunu da bacardı: qabaq ayağının birini sinəsinə qoydu, digərinı isə vətənpərvərliyə həsr olunmuş bir heykəldə olduğu kimi səmaya qaldırdı. – Haydı Viola! – demişdi ki, it hürməyə başladı,
– Təkrar et! – Viola ifa etdiyi hərəkətdə hər hansı bir nöqsana yol verib-vermədiyini anlamaq üçün gözünü Emerencdən ayırmadan daha bir neçə dəfə hürdü. İnstinkti ona gələcək taleyinin bundan asılı olduğunu deyirdi. Emerenc ona:
– İndi isə yaxşı uşaq olacağına dair söz ver, – deyən kimi Violanın ona pəncəsini uzatdığını gördüm. – Mənə deyil, mən onsuz da bilirəm, sahibinə uzat!.
Viola mənə tərəf döndü və dini təsvirlərdə, qurdun əziz Fransiskoya etdiyi kimi peşmanlıq nümayiş etdirərək, öndəki sağ ayağının mənə uzatdı. Violanın pəncəsini tutmadım. Həm dizim möhkəm ağrıyırdi, həm də onların hər ikisinə bərk əsəbləşmişdim.
Üzrxahlığın heç bir işə yaramadığını görən Viola bu səfər başqa nömrə ifa etdi, komandaya ehtiyac olmadan hərbi salam verdi və sol ayağını təkrar qəlbinin üstünə qoydu. Nəhayət təslim oldum. Yenə məğlub olmuşdum və hər üçümüz də bunun fərqində idik.
– Ondan nigaran qalmayın, bu gün naharı bərabər burada edərik, axşam evə gətirərəm. Ayağınızı təmizləyin, qanayır. Özünüzdən müğayət olun, hələlik!
Başını yüngülcə tərpədərək gözləri ilə işarə verdi, Viola dərhal bundan nəticə çıxararaq mənə iki ağız hürdü: təşəkkür edirdi. Emerenc Violanın xaltasına bağlı olan kəməri divardakı qarmağa keçirdi və öz işinə , küçədəki qarı təmizləməyə davam etdi. Sərbəst qalmışdım. Tək-tənha evə sarı yönəldim, şıdırğı qar yağırdı.

– Münasibətlər –

Violanı evimizə gətirəndən sonra tanışlarımızın sayısı da artmışdı. Əvvəllər sadəcə dostlarımızla görüşürdük, indi isə ötəri də olsa bütün məhəllədəkilərlə. Emerenc səhər, günorta və axşamlar iti aparırdi, lakin bəzən günorta gəzintisi zamanı gözlənilmədən əlavə bir iş çıxırdı və gəzinti baş tutmurdu. Belə durumlarda Viola bizə qalırdı , mən və ya yoldaşım onu gəzdirir və davamlı olaraq onun bizi çəkdiyi tərəfə getməyə məcbur olurduq. Bayıra çıxan kimi ilk iş olaraq Viola bizi Emerencin evinə çəkib aparırdı. Emerencin həqiqətən də evində gizlənib-gizlənmədiyini anlaya bilməsi üçün Violanı qapının önünə qədər gətirmək lazım idi. Burnu yaşlı qadının onu aldatmağını, həqiqətən də evdə olmadığını Violaya dedikdən sonra yolumuza davam edirdik. Bəzən Emerenc evdə olurdu, amma, Violanın assistentliyinə ehtiyacı olmayan bir işlə məşğul olurdu. Belə hallarda itin zingildəməyinə və qapısısnı cırmaqlamağına dözməz, deyinə-deyinə evdən bayıra çıxar, onu narahat etdiyi üçün Violanı bərk danlayardı. Bütün bunlar baş verərkən biz də itlə bir yerdə utanmış vəziyyətdə eyvanda gözləməyə məcbur olurduq. Bəzən də Emerenc qapazlamaqla kifayətlənməz, onu sanki mədəniyyətsiz qonağa həddini bildirirmiş kimi, danlayardı:
“Niyə məni narahat edirsən? Səhər tezdən görüşdük axı, axşam yenə birlikdə olacağıq!” Emerenc bu sözləri əsəblə qışqıraraq deyərdi, bəzən də boynuna yüngülvari vuraraq sığallayar, ağzına şəkər qoyar, yola salmadan əvvəl nömrəsini axıra qədər ifa etdirərdi. Emerenci evdə tapmadığımız vaxtlar, çalışdığı binalardan hər hansı birinin qarşısında axtarırdıq və qarşılaşdığımız zaman evinin girişində yaşanan mərasim eynilə burda da təkrarlanırdı, ancaq bir fərqlə: Emerenc Violaya repertuarını dəfələrlə təkrarladardı. Bu vəziyyətdə istəməsək də hamının diqqəti bizim üzərimizə cəmləşərdi. Beləliklə, bu minvalla qəbul edilmiş qaydalarla qarşılaşmağımız mümkün olmayan çox sayda məhəllə sakini ilə tanış olma fürsəti yaranırdı. Emerencin qonaqları olduğu zaman – əlbəttə ki, qapısının önündəki skamyalarda oturmağın mümkün olduğu mövsümlərdə – Viola aldığı komandaya əsasən yaşlı qadının hər dəfə fərqli bir yerdə gizlətdiyi xörək və su qablarını axtarır, qonaqlar da heyranlıqla itin qabiliyyətini izləyirdilər. Mən isə bu insanların, sərhədləri yaşlı qadın tərəfindən müəyyən edilmiş “Qadağan olunmuş Şəhər”in sadəcə giriş hissəsində qəbul edilmələrinə necə, boyun əyərək razılaşdıqlarını düşünürdüm. Halbuki, bu insanlar onun yaxın tanışları, dostları sayılırdılar, bundan əlavə qardaşı Jozsinin oğlu qan qohumu olsa da, “qapalı qapı” qanunu ona da şamil olunurdu.
Emerencin daxil olmaq üçün icazə verdiyi yer ərzaq anbarının, hamamın və ehtiyat odunların qalaqlandığı otağın qapısının açıldığı düzbucaq formasında olan eyvan idi. “Qadağan olunmuş Şəhər”aydın məsələdir ki, adi bir yer deyildi, çox güman ki, Qrossmanlar ailəsinin əşyaları ilə xüsusi zövqlə bəzədilmişdir. Emerencin eyvanı həmişə tər-təmiz olurdu. Gündəlik işdən sonra bir-iki saat boş vaxtı qalarsa, evdar qadın rolunu oynayardı. Masası iki skamyanın arasında idi, küçədən keçərkən və ya pəncərəmizdən baxarkən Emerencin fərqli yaş və sosial qrupdan olan qonaqlarına qəhvə və çay ikram etdiyini görürdüm. Məclisdə özünü aparma qyadalarını kimdən öyrənmişdisə, çayı və qəhvəni qəşəng fincanlara elə ustalıqla tökürdü ki, sanki bu hərəkətlər üçün xüsusi hazırlıq keçmişdi. Bir gün Bernard Shalin “John Tanner” adlı əsərinin premyerasına qatılmışdım. Oyundakı Blanche rolunu məşhur bir aktirisa ifa edirdi. Tamaşanın axırına qədər bu gözəl aktrisanın qonaqlıq səhnəsindəki oyunu ilə kimə oxşadığını fikirləşmişdim. Nəhayət, tapmışdım: bu, qadağan olunmuş evin qarşısında çay paylayan Emerencdən başqası deyildi.

***

Əvvəllər məhəlləmizdə çoxlu tanınmış şəxslər yaşayırdılar. Həmin vaxtlar küçəmizdə polislərə tez-tez rast gəlmək olardı. Daha sonra siyasətçilər məhəllədən köçdülər, aralarından vəfat edənlər də oldu. Onların gedişi ilə polislər də gözə dəyməməyə başladılar. Emerenc bizim evdə çalışmağa başladığından polis geyimində müntəzəm olaraq ətrafda görünən sadəcə bir nəfər var idi: polkovnik. İlk vaxtlarda Emerenclə polkovnik arasındakı münasibəti və evində nələri gizlədiyi məlum olmayan yaşlı qadının onu da içəri buraxmamasına necə dözdüyünü anlamaqda çətinlik çəkirdim. Göyərçinləri zəhərləmək və məzara hörmətsizlik iddialaraı ilə birlikdə siyasi məzmunlu iftiralar da daxil olmaqla çoxlu şikayətlər ünvanlanmışdı polisə. Belə hallarda insanların gözündən yayındırılan, gizlədilən, məxfi və qiymətli olan hər nədirsə, polisin bunu öyrənmək üçün heç olmasa bir dəfə evin içərisinə baxması gərəkirdi. O vaxtlar hələ kiçik leytenant rütbəsində olan polis polkovniki yanında it olan köməkçisi ilə Emerencin deyinə-deyinə açdığı evin otaqlarını bir-bir gəzmiş, içəridə bura köçdüyündən bəri üçüncüsü olan və polis itini görən kimi mətbəxdəki dolabın üstünə tullanmış pişikdən başqa heç nə ilə qarşılaşmamışdı. İçəridə nə məxfi ötürücü, nə qaçaq məhkum, nə də oğurluq əşya var idi. Orada sadəcə, gözləri qamaşdıracaq qədər xüsusi diqqətlə təmizlənmiş bir mətbəx və heç istifadə olunmadığı anlaşılan, özəl örtüklərlə mühafizə edilən və aralarında heç bir şəxsi əşyanın yer almadığı mebellərlə döşəli möhtəşəm bir otaq var idi. Emerenc ilə polis polkovniki arasındakı dostluq əslində bir mübahisə nəticəsində yaranmışdı. Emerenc qapısını örtdükdən sonra ucadan qışqırmağa başlayıbmış: “Hər qapının zəngini çalanı içərimi qəbul etməliyəm? Belə bir qanunmu var? Mənimlə məşğul olmaqdansa, gedin məndən şikayət edən quldurlarla məşğul olun. Ayıb deyilmi, davamlı olaraq gəlib məni narahat edirsiniz? Gah göyərçin ölüsü, gah pişik cəsədi, indi də silahmış, nə bilim epidemiyaymış. Bezdim artıq bu polislərdən! Yetər artıq!“
Polislər daha da mülayim rəftar edərək müdafiə mövqeyinə çəkildikcə və polis kiçik leytenantı yaşlı qadının könlünü almağa çalışdıqca Emerencin səsi daha da gur çıxmağa başlamışdı. Bir zamanlar məhəllədə yaşayan siyasətçilərin silah saxladıqlarını və canları sıxıldıqca əylənmək məqsədi ilə silahlardan qarğalara atəş açdıqlarını, polislərin onları qoruduqlarını, onun evindəsə itlə axtarış apardıqlarını deyərək “lənət olsun hamınıza” qarğışı ilə nitqini tamamlamışdı. Nitqini tamamladıqdan sonra yenə qısa bir açıqlama edərək , lənəti itə deyil, polislərə oxuduğunu, itə əsəbləşmədiyini, polislərin onu öz pis məqsədlərinə alət etdiklərini, əsil səbəbkar olan kiçik leytenanta əsəbiləşdiyini demişdi. Rəsmi məmurların səbir kasası daşmaq üzrə idi: polis iti həyətdə basdırılmış cəsəd və ya hər hansı bir cinayət alətini meydana çıxarmaq üçün təlimatlandırılsa da, təlimçisinin verdiyi komandaların əksinə – Emerencin onun başını sığallamasına icazə vermiş, tir-tir əsərək quyruğunu bulayırmış. İt vəzifəsini icra etmək əvəzinə bir aşiqin baxdığı kimi Emerencə baxırmış. Heyvanın çıxartdığı inilti səslərindən öz rəislərindən üzr istədiyi anlaşılırmış, sanki əlindən bir şey gəlmədiyini, onun bu yad qadının ayaqlarının altına uzanmağa vadar edən qüvvətli iradənin başqa heç kimdə olmadığını anlatmağa çalışırmış. Kiçik leytenantın gülməkdən gözləri yaşarır. Emerencin üzündəki sərtlik də yavaş-yavaş qeyb olmağa başlayır və artıq əsəbləşmir. Bir-birilərini həmin anda kəşf edirlər. Polis məmuru ilk dəfə imiş ondan çəkinməyən birinin evindəymiş. Emerenc isə ilk dəfə idi ki, rəsmi qurumun nümayəndəsinin zarafatlarına şahid olurmuş. Bir-birlərinə isinişirlər. Polislər həmin gün üzr istəyərək gedirlər. Kiçik leytenant isə həyat yoldaşı ilə birlikdə Emerencə qonaq gəlir, aralarındakı bənzərsiz dostluq münasibəti gənc arvadının vəfatından sonra da davam edir. Polkovnik sonralar mənə, içinə düşdüyü çətin vəziyyətdən Emerencin yardımı sayəsində xilas olduğunu danışmışdı.

***
Zaman Viola ilə yaşlı qadının birlikdə əlaqələndirdiyi biçimdə axıb gedirdi. Bu arada xörək qabı ilə qədəhin məndə yaratdığı şübhələrin nə dərəcədə əsaslı olub –olmadığını fikirləşirdim. Nəticə etibarı ilə polkovnik Emerenci müntəzəm olaraq ziyarət edirdi. Bir vaxtlar onun evində olanları öz gözləri ilə görmüş, yaşlı qadının əşyaları necə əldə etdiyini araşdırmış və onu heç nə ilə suçlamamışsa, deməli, şübhələrimdə yanılmış ola bilərdim.Bəlkə həqqiqətən də həmin ailə bütün əşyalarını göstərilən hansısa xeyirxah əmələ görə Emerencə bağışlayıbdır. O dövrdə cəmiyyətin özünəməxsus yardım anlayışı var idi.
Zaman ötdükcə tanışlarımızın sayı da çoxalırdı.Həm Viola, həm də Emerenc daha çox insanla tanış olmağa başlamışdılar. Bu insanlar gəzintiyə çıxdığımız zaman bizə də salam verirdilər. Emerencin ən yaxın üç dostu: meyvə-tərəvəz satıcısı Sutu, paltar ütüləməklə məşğul olan Polett və laborantın dul arvadı Adelka ayaqüstü söhbət etmək üçün yolda məni daha tez-tez dayandırmağa başlamışdılar. Bir yay günü günortadan sonra dördü birlikdə qəhvə içərək nəfis qoxulu qutab yeyirdilər və Emerenc məni də masaya dəvət etdi. Viola ilə gəzintiyə çıxmışdım. Təklifi geri qaytarmaq düzgün olmazdı, üstəlik Viola öz qərarını çoxdan vermişdi və məni özü ilə içəri çəkərək masanın arxasında ona bir şey vermələrini gözləyirdi. Qəhvə içdikdən sonra evə qayıtmaq üçün ayağa qalxdım. Lakin Viola məclisi tərk etməmək üçün bütün gücü ilə müqavimət göstərdi. Bu, məni möhkəm əsəbləşdirdi. Axşam yatmazdan əvvəl Violanı bir az bayırda gəzdirmək üçün gələrkən, Emerencdən Violanı həmişəlik yanında saxlamaq istəyib-istəmədiyini soruşdum. Əslində heyvanı xilas etmək üçün evə gətirdiyimizi və bizim onu saxlamaq niyyətimizin olmadığını, həm də iti evinə aparacağı təqdirdə qapısını kilidləməyə ehtiyac qalmayacağını, Violanın bir komanda ilə kimliyindən asılı olmayaraq içəri girməyə çalışanları qovacağını dedim.
Mən danışarkən yaşlı qadın Violanın boynunu elə sevgi və şəfqətlə tumarlayırdı ki, sanki qarşısındakı heyvan yox, çiçək və ya körpə uşaq idi. Başını yelləyərək bunun mümkün olmadığını dedi. Zatən mümkün olsaydı çoxdan bir iti olardı. Eyni zamanda imzaladığı müqaviləyə əsasən sadəcə evin içərisində heyvan saxlaya biləcəyini, toyuğu və ya qazı da təmizləyib bişirənə qədər evdə saxlaya biləcəyini, demək olar ki, bütün günü bayırda olduğunu , itin isə azadlığa, hərəkətə, həyətdə gəzməyə ehtiyacının olduğunu, özünün bir cani olmadığını, heyvanın əziyyət çəkməsinə razı ola bilməyəcəyini, dustaqlığının heç pişik üçün də asan olmadığını, hələ Viola kimi hər şeylə maraqlanan , insanlarla birlikdə olmaqdan xoşlanan , hər yerə girib çıxmaq istəyən bir heyvanın bu vəziyyətə necə dözəcəyini heç təsəvvürünə də gətirə bilmədiyini, evi məmuniyyətlə qoruyacaqsa da Violanın dustaq olmaq üçün doğulmadığını, itin əvvəl-axır yetim qalacağını, sonrakı taleyinin isə küçələrdə avara gəzməkdən ibarət olacağını dedi.Əgər Violanın ona olan sevgisi məni narahat edirsə bu durumu dəyişdirə biləcəyini , sadəcə insanları deyil, heyvanları da özündən uzaqlaşdırmağı bacardığını da əlavə etdi. Məsuliyyət altına girmək istəmədiyini başa düşürdüm və bu, məni qəzəbləndirmək üçün kifayət etmişdi: saxlamaq niyəti yox idisə, niyə onu özünə bu dərəcədə bağlayırdı? ... Uzun illər sonra Emerencin həyatla vidalaşacağına dair ilk işarələr özünü biruzə verəcəyi zaman heç kimin, hətta mənim özümün də yaşlı qadının bir gün ölə biləcəyini düşünmədiyimizi anladım. Biz yaşadığımız müddətdə onun da həyatda qalacağını, baharda təbiətlə bir yerdə yenidən canlanacağını, göstərdiyi müqavimətin , sadəcə qapısına kilid vurulmuş bir ev üçün elan etdiyi qadağa ilə məhdudlaşmayacağını , bütün sahələri , hətta ölümü də əhatə edəcəyini zən etmişdim . O vaxtlar Emerencin haqlı olmadığını düşünnürdüm. Nəhayət öz yanlışımın cəzasını Violaya çəkdirdim və televizor olan otağa girişini qadağan etdim. Halbuki, Viola televizorun ekranını sevirdi, başını sağa-sola sallayaraq topları təqib edər, quş səsi ilə təbiət mövzulu sənədli filmlərdəki bütün səslərə qulaqlarını şəkləyərək diqqətlə qulaq asardı. Ekran vasitəsi ilə həyatda yaşamadığı təcrübələri öyrənirdi. Axı onu Yanos təpəsinə heç kim aparmamışdı.( Yanos təpəsi- paytaxtın Buda hissəsindəki ən hündür təpədir və insanların gəzmək üçün getdiyi məşhur yerdir. –P.S) Bir həftə sonra , verdiyim qərara peşman olmağa başladım . Heç bir məsuliyyət daşımadığı işə görə Violanı cəzalandırmamalıydım. Hətta məsuliyyət daşısaydı , yenə də onu cəzalandırmağa haqqım çatmırdı. Yaşlı qadınla itin bir-birlərinə aid olduqlarını qəbul edirdim. Mən isə səhərlər Violanı müntəzəm şəkildə gəzdirə bilməyəcək qədər yuxulu və məşğul, günortalar işi başından aşqın, axşamlar da yorğunluqdan pərişan vəziyyətdə olurdum. Yoldaşım isə ümumiyyətlə xəstə idi, üstəlik tez-tez xarici ölkələrə səyahət edirdik. Viola Emerencə möhtac idi və bu durumda gerçəyi qəbul etməkdən başqa yol qalmırdı. Viola həqiqətən də onun idi.
Tanış olduğumuz gündən bəri Emerenc ilk dəfə idi ki, yaş məsələsini gündəmə gətirirdi. Bunu niyə bəs indi edirdi? Emerenc qaldırılması imkansız görünən əşyaları qaldırır, ağır bağlama və çantalarla pilləkənləri çıxırdı, bir əsatir qəhrəmanı qədər güclü idi və bizə yaşından heç bəhs etməmişdi. Onun anlatdığı həyat hekayəsindən yola çıxaraq gəldiyimiz nəticəyə görə atasını itirəndə üç, ögey atası müharibəyə aparılanda və 1914-cüq ildə ölüm xəbəri gələndə doqquz yaşında olub. Əgər 1914-cü ildə doqquz yaşında olubsa, deməli Emerenc 1905-ci ildə doğulub və insanı təəccübləndirəcək qədər yaşlı idi. Buna görə də “bir gün təkrar ayağa qalxa bilməsəm necə olacaq? “ deyə düşünməsi təbii idi. Bu məlumatlara malik olmayan digərləri isə onun yaşını sadəcə təxmin edə bilərdilər. Emerenci qəzəbləndirən həmin unudulması mümkün olmayan günün sayəsində polkovnikin vasitəsi ilə yaş məsələsi də aydınlığa qovuşurdu.: Dezinfeksiyadan əvvəl otaqdakı şkafların gözləri boçaldılmış, lakin ona aid hər hansı bir məlumatın qeyd olunduğu heç bir sənəd tapılmamışdı. Belə görünürdü ki, yaşlı qadın bu ölkədə rəsmi qurumları həyatından uzaqlaşdırmağı bacarmış yeganə vətəndaş idi. İlk başda polkovnik onun evində bəzi rəsmi qeydlərə rast gəlmiş , hətta əvvəlllər istifadə etdiyi fəhlə kitabının səhifələrinə baxmışdı. Bir vaxtlar şəxsiyyət vəsiqəsini də həmin kitabçadakı məlumatlar əsasında tərtib etmişlər. Ancaq çox güman ki, Emnerenc əsla heç kimə aydın olmayacaq bir səbəbə görə hamısını məhv etmişdi, çünki əlində bir dənə də olsun rəsmi sənəd yox idi. Emerenc pasportdan, şəxsiyyət vəsiqəsindən, tramvay abonement kartından tutmuş bütün sənədlərə nifrət edirdi. Əşyalarını ayırarkən, köhnə əşyaların arasından çıxan və əyri-üyrü həriflərlə özünün yazdığı anlaşılan bir qeydiyyat vəsiqəsi tapılmışdı və doğum tarixi 15 mart 1848, doğum yeri Segesvar olaraq yazılımışdı. (31 iyul 1848-ci ildə Segesvar müharibəsi ilə məğlubiyyətə uğrayan Macar inqilabının başlanış tarixi –P.S) Ötəri və başdan-sovdu cavabı xatırladan bu qeyri-ciddi bəyan, yersiz suallara verilən Emerencsayağı cavab idi. Emerencin atdığı intiqam məqsədli kiçik addımlar qəddar, lakin fərqli olurdu.
Emerenc məhəlləyə köçəndə Sutu hələ gənc qız idi. Sonralar anlatdığına görə, həm müharibədən əvvəl, həm də sonrakı dövrdə sənədi olmadan nə sənətini icra edə, nə də bir yerdən başqa yerə köçə bilirdi.Halbuki, Emerenc binadakı mənzili təhvil almış və o möhtəşəm gözəllikdəki mebelləri gətirmiş , binanın sahibi qərbə köçməmişdən əvvəl bu mebelləri mənzilə şəxsən yerləşdirmişdi. O dövrdə həm Emerencin, həm də bərabər yaşadığı həyat dostunun sənədləri var idi. Emerenc hələ o vaxtdan dostunun xətrinə evin qapısını örtməyə başlamışdı. Dostu insanlardan uzaq durardı.. Emerenc də evə heç kimi almaz, heç kimi ona yaxın buraxmaz, onu hamıdan qısqanardı. Lakin ona kim nə edəcəkdi ki? Normal davranış deyildi. Onun bütün növ xidmətlər üçün yararsız olduğunu göstərən sənədlər var idi. Hətta küçəyə də nadir hallarda çıxardı. Emerencin dediyinə görə istər hərbi xidmət, istərsə də çalışmaq üçün qətiyyən yaramayan, bir dəri, bir sümük olan adamdı.Emerenc həmişə belələrini tapardı: heyvanların da, insanların da sıradan çıxanları ilə məşğul olardı. Cənab Srloka da məhz bu kateqoriyaya daxil idi, həm səhhətindəki ciddi problemlər, həm də kimsəsiz olması Emerenci həyatının sonuna qədər ona baxmağa vadar etmişdi.

***
Sutu elə qarmaqarışıq şeylər danışırdı ki, onu başa düşənə qədər iki dəfə dayandırmışdım. Sutunun dediyiniə görə Emerenc mühasirədən əvvəl və mühasirə zamanı bir nəfərlə bərabər yaşayırmış... Deməli, əvvəllər yanında sadəcə pişiyi deyil, kirayəçisı və hər kimsə bir nəfər daha olub. Eyni zamanda onun cazibə sahəsinə girmiş cənab Szloka var idi, hansı ki, nə bir yerə qaça biləcək, nə də tərk ediləcəyi təqdirdə öz ehtiyaclarını qarşılamayacaq vəziyyətində imiş. Hətta onun hava hücumundan müdafiə növbəsində də xidmət etməsinə imkan verməyən ürək xəstəliyi varmış və bir gün uyğunsuz bir vaxtda vəfat edibmiş. Mühasirənin başladığı qarışıq bir dönəmmiş. Emerenc meyiti götürmələri üçün əbəs yerə o qapı sənin, bu qapı mənim qaçırmış. Nəş əlində qalır. Bu arada bayram da başlayır və heç kim heç nə ilə maraqlanmırmış. Nəhayət məcbur olub meyiti özləri dəfn etmək qərarına gəlirlər. Emerenc velosiped qarşılığında ölünü həyətdə basdırır, ancaq sonralar velosiped yoxa çıxır. Çox güman ki, velosipedi dostu aparır, çünki həmin gün o da yoxa çıxır. Sutu onun hara getdiyini bilmirmiş. Emerenc cənab Szlokanı güllərin olduğu yerə basdırmışdı və nəş bələdiyyə komitəsi tərəfindən 1946-cı il yayın əvvəlllərində basdırıldığı yerdən çıxardılana qədər orada qalmışdı. Bu ərəfədə binanın sakinləri də davamlı olaraq dəyişirmiş, hər millətdən insanlar gözə dəyirmiş. Emerenc bu dönəmdə həm almanların, həm də rusların camaşırlarını yumuşdu. Daha sonra dünya normallaşıb və insanlar təkrar sülh şəraitində yaşamağa başlayıblar. Emerencin əleyhinə yazılan qərəzli raportlar əslində nə göyərçinləri zəhərləmək iddiası ilə , nə də siyasi məzmunlu iftiralarla başlamışdı. Qərəzli raportlar Emerencin asılaraq öldürülən pişiyini cənab Szlokanın məzarına basdırmasının ardınca meydana çıxmışdı. Emerenc pişiyin onun nəzərində ailəsinin bir üzvü olduğunu deyəndə , polkovnik bu cür şikayət ərizələri yazaraq polislərin işini çətinləşdirən bina sakinlərini Vermezöyə, atleşi sayısı qədər insan meyitlərinin də olduğu yerə göndərəcəyini, leşləri və cəsədləri bir-birindən ayırdıqdan sonra meyitləri məzarlığa, leşləri isə olduqları yerə basdırmaq üçün icbari əmək düşərgəsinə göndərəcəyini açıq elan etmişdi. Məğlubiyyətin ardından ölkə əyilmiş belini qaldırmağa çalışdığı bir vaxtda bu sakinlərin başqa dərdləri yoxmuydu? Onlara paxıllığı tuturdu. Pişik məsələsini qurdalamağa davam edəcəyi təqdirdə Emerenc Szeredasın onun pişiyinə dözümsüzlük nümayiş etdirərək sahibi ilə razılaşmaq əvəzinə, faşistcəsinə biçarə heyvanı qapının kilidindən asan o murdar insan barəsində istintaq araşdırması başladacağını da bildirmişdi. Heyvanlara işgəncə verənlər haqqında qanun var idi.

***

Günlərin bir günü Emerenc iti gəzintiyə aparmaq üçün gəlmədi. Onun gəlməməsi üçün heç bir səbəb yox idi. Gün ərzində onu heç yerdə görmədim. Payız fəsli idi, hələ qarın yağmasına çox vardı. Fəqət Emerenc yoxa çıxmışdı. Seyrək və ilıq yağış yağırdı. İti gəzintiyə özüm apardım. Viola səhər vaxtı onu evində axtarmış, ancaq həssas burnu itə Emerencin bağlı qapının arxasında olmadığını duymuşdu. Violalya bərabər tanış binaların önündən keçdik, hətta məni bazara da sürüklədi, lakin hərəkətlərindəki gərginlik, yaşlı qadının yaxınlıqda olmadığından xəbər verirdi. Çox güman ki , məhəllədə deyildi. Hətta Violanın bildiyi heç bir yerdə yox idi. Viola küncə qısılaraq büzüşüb qalmışdı. Evi silib-süpürdüm. Qapının zəngi dalbadal çalındı. İşlədiyi müxtəlif yerlərdən çoxsayda insan bizdən Emerenci soruşurdu, ortalıqda görünmədiyi vaxtda hamı onu bizdə axtarırdı. Onu tanıyan hər kəs həyəcan keçirirdi. Görəsən başına nə iş gəlmişdi? Səkidəki qurumuş yarpaqlar da təmizlənməmişdi, zibil qutusunu qapının önünə qoymamışdı, yuduğu paltarları gətirməmişdi, öncəki gecə uşağa baxmamışdı, paltarları ütüləməmişdi... Gələnlərə cavab vermək üçün qapını tez-tez açıb örtürdüm. Viola davamlı hürür, dişlərini qıcayır, önündəki yeməyi yeməyərək Emerenci gözləyirdi.


Murano güzgüsü

Emerenc axşamdan xeyli keçmiş qayıtdı və sevindiyindən qəribə səslər çıxardan
Violanı gəzintiyə apardı. Gəzintidən döndükdən sonra otağımın qapısını döyərək məni evinə çağırdı. Ailə başçısının eşitməsini arzulamadığı bir mövzuda mənimlə söhbət etmək istəyirdi. Evimizdə hər hansı bir boş otaqda da danışa bilərdik, lakin, birlikdə onunla gəlməyim üçün israr edirdi. Nəhayət üçümüz də yola çıxdıq: mən, yaşlı qadın və önümüzdə rəqs edərək irəliləyən Viola. Gecənin o saatında küçədə başqa itlərlə qarşılaşıb dalaşmayacağına görə boynuna xaltasını taxmamışdım. Emerenc evinin eyvanında üzəri neylon örtüklü tər-təmiz bir masada mənə yer göstərdi. Əyləşdim. Bu eyvanda həmişə xlor, təmizləyici mayelər və s. Maddələrin qarışığından əmələ gələn mədə bulandırıcı, ağır və kəskin qoxu olurdu. Evdə sakitlik idi. Pəncərələrin heç birindən işıq görünmürdü. Gündüzlər bir o qədər nəzərə çarpmasa da, eyvanda üçümüz olduğumuz bir vaxtda Emerencin evində canlıların varlığını hiss edirdim, halbuki ruhların peyda olduqları gecə vaxtına hələ var idi. Dərin səssizlikdə bir səs eşidildi, zəif bir səs. Viola qapının önündə çökərək dərindən nəfəs alıb verməyə başladı. Adətən bir yerə getmək istədiyi zaman insan iniltisinə bənzəyən və ya iztirablı tənəffüsü xatırladan əcaib səs çıxardardı. Qeyri-adi, xoş və yadda qalan deyil, İnsanı rahatsız edən əcaib bir axşam idi. Adi hallarda durumdan nəticə çıxaracaq bir şəxs deyiləm, lakin düşdüyüm şərait Emerenc haqqında bəzi hallarda qorxaqlığı, bir sıra vərdişləri və ötəri cavablarından başqa heç nə bilmədiyimi yadıma saldı.
– Bu yaxınlarda bir qonağım gələcək, – deyərək sözə başladı. Səsi kəsik-kəsik və qeyri adi idi. Eynilə narkoz verildikdən sonra ağlın bulanmağa başlayan şüura dəstək verməyə çalışdığı zaman çıxarılan səsə oxşayırdı... – Evimə girməyə heç kimə icazə vermədiyimi bilirsiniz. Amma qonağı bu dəqiqə sizin oturduğunuz yerdə də oturda bilmərəm. Bu qeyri mümkündür.
Şəxsi təcrübəm mövzu nə olursa olsun ona heç bir sual verməməyi öyrətmişdi, çünki suallar onu sıxırdı və daha az danışmağa başlayırdı. Əgər gözlənilən şəxs eyvanda saxlaması mümkün olmayan, ancaq evinə də ala bilməyəcəyi bir qonaqsa, deməli hər kimdirsə, adi bir adam deyildi. Bəlkə də heç yaşanmamış bir ballada qəhrəmanı olan kömürə dönmüş ekizlər gələcəkdilər... Bu qonaq, qardaşı Sozsinin oğlundan və polkovnikdən daha mötəbər bir şəxs olmalıydı, çünki qonaq gəldikləri zaman onlara da bayırda, eyvanda xidmət edirdi.
– İcazənizlə, qonağımı sizin evinizdə qəbul edə bilərəmmi? Başqaları qeybət edərlər, amma siz etməzsiniz. Öz qonağınız hesab eləyin. Ailə rəisi həmin gün günortadan sonra işləyəcək, siz xahiş etsəniz, vəziyyəti başa düşər və qəbul edər. Bunu mənim xatirimə edərsinizmi? Sizin borcunuzdan çıxacağımı bilirsiniz.
– Qonağı bizim evdə qəbul etmək istəyirsiniz? – zəndlə üzünə baxaraq dedim. Soruşduğum sual yersiz idi, çünki Emerenc nə istədiyini kifayət qədər açıq və aydın şəkildə ifadə etmişdi. Əlbəttə bunu istəyirdi.
– Sizdən bütün istədiyim, gələcək qonağın mənim sizinlə bir yerdə yaşadığıma inanmasını təmin etmənizdir. Fincanları, qəhvəni, içkiləri, nə lazım olacaqsa, hamısını gətirərəm, sizin heç bir şeyinizə ehtiyac olmayacaq, sadəcə ev məsələsini həll edin, yetər. Gəlin razı olun. Görəcəksiniz, yaxşılığınız əvəzsiz qalmayacaq. Axşam ailə rəisi evə qayıtmadan əvvəl də yola salacam gedəcək. Çərşənbə günü saat 4-də. Danışdıqmı?
Viola qapının önündə köks ötürürdü. Bayırda yağış çiləyirdi. O dövrdə ölkədə vəziyyət kifayət qədər normallaşmışdı. Emerencin qonağı Fransanın prezidenti də olsa qətiyyən heç bir siyasi problem ortaya çıxmazdı. Qonağını öz evində qəbul etməməsi, Emerencin müəmmalı sirr pərdəsini daha bir qat qalınlaşdırırdı. Çiyinlərimi çəkdim. Bəli, qonaq gələ bilərdi. Mənim evdə olmağım kifayət edəcəkdi , yoxsa onların yanında növbə çəkməyə ehtiyac yox idi .
Evə dönərkən bütün bunları həyat yoldaşıma necə izah edəcəyimi düşünürdüm. Yoldaşım gizli-qapalı işlərdən həmişə gen gəzərdi. Qeyri-müəyyən, qəti olmayan və isbatlanmayan hər şeyə nifrət edərdi. Lakin qarşı çıxmaq və ya etiraz etmək əvəzinə gülməyə başlamışdı. Yoldaşıma görə bu işdə bir qəribəlik var idi. Bir yazıçı kimi xəyal gücünü işə salmışdım: Emerenc və qəbul edəcəyi qonaq! Yoxsa bizim Emerenc ərə getməyə hazırlaşır? Bəlkə bu naməlum qonaq ona eşq elan etmək üçün gəlir? Öz evinin qapısını heç kimə açmayan Emerenc qonağı bizim evdəmi incələyəcək? Elə isə buyursun gəlsin! Yoldaşım həmin vaxtda evdə olmayacağına görə az qala kədərlənirdi . Tanımadığımız bu yad adamla bizim evdə baş-başa qalmağımız onu narahat etmirdi., çünki bizə bir zərər yetirməyə cəhd edərsə, Viola onu parçalayardı. Viola öz adının çəkildiyini eşidən ki dilini çıxararaq pəncəsini yaladı və yerdə arxası üstə yuvarlanaraq sığallamağımız üçün bizə qarnını göstərməyə başladı. Hələ də Violanın hər şeyi anladığını qəbul etməkdə çətinlik çəkirdim.
Həyəcanla gözlənilən gün gəlib çatdıqda, Emerencin hərəkətlərindəki qəribəlik hamımızın diqqətini cəlb edirdi. Hamının ruhi vəziyyətinə görə davranışlarını uyğunlaşdıran Viola da həmin gün normal hərəkət etmirdi. Yaşlı qadın, üstlərini salfetlə örtdüyü çeşidli boşqabları, məcməyiləri bizim evə daşımışdı. Onun bərəkəti məni hövsələdən çıxardırdı. Əgər sözügedən qonaqlıq bu dərəcədə məxfi idisə, onda bu qədər əşyanı niyə küçədə nümayiş etdirərək bura daşıdığını, nə onun, nə də qonağının cüzamlı olmadığı halda, niyə bizim çəngəl-bıçağımızdan, boşqabdan istifadə etmək istəmədiyini ondan soruşdum. Və dedim ki, mətbəxdəki dolabça öz yerindədir, istədiyini götürə bilər, anamın özəl ziyafətlər üçün aldığı qab-qacağı, hətta gümüşdən olanlarını da istifadə edə bilərdi. Yoxsa mənim qarşı çıxacağımı zənn edirdi? Bəlkə bu əşyaları ondan gizlətdiyimi düşünürdü? Təşəkkür etmədi. Öz hərəkətinə aydınlıq gətirməyə çalışdı. Hansı niyyətlə olursa olsun heç bir jesti unutmadığını, bu ziyarəti gizlətməyi qətiyyən fikirləşmədiyini, sadəcə ailəsi olmadığını, təkbaşına yaşadığını qonağın görməsini istəmədiyini, niyə qapısını heç kimə açmadığı, niyə belə yaşadığı haqqında açıqlama verməyi arzulamadığını dedi.
Emerenc anamın otağında süfrəni hazırlayarkən çoxdandır ona açmaq istədiyim bir mövzunun zamanının gəldiyini düşündüm. Soymuş əti və salatı yerbəyer edirdi. Süfrə açmaqda usta olduğu hər hərəkətindən bəlli idi. Hamını evindən kənarlaşdırmaq biçimində təzahür edən və qətiyyən normal sayılmayan bu “ xəstəliyi” ilə əlaqədar bir tibb mütəxəssisinə müraciət edib – etmədiyini soruşdum və bu kompleksin, hər nədirsə bu rahatsızlığın təbabətdə mütləq bir adının olduğunu , şübhəsiz müalicəsinin də mümkünlüyünü dedim. Ən önəmli ziyafələrdə istifadə etdiyimiz uzunsov qədəhləri qurulayarkən üzümə baxaraq “Həkimmi dediniz?” –soruşdu Emerenc.” Mən xəstə deyiləm, üstəlik öz həyat tərzimlə heç kimə zərər də vermirəm, həkimlərdən zəhləm getdiyin siz də bilirsiniz . Məndən əl çəkin, başqasının mənə öyüd-nəsihət verməsindən xoşum gəlmir.Sizdən bir şey xahiş etdim, siz də razı oldunuz. Əlavə söz-söhbətə ehtiyac yoxdur, yoxsa yaxşılığınızın heç bir mənası qalmaz.“
Emerenci orada qoyaraq yataq otağına çəkildim və zatən görməyəcəyim bir şeyi eşitməmək üçün qramafona bir val yerləşdirdim. Yaşlı qadının gözlənilən qonağına qarşı məndə bir soyuqluq yaranmışdı. Emerencin bir gün başımıza böyük bir dərd açacağını düşündüm. Bu qadın açıq şəkildə ağıldan kəm idi. Evimizə kimi gətirdiyini bilmirdim, Viola burada olmasaydı, əslində çox qorxardım. Üstəlik bu məxfi görüşdə, görəsən, içki qədəhlərinə nə lüzum var idi? Öz sirlərimdən bezdiyim halda başqasının sirrini necə xoş qarşılaya bilərdim.?
Ətrafa yayılan xoş musiqi sədası hər şeyin üstünü örtürdü. Mənim olduğum otaq ilə Emerencin süfrə hazırladığı anamın otağı arasında iki otaq var idi. Kitab oxumağa çalışırdım. Təxminən əlli səhifə oxumuşdum ki, ağlıma şübhəli suallar gəlməyə başladı. Emerenc məni qonaqla tanış edəcəyini demişdi, bəs harda qaldı bu qonaq? Bu qədər səssiz- səmirsiz nə edirlər görəsən orda? Heç Violanın da səsi gəlmirdi. Görəsən həqiqətən də qonaq gəldimi? Təyin olunan vaxtdan hardasa bir saat keçmişdi ki, nəhayət Viola hürdü. Öz qonağını isti xörək əvəzinə soyuq, qızardılmış ətlə gözləməsinin ağıllı və praktik olduğunu fikirləşdim, çünki bişirilmiş yeməklər öz təzəliyini qoruyurdu. Musiqiyə qulaq asmağa davam etdim. Qəfildən qapı açıldı, Viola sanki rəqs edərək otağa girdi və yatağın ətrafında narahatedici hərəkətlər etməyə başladı. İt nəyisə mənə anlatmağa çalışırdı. Çox qəribə bir vəziyyət yaranmışdı. Bəlkə də qonaq itdən qorxurdu və Emerenc iti buna görə otaqdan çıxardı? Bəlkə də yaşlı qadın Violanın onların yanında olmasını istəmirdi? Görəsən orda nə işlə məşğul idilər? Çox keçmədi ki məsələ aydınlaşdı: Violanın arxasından Emerenc də peyda oldu. Üz ifadəsindən heç nə anlaşılmırdı, kar-lal rolunu oynamağı yaxşı bacarırdı. Viola yatağın üzərinə çıxaraq yanımda uzanmışdı, Emerenc onu görməmişdi. Gələnin gözlənilən qonaq olmadığını, qonağın artıq gəlməyəcəıyini, gələn adamın məhəllənin ustası olduğunu dedi. Sonra əlavə etdi ki, qonağın qalacağı oteldən ustanın telefonuna zəng ediblər, müştərilərin işləri ilə əlaqədar ziyarətin təxirə salındığını , qonağın Budabeştə heç gəlmədiyini, yenidən gələcəyi təqdirdə Emerencə əvvəlcədən bildirəcəyini xəbər veriblər.
Gəlməyən qonağın ucbatından çoxsayda rəsmi görüşümü ləğv etdirmişdim. Emerencin lazımsız yerə etdiyi böyük miqdardakı xərclərdən başqa, faciə adlandıra biləcəyimiz bir vəziyyət yaranmamışdı. Lakin yaşlı qadın qapını möhkəm çırparaq mənim otağımdan fırtına kimi çıxdı, onu təqib edən itə acıqlandığını eşidirdim. Heyvana niyə acıqlandığını öyrənmək üçün ayağa qalxdım , çünki hadisədə Violanın heç bir günahı yox idi . Tam bu sırada qonaq üçün süfrə açdığı anamın otağında bir gurultu səsi eşidildi. Emerencin dilindən çıxan sözlər məni dəhşətə saldı: yaşlı qadının ağzından dalbadal qarğışlar və ədəbsiz söyüşlər çıxırdı. Qapını açdım, durduğum yerdəcə quruyub qaldım. Ədəbsiz söyüşlər Violaya deyil, başqasına ünvanlanmış olmalıydı, çünki Viola süfrənin başında, anamın yerində oturmuş, yemək yeyirdi. Emerenc boşqabı itin qabağına qoymuşdu.Violada dilimlənmiş ət qızartmasını böyük bir iştahla yalayıb mədəsinə göndərərkən, bir ayağı ilə boşqabın altlığından tuturdu, digər ayağı isə ortasında sağa-sola sallanan beş qollu gümüş şamdanın olduğu, həyatım boyunca ən önəmli tədbirlərdə belə işlətməyə qıymadığım Murano güzgüsündən düzəldilmiş məcməyinin içində idi. Viola çeynədiyi tikəni aradababir ağzından çıxardır, sonra məcməyinin içindəki yağ qalığı ilə qarışdırıb təkrar ağzına götürməyə çalışırdı. Həyatımda bu qədər qəzəbləndiyimi xatırlamıram.
– Rədd ol, Viola! Düş aşağı! Anamın məcməyisi, çini qabları! Emerenc, nə baş verir burada? Siz ağlınızı itirmisiniz?
Nə bu hadisədən əvvəl, nə də sonra – öldüyü dəqiqəyə qədər – Emerencin hönkürərək ağladığına şahid olmadım. Ancaq sadəcə o gün hıçqırıqlardan boğularaq, hönkürtü ilə ağladığını gördüm yaşlı qadının. Neyləyəcəyimi, nə edəcəyimi bilmirdim, Belə böhranlı durumda Viola qətiyyən mənə itaət etməzdi. İndi rahat bir şəkildə yeməyini yeməyə davam edir, Emerenc isə masanın digər başında hıçqıraraq ağlayırdı. Viola onunla həmrəyliyini nümayiş etdirmək üçün yaşlı qadına hərdən-bir simpatiya ilə baxsa da, önündə duran ləziz tikələrin cazibəsinə qarşı çıxa bilmirdi. Emerencin Violaya süfrədə özünün necə aparacağını öyrətmədiyini iddia etmək sadəcə olaraq qeyri-mümkün idi , hətta bu tamaşası ilə səhnəyə də çıxa bilərdi: eynilə insan kimi stol arxasında oturaraq, öndəki sağ və sol ayaqlarını masanın üzərinə qoymuşdu, amma ayaqları ilə yeməyə qətiyyən toxunmurdu. Özünə xidmət edərkən də pəncələrini deyil, ağzını uzadırdı və demək olar ki, mükəmməl şəkildə yemək yeyirdi. Qarşılaşdığım mənzərə o qədər əcaib və qəzəbləndirici idi ki, nə deyəcəyimi bilmirdim və qərarsız qalmışdım. Öz itimiz mənim verdiyim komandaları vecinə almırdı. Anamın otağında, onun masasında çeşidli təamlarla bəzədilmiş ziyafət süfrəsində oturub yemək yeyir, aradabir gözünün ucu ilə içində böyük tort olan siniyə yandan baxır və çox güman ki, tortu ordan necə alacağını fikirləşirdi. Bütün bunlar baş verərkən Emerenc hönkürərək ağlayırdı. Süfrə üçün az pul xərcləməmişdi, qablardakı yeməyin böyük hissəsi tükədilsə də yeməyin qalan hissəsindən, gəlməmiş qonağa böyük önəm verildiyi anlaşılırdı.
Emerenc əlinin arxası ilə üzünü və gözlərini silərkən artıq əsəblərim partlayacaq dərəcədə gərilmişdi. Yaşlı qadın şüuru özünə qayıdan adam kimi birdən sərt şəkildə titrədi və keflə yemək təpişdirən itin üstünə cumdu, əlinə aldığı çömçə ilə harasına gəlirsə vurmağa başladı. Violaya ağzına gələni deyirdi: nankor, sədaqətsiz, alçaq, yalançı, qəddar kapitalist... Viola inildəyə-inildəyə stuldan enərək yerdəki xalçanın üzərinə uzanmış, bu anlaşılmaz mühakimənin hökmünün icrasına çarəsizcə boyun əymişdi. Emerenc Violanı kötəklədikcə, it nə qaçıb xilas olmağa, nə də özünü müdafiə etməyə çalışırdı. Belə qorxulu mənzərəni sadəcə yuxuda görmək mümkün idi. Viola zərbələrin təsirindən büzüşüb titrəyirdi. Qorxusundan axırıncı tikəni uda bilməmişdi və ağzındakı tikə anamın ən çox sevdiyi xalçanın üstünə düşmüşdü. Emerenc elə mərhəmətsizcəsinə vururdu və o bir dəqiqənin içərisinə o qədər çox şey sığmışdı ki, bu anda əlindəki çömçənin qulpunu Violanın qarnına soxacağını zənn etdim. Qorxudan qışqırmağa başladım. Ancaq yaşlı qadın birdən itin yanına çömbəldi, başını qaldırdı və qulaqlarının arasından öpməyə başladı. Viola rahatlanmışdı və zövqdən şən səslər çıxardırdı. Bayaq onu qəddarlıqla döyən əlləri yalayırdı.
Xeyr, bu qədər çox oldu, getsin özünə əsəblərini nümayiş etdirəcək başqa seyriçi tapsın. Üzümü Emerencə tutaraq ortalıqdakı artıqları anamın otağından yığışdırmasını, özəl həyatının gerçək olmayan xəyali bölümlərində yardımçı rollar üçün bir də bizi seçməməsini və bundan sonra evimizi teatr səhnəsi kimi istifadə etməməsini xahiş etdim. Eyni ilə bu şəkildə bəzəkli sözlərlə olmasa da, yenə təxminən buna bənzəyən sözlərlə fikrimi çatdırdım və yəqin ki, anladı. Bəli anlamışdı.
Yataq otağımdan eşitdiyim səslər, Emerencin nə iləsə məşğul olduğunu göstərirdi, nə etdiyini bilmirdim. Sonradan aydın oldu ki, qonaq üçün nəzərdə tutulan tortu və şampanı təkrar soyuducuya qoyub, toxunulmamış qızartma ətin olduğu diğər qabı böyük ehtimalla bizim üçün ayırıb, Violanın yediyinin qalan hissəsini isə başqa qaba boşaldıb. Violanın səsi gəlmirdi. Ətrafda sakitlik hökm sürürdü. Emerencin çoxdan getdiyini zənn edirdim. Amma hələ getməmişdi, hazırlaşırdı: Violanın xaltasını boynuna taxırdı. Nə vaxt xətrinə dəyilsə, əlindəki işi – paltar ütüləmək xəmir yoğurmaq da olsa yarımçıq qoyar, Violanı növbədən kənar uzun gəzintiyə çıxarardı. Ağaclığa tərəf gedəcəklərini bildirmək üçün içəri girdiyi zaman eynilə həmişəki kimi idi. İtlə bərabər qapının önündə dayanıb üzr istəyirdi. İndiyə qədər təvazökarlıq və peşmançılıqdan bu qədər uzaq belə üzr istənilməsini görməmişdim. Bu qaydada üzr istəməklə, əslində, məni ələ saldığını da fikirləşirdim. Hətta günahkarın özüm olduğu hissiyatına qapılmışdım. Emerenc əlavə heç nə demədən çıxıb getdi. Axşam yoldaşıma, Emerencin günortadan sonra etdiklərini danışarkən əlini yellədərək “Fikir vermə “ – dedi.
Bunu mən istəmişdim, hər şeyi və hər kəsi ciddiyə almış və başqalarının həyatıma qarışmağına mane ola bilməmişdim. Emerenc ən münasib restoran kimi anamın otağını layiq gördüyü və polkovnikdən də mötəbər hesab etdiyi, hörmətli şəxs saydığı müəmmalı qonağını evinin eyvanında da qəbul edə bilərdi. Axırda olan olmuş, lazımsız yerə xeyli yemək hazırlamış, amma qonaq gəlməmişdi. Soyuducumuza yerləşdirdiyi yeməkləri ona geri verməliydim, çünki ərim gəlməyən qonağın süfrəsinin artığını yemək istəmirdi, o, Viola