Rusiya Krım üzərində ABŞ təyyarələrini izləyib - Foto

rusiya-krim-uzerinde-abs-teyyarelerini-izleyib
Oxunma sayı: 3320

Rusiya radar sistemləri ilə Krım üzərində uçduğu təsbit edilən iki ABŞ təyyarəsini izləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Boeing RC-135V Rivet Joint” radioelektron kəşfiyyat və “Artemis CL-600” tipli bombardmançı təyyarələri Qara dəniz üzərində uçuşlar həyata keçirib.

Rusiyanın “Su-30” və “Su-27” tipli döyüş təyyarələri radarlarda görünən təyyarələri təqib etmək üçün havaya qalxıb.

Qara dəniz üzərində uçuşları tamamlayan ABŞ təyyarələri geri dönüb. Rusiya döyüş təyyarələri də onların bazalarına enib.

Qara dəniz səmasında yaranan gərginliklə bağlı Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzi açıqlama verib.

Bildirilib ki, Rusiya döyüş təyyarələrinin ekipajları tərəfindən xarici hava elementlərinin ABŞ-a aid "RC-135V" və "CL-600" tipli kəşfiyyat təyyarələri olduğu müəyyən edilib.

Açıqlamada ABŞ təyyarələrinin Krım sahillərinə yaxınlaşdığı, lakin Rusiya sərhədlərinin pozulmadığı bildirilib.

Radar cədvəlinə görə, ABŞ-a məxsus “Artemis CL-600” tipli bombardmançı təyyarənin Qara dəniz üzərindən Gürcüstanın paytaxtı Tbilisiyə getdiyi, daha sonra Batumi və dəniz yolu ilə geri döndüyü görülüb.

“RC-135V” tipli kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində manevrlə Krıma və Kerç boğazına yaxınlaşdığı, daha sonra Rusiya döyüş təyyarələrinin təqibindən sonra geri qayıtdığı müşahidə edilib.