Rusiyada prezident seçkilərində 4 namizəd qeydə alınıb

rusiyada-prezident-seckilerinde-4-namized-qeyde-alinib
Oxunma sayı: 2812

Rusiyada martda keçiriləcək prezident seçkilərində 2 namizəd - siyasətçi Boris Nadejdin və “Rusiyanın kommunistləri” partiyasının lideri Sergey Malinkoviçin namizədliyi qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata görə, MSK Nadejdinin topladığı imzalardan 9 mindən çoxunu etibarsız hesab edib. Nadejdin ümumilikdə 100 mindən çox imza təhvil verib. Malinkoviç isə lazımi sayda imza təqdim edə bilməyib. 

Bildirilir ki, ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq.  

Qeyd edək ki, bundan əvvəl Rusiya MSK bloqerlər Rada Russkix və Anatoliy Bataşevi qeydiyyata almaqdan imtina edib. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.