Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırıldı

rusiyanin-bmt-nin-insan-haqlari-surasindaki-uzvluyu-dayandirildi
Oxunma sayı: 1624

BMT-nin Baş Assambleyası Rusiya Federasiyasının BMT-nin İnsan Haqları Şurasında iştirakını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba sözügedən qərarla bağlı Tvitter səhifəsində yazıb:

“Rusiyanın BMT-nin İnsan Haqları Şurasına üzvlük hüquqları indicə dayandırılıb. BMT-nin insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlarında hərbi cinayətkarlara yer yoxdur. BMT Baş Assambleyasının müvafiq qətnaməsini dəstəkləyən və tarixin doğru tərəfini seçən bütün üzv dövlətlərə minnətdarıq”.

Qeyd edək ki, Serbiya və İsrail də daxil olmaqla 93 dövlət qətnamənin lehinə səs verib.

Qətnamənin əleyhinə səs verən 24 dövlət isə bunlardır: Əlcəzair, Belarus, Boliviya, Burundi, Mərkəzi Afrika Respublikası, Çin, Konqo Respublikası, Kuba, Şimali Koreya, Eritreya, Efiopiya, Qabon, İran, Qazaxıstan, Qırğızıstan, Laos, Mali, Nikaraqua, Rusiya, Suriya, Tacikistan, Özbəkistan, Vyetnam, Zimbabve.

58 ölkə isə bitərəf qalıb. Onların arasında Misir, Kamerun, Qana, Hindistan, Küveyt, Meksika, Monqolustan, Pakistan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri var. 

Sənəd layihəsi ABŞ, Ukrayna və Latviya da daxil olmaqla bir qrup Qərb dövləti tərəfindən hazırlanıb.