Sahibə Qafarova Litva Prezidenti ilə görüşdü - Foto

sahibe-qafarova-litva-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1128

Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarova Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Ginatas Nauseda ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Litva Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Litva üçün dost və vacib tərəfdaş ölkə olduğunu diqqətə çatdırıb.

O, ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirərək, Litvanın ölkələrin ərazi bütövlüyü prinsipinə dəstəyini ifadə edib.

Ginatas Nauseda Litvanın Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığı, ölkəmizin Şərq tərəfdaşlığında iştirakını dəstəklədiyini, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrda Brüsseldə Avropa İttifaqının VI Şərq Tərəfdaşlığı Sammitində iştirakını alqışladığını bildirib.

Azərbaycan və Litva arasında münasibətlərin inkişafında iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi önəm daşıdığını deyən Milli Məclisin sədri bu səfərlər zamanı imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldırdığını vurğulayıb.

Daha sonra Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsidə qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verib. O bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub. Spiker qeyd edib ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.