Samir Şərifov olayının arxasındakı niyyət

samir-serifov-olayinin-arxasindaki-niyyet
Oxunma sayı: 8690

Azərbaycan Qərb-Şərq toqquşması meydanına çevrilir

“Qafqazinfo” İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın Maliyyə naziri Samir Şərifov haqda yayılan iddialar və bunun ətrafında baş verən proseslər haqda analitik yazısını təqdim edir:

Putinin kurs yoldaşı, keçmiş KQB zabiti və kəşfiyyatçısı, hazırda ABŞ-da çalışan analitik Yuri Şvetsin məşhur “Gordon” saytına müsahibəsi əslində planlı, düşünülmüş, siyasi məqsədli gedişdir. Bu gediş ABŞ-Rusiya arasında həmişə davam edən və son vaxtlar daha güclənən kompramat müharibəsinin növbəti təzahürüdür.

Buradakı siyasi, kəşfiyyat və agentura açılımlarının əsasən, Azərbaycan və bu ölkənin yüksək çinli məmurları üzərində cərəyan etməsi və son dövrlər Rusiya tərəfinin də eynilə bu səpkili addımları onu göstərir ki, bu iki fövqəlgüclü dövlətin dartışma meydanı Suriyadan sonra, artıq Azərbaycan üzərinə gəlib çıxıb. Azərbaycana geosiyasi maraq və təsir şkalası ən yüksək təhlükəli həddə çatıb.

Ölkəmiz üzərində müxtəlif güclər və xüsusən də ABŞ-la Rusiya arası ötərgi çəkişmələr həmişə olub. Ancaq, bu dəfə hər iki tərəfin öz kəşfiyyat “qızıl fondunu” xərcləyib, mühüm kompramatlarını açıb ortaya qoyması onu göstərir ki, Azərbaycan bu gün artıq, toqquşma və tutaşma meydanına çevrilir. Və mübarizə hətta, hökumətin yuxarı instansiyalarında kadr yerləşdirmə iddiası səviyyəsinə çatıb.

Tam əmin olmaq olar ki, Rusiya tərəfi də qarşılıqlı olaraq, “ehtiyat seyfindəki” bu tipli kompramatları, digər yüksək çinli məmurumuz haqqında oxşar agentur məlumatları ABŞ kimi ictimailəşdirmə ilə yox, daha konfidensial yolla ortaya qoyub. Və onun kompramat faktları bəlkə də, o dərəcədə tutarlı olub ki, öz lazımi nəticəsini də verib.

Azərbaycanı təsir dairəsinə salmaq uğrunda savaşın səbəbini isə, siyasətdən az-çox başı çıxan hər kəsin bildiyi üçün dərinə getməyib, qısaca bunları qeyd edək. Azərbaycan strateji əhəmiyyətinə görə Qafqazın, Qafqaz isə Rusiyanın cənub sərhəddinin açarı deməkdir. ABŞ başda olmaqla Qərb öz rəqibi Rusiyanın bu zəif nöqtəsini Azərbaycanı öz təsirinə almaqla birdəfəlik zəiflətmək istəyir.

Müsahibədə “baş rol” verilmiş maliyyə naziri Samir Şərifovun eyni vaxtda bir-birinə əks 3 xarici tərəflə işləyib-işləməməsi, bu əməkdaşlıqda öz doğma dövlətinin maraqlarını qoruyub-qorumaması və şəxsən onun, ümumiyyətlə, belə bir “yüksək rol” səviyyəsi və imkanında olub-olmaması, onun baş nazir olma ehtimalı və ya, ola bilmə səviyyəsi barədə fikir bildirmək də istəmirəm. Eləcə də, bu açılımda adı çəkilən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov barədəki fikirlərimi saxlayıram.

Çünki, bu söhbətlər, faktlar təsdiqini taparsa, kifayət qədər maraq və önəm daşısalar da, kompramat savaşları detalları olmaqla əsas məsələnin kökündə dayanan “aysberqin” yalnız görünən kiçik tərəfidir. Bu kimi, ölkə üçün qlobal, milli təhlükəli xaraktar daşımayan problemləri dövlət rəhbərliyi həll etmə gücünə malikdir və ciddiliyi, önəmliliyindən asılı olaraq da həll edir.

Məlum müsahibə-açılımın əslində, kiçik bir təzahürü olduğu əsas böyük və təhlükəli problem isə, iki böyük və dolmuş qara buludun nəhayət ki, gəlib Azərbaycan səmasında qarşı-qarşıya yetişməsidir. Ölkəmizin, yuxarıda qeyd etdiyim, Ukrayna və Suriya kimi, real Qərb-Şərq savaşı meydanına çevrilə bilməsidir. Yenicə dirçəliş tapmış gənc kiçik dövlətin böyük güclər tapdağı altında qalma təhlükəsidir.

Ölkənin isti müharibə meydanına çevrilə bilməsi və yaxud böyük dartışmaların gətirdiyi silkələnmələr dövlətçiliyimizi zəiflədə və oradan da xaos, dağıntılar, dini və kriminal qarşıdurmalar, terrorizm, ekstremizm, separatçılıq və parçalanma təhlükəsi kimi arzuedilməz ehtimalları gücləndirər. Və bu təhlükə artıq milli mənafe səviyyəsi daşıdığı qədər qlobal ölçülü olduğu üçün, burada konkret dövlət-xalq-cəmiyyət birliyinə ehtiyac yaranır.

Burada müxalifət düşünə bilməz ki, iqtidarın siyasətinin nəticəsidir, qoy nə olur olsun. İqtidar düşünə bilməz ki, hansısa böyük güc tərəfə çəkilim, müstəqilliyimizlə nə olur olsun, bir təhər ötüşək. Xalq düşünə bilməz ki, iqtidar-müxalifət bacarmadısa, qoy buranı xaricdən kim gəlib idarə edir, etsin. Bütün, bu cür arzuedilməz variantlar talenin bizə bəxş etdiyi misilsiz şansın-dövlətçiliyin, müstəqilliyin itirilməsi ilə nəticələnər.

Bu zaman bütün ölkə, cəmiyyət və hər kəs hər şeyə, hər cür xarici-daxili təxribatlara, hazır olmalıdır. İnsanları meyxoş edib real ciddilikdən, ölkə və vətən məsuliyyəti hissindən yayındıran əyləncələr, verilişlər mümkün qədər azaldılmalıdır. Vəziyyət arxayınçılığa qapılma hissinin əksi qədər ciddidir. Milli valyutamıza qlobal böhranın yetişə bilməməsi barədə də arxayınçılığımız var idi, amma zaman öz sözünü dedi.

Odur ki, biz dövlət və xalq-vətəndaş cəmiyyəti birliyində bu təhlükəli dövrdə daxili sabitliyimizi, xarici neytral siyasətimizi saxlayıb, böyük dövlətlər və güclərin oyuncağına çevrilməməliyik. Bizim öz dövlət və milli-mədəni, təkrarolunmaz xüsusiyyətlərimiz olmaqla artıq azadlığın bəhrəsini gördüyümüz üçün bundan sonra başqa inzibati qurum tərkibində təşəkkül tapa bilmərik.

Bizim bundan sonra Rusiyanın təsiri altına keçməyimiz ən pis nəticələri verə bilər. Çünki, sovetlər dönəmində Moskvanın bizə hətta, qonşu qafqaz respublikalarından sonra ikinci sort kimi baxdığını görmüşük. Rusiyanın düşmən ermənilərə köklü yaxınlığı bizə yenə həmin münasibəti dəyişə bilməz. Rusiyanın özünün inkişaf quruluşu ictimai yararsız kimi dünya tarixi sınağından qeyri-nümunəvi kimi çıxıb. Gözümüzün qabağında bu imperiya öz yanlış və qeyri-dünyəvi siyasəti ilə çöküşə doğru gedir.

Bizim inteqrasiya etdiyimiz nümunəvi, demokratik Qərbin lideri ABŞ-a doğru kəskin yaxınlaşıb ona əks qütbdə olan böyük qonşularımızı qıcıqlandırıb üzərimizə çevirmək də doğru olmaz. Biz bunu Gürcüstan dövlətçiliyinin az qala çökməsi timsalında 2008-ci il münaqişəsində gördük. Bilmək olmaz ki, belə bir situasiyada Azərbaycan, qonşu Gürcüstana edilən kimi, Qərbdən güclü və təsirli dəstək alıb bilərdimi. Çünki, 20 ildən artıqdır ki ərazimizin BMT-nin də təsdiq etdiyi erməni işğalına rəğmən, Qərb Ermənistan və Rusiyaya öz sərt üzünü göstərmir.

Azərbaycan bu çətin, qlobal təlatümlü dövrdə Rusiyadan zaman və şəraiti, qabaqlamadan və geri də qalmadan uzaqlaşdığı qədər, Qərbə də həmin tədrici templə yaxınlaşmalıdır. Nə az, nə çox. Indiyə kimi necə dayanıqlı olmuşuqsa, bundan sonra da sabit tarazlılığımızı saxlamaqla böyük oyunlara qatılmamaliyiq. Dövlət və xalq birliyində bütün xarici təsir və təzyiqlərə müqavimətli olmalıyıq. Hər bir tərəfə həqiqi, səmimi neytrallığımızı inandırmaqla qarşıdakı tufandan ötüşməliyik. Çünki, zaman və şərait bunu tələb edir.

İlqar Altay
Xüsusi olaraq “Qafqazinfo” üçün