“Səfəvilər dövləti prinsipial bir dövlət idi” – Müsahibə

sefeviler-dovleti-prinsipial-bir-dovlet-idi-musahibe
Oxunma sayı: 2322


- Səfəvilər dövləti hansı tarixi zərurətdən meydana gəlib?

- Şübhsəsiz ki, hər hansı hadisə baş verirsə, onun obyektiv və subyektiv səbəbləri var. XV əsrin sonlarına doğru Ağqoyunlu dövləti iflas ərəfəsində idi. Bu dövlətin taxtına yiyələnmək üzrə mübarizə gedirdi. Hər bir siyasi dəstə çalışırdı ki, hakimiyyət başına özünün namizədini gətirsin. Osmanlı sultanları da Ağqoyunlular hakimiyyətinə qarşı çıxmış sultanlardan istifadə edərək öz adamlarını hakimiyyətə irəli sürürdü. Ölkənin ictimai-siyasi, iqtisadi həyatında nizam pozulmuşdu. Nəinki Azərbaycanda, Ağqoyunlu dövlətinə daxil olan digər ərazilərdə mərkəzi hakimiyyətə tabe olmaq meyilləri tamamilə aradan çıxmışdı. Əhali kütlələri mərkəzi hakimiyyət arzusunda idi. Əhali üçün mərkəzi hakimiyyəti kimlərin yaradıcığının əhəmiyyəti yox idi. XV əsrin sonlarına doğru bu mərkəzi hakimiyyətin rüşeymi qismində XIII əsrin sonlarından etibarən siyasi hakimiyyətə can atan Ərdəbil səfəviyyə təriqətinin nümayəndələri irəli çıxdılar. XV əsrin sonlarına doğru bu hərəkat tədricən artmağa başladı.

- Şah İsmayıl hakimiyyətə gələndə 13-14 yaşlarında idi. Belə bir yaş dövründə böyük bir dövləti idarə etmək missiyasını irəli götürməyi necə dəyərləndirirsiniz?

- Mənə elə gəlir ki, müasir dövrə nisbətən orta əsrlərin mühiti insanları siyasi baxımından daha tez yetişdirirdi. Mən belə düşünürəm. Ola bilsin ki, kimsə etiraz etsin. Amma tarixin özünə baxsaq, Avropa və digər Şərq dövlətlərinin tarixinə nəzər salsaq, bir çox siyasi xadimlərin siyasi proseslərə çox erkən qoşulduğu aşkara çıxır. Elə Şah İsmayıl da 13-14 yaşlarında siyasi hakimiyyətə qoşulmalı oldu. Amma bir məsələ də var. Bütün xalqlarda tarixin bütün dövrlərində siyasi liderləri müəyyən obyektiv inkişafa xidmət edən qüvvələr hakimiyyətə gətirir. Yəni həmin o lideri formalaşdıran, hakimiyyətə gətirən və lazım olanda da hakimiyyətdən aparan qüvvələr var. 14 yaşlı bir şəxsin hətta müasir və ya orta əsr baxımından tam yetişdiyini demək bir az doğru olmazdı. Mən düşünürəm ki, İsmayılı Mirzə ətrafında formalaşmış qüvvələr onun hakimiyyətə gəlməsində qərarlı idilər və həmin qərarlığı da nümayiş etdirdilər. Həmin dövrün narazı əhali kütlələrindən məharətlə istifadə edərək Ağqoyunluların hakimiyyətinə son qoydular və Səfəvi sülaləsini hakimiyyətə gətirdilər. Həmin sülalənin də banisi I Şah İsmayıl Xətai oldu.

- Şah İsmayıl Xətainin hakimiyyətdə olduğu 23 ilin Azərbaycan türk tarixi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- XIII-XIV əsrlərdə monqol əsarəti adlanan bir dövr var. O həmin dövrə də bir türk intibahı, oyanışı baxımından yanaşsaq, daha düzgün olar. Düzdür, monqollar və tatarlar Şərqdən gəlmiş türk axını idi. Lakin XV əsrin birinci yarısından etibarən biz əgər regionun tarixinə fikir versək, görərik ki, 1453-cü ildən Osmanlı imperiyası Avropaya doğru irəlilədi. Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu dövlətləri meydana gəldi. Mənə elə gəlir ki, bunlar türk xalqlarının siyasi oyanışının növbəti mərhələsi idi. Şah İsmayıl dövlət yaradarkən Azərbaycan mədəni ictimai siyasi iqtisadi potensialına istinad edirdi. Azərbaycan qədim dövlətçilik ənənələri olan bir məkandır. Həmin xalqların yaradıcılığının məhsulu nəticəsində meydana çıxmış Azərbaycan Səfəvilər dövləti əslinə qalsa, türk dövlətçiliyi sistemində mühüm rolu olan bir dövlət idi. Təsadüfi bir dövlət olsaydı, 1501-ci ildən 1736-cı ilə kimi mövcud olmazdı. Mən düşünürəm ki, Azərbaycan Səfəvi dövləti türk dövlətçiliyi tarixində çox mühüm rol oynayıb. Şübhəsiz ki, bu dövlətin həyatında eniş məqamları, böhranlı dövrlər də olub. Amma bütün bunlara baxmayaraq 235 il mövcud olub. Əgər biz Azərbaycan tarixinə nəzər salsaq, bundan artıq yalnız Şirvanşahlar dövlətinin mövcud olduğunu görürük. Səfəvilər dövləti prinsipial bir dövlət idi. Osmanlı dövləti, Şeybanilərlə qarşıdurmaya gedən və prinsiplərindən əl çəkməyə hazır olmayan bir dövlət idi.

- Səfəvilər dövləti o zaman üçüm böyük əraziləri əhatə edib. İndiki Azərbaycan, Ermənistan, İran, İraq, Əfqanıstan, qərbi Pakistan, Cənubi Türkmənistan, Şərqi Türkiyə əraziləri . Sonradan bəziləri itirilib. O əraziləri əldə saxlamaq mümkün ola bilərdimi?

- Tarix variantları sevmir. Əgər müəyyən bir hadisə proses baş veribsə, demək ki, o olmalı idi. Sadəcə olaraq onun səbəblərini araşdırmaq lazımdır. Ermənistan deyilən bir dövlət o vaxt 1918-ci ildə Rusiyanın köməyi ilə yaradılmış bir dövlət idi. Ermənistan ifadəsinin indiki halda işlənməsi doğru deyil. Düzdür, beynəlxalq hüquqa ziddir, həmin dövlət Azərbaycan ərazisində yaranıb. Pakistan ifadəsi əvəzinə Hindistanın şimal qərb ərazisi demək doğrudur. Şərqi Türkiyə də hazırda Anadolu yarımadası adlanır. Tarixə XXI əsrin reallığından zor etmək olmaz. O dövrdə Osmanlı İmperiyası daha güclü idi. Bu əraziləri ələ keçirdi. İndiyədək həmin ərazilər Türkiyənin ixtiyarındadır. Xorasının müəyyən qismi Şeybanilər tərəfindən ələ keçirildi. İran da coğrafi anlayışdır. Mən düşünürəm ki, İran adlı bir dövlət yox idi. Fars şovinizmi baxımdan baxsaq, farslar ancaq fars vilayətinə iddia edə bilər. Həmin ərazilər dövrün siyasi hərbi qarşıdurmaları nəticəsində Səfəvi dövlətinin əlindən çıxdı. Fikir versək, görərik ki, hakimiyyət yarananda da, onun ən gərgin dövrlərində Azərbaycanın potensialına istinadlanaraq Nadir xan Əfşar həmin o dövləti qurdu. Yüksəliş və eniş məqamında da Azərbaycan bu dövlətin özəyi idi. Oqtay Əfəndiyev deyirdi ki, Azərbaycan Səfəvi dövləti, ölümündən bir müddət əvvəl isə Azərbaycan Səfəvilər imperiyası deyirdi. Mən düşünürəm ki, XVI əsrin sonlarından sonra Azərbaycan Səfəvi dövləti haqqında danışmaq düzgün deyil, sadəcə imperiya haqqında danışmaq lazımdır.

- Şah İsmayıldan sonra hakimiyyətə gələnlərdən kimləri daha uğurlu siyasətçi hesab etmək olar?

- Mən bu yaxınlarda bir ifadə işlətdim. Mənə irad tutdular ki, Lenindən sitat gətirirsən. Lenini qəbul etsək də, etməsək də hər halda tarixi şəxsiyyətdir. Leninin yaxşı bir ifadəsi var idi. Hər cür müqayisə qüsurludur. Şah I Təhmasib Şah İsmayıla nisbətən xarizması az olan bir siyasi xadim olub. Düzdür, mədəniyyətin inkişafına qayğı göstərirdi. 52 illik hakimiyyətdə olubsa hər halda müəyyən siyasi istedada sahib olması nəticəsində olub. Ondan sonra böhranlar oldu. Məhəmməd Xudabəndə hakimiyyətə gəldi. II Şah İsmayıl saray intriqalarının qurbanı oldu. Amma Təhmasibdən sonra gözə görünən, Sultan Süleyman Qanuni səviyyəsində olan bir adam I Şah Abbas olub. O da az yaşında hakimiyyətə gətirilib. Amma o gələn kimi bir çox islahatlar, o cümlədən hərbi islahatlar həyata keçirdi . Bunun sayəsində də itirilmiş torpaqları geri qaytardı. Əgər XVI əsrin sonlarına qədər hərbi cəhətdən təşəbbüs Osmalı dövlətini əlində olurdusa, XVII əsrdə yəni 1629- cu ilə qədər müharibələri başlamaq təşəbbüsü Səfəvi dövlətinin əlinə keçib.

- Bu imperiyanın süqutunun səbəbləri nə idi?

- Bəzi tədqiqatçılar da göstərirlər ki, son Səfəvi hökmdarları siyasi hakimiyyəti idarə etmək qabiliyyətinə malik deyildilər. Başları qadınlara eyş-işrətə qarışmışdı. Bu görünən məsələlərdir. Bunlarla izah etmək tarixçi üçün düzgün deyil. Dediyimiz məsələlərlə bağlı ola bilər, çünki o da insandır. Amma mən düşünürəm ki, dövlət daxilində ictimasi siyasi çəkişmələr, feodalların mərkəzi hakimiyyətə tabe olmaması tarixin bütün dövrlərində olduğu kimi bu dövlətdə də oldu. Osmanlı imperiyası ilə çəkişmələr var idi. XVIII əsrin əvvəllərində Rusiya imperiyası meydana çıxmışdı. Həm şimaldan, həm qərbdən, şərqdən hücumlar var idi. Cənubda dənizlər olduğu üçün orada rəqib yox idi. Həmin dövlətlər çox güclü idi. Mənə elə gəlir ki, ən çox daxili çəkişmələr və xarici siyasi təzyiqlər nəticəsində həmin dövlət iflasa uğradı. Mən düşünürəm ki, bunu Səfəvi şahlarının şəxsi keyfiyyəti ilə bağlamaq düzgün deyil. Tarixi şəxsiyyətləri heç vaxt qınamaq olmaz.

Günel

Müsahibə “Qızılbaş”Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Səfəvilər dövləti: qürur yerimiz” layihəsi çərçivəsində hazırlanıb.