Şəfiqə Məmmədova seçki ilə bağlı suala belə reaksiya verdi

sefiqe-memmedova-secki-ile-bagli-suala-bele-reaksiya-verdi
Oxunma sayı: 8369

Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı qalmaqal səngimək bilmir.

ARKİ üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Qafqazinfo”ya açıqlamasında məsələdən hiddətləndiyini qeyd edib: “Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin Mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi? İclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi”. O, əlavə edib ki, bu yalançı qurultaydı və dövlətin adından istifadədir.

Eyni zamanda ARKİ katibi Ayaz Salayev APA-ya açıqlamasında bunları deyib: “Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi”.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Ucnoqta.az-a açıqlamasında tədbirdə olduğundan danışa bilmədiyini və bu barədə fikir bildirməyəcəyini deyib.

Bu günlər ərzində Xalq artisti Şəfiqə Məmmədova heç bir açıqlama verməyib, susmağı seçib.

Nəhayət bu gün “Qafqazinfo”nun zənginə cavab verən ARKİ sədri bu sözləri deyib və dəstəyi asıb: “Əgər bu mətbuatdandırsa, telefonla cavab verən deyiləm. Heç vaxt. Xahiş edirəm, inciməyin. Ancaq üzbəüz danışıram. Məndən başqa şey soruşun, başqa şeylərdən danışın. Üzr istəyirəm. Çox sağ olun”.

Hüseyn Məmmədsalahov