“Səhərə qədər yatmamışam, icra başçısı da orada idi” - Heykəlin müəllifi

sehere-qeder-yatmamisam-icra-bascisi-da-orada-idi
Oxunma sayı: 15189

"Ötən gün Prezident İlham Əliyevlə birgə Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışında iştirak etmək gözəl hissdir".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılan heykəlinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov bildirib. Xalq rəssamı Prezident İlham Əliyevin şəxsən heykəlin açılışına gəlməsinə görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

Sosial şəbəkələrdə heykəlin yerdə yerləşdirilməsi ilə bağlı müzakirələrə fikir bildirən X.Əhmədov deyib ki, o, yalnız heykələ cavabdehdir: “Orada memarlar da çalışırdı. Dairəvi, düzbucaqlı, kvadrat olsun, yəni müxtəlif fikirlər və təkliflər var idi. Sonda qərara alındı ki, Tağıyev xalqın atası olduğuna görə, yerdə, xalqın içində olsun, onlarla təmasda olsun. Bu fikirlə heykəl bu cür qoyuldu. Heykəldir, yerdən də qoyula bilər. Burada hansısa bir problem yoxdur”.

Ötən gün heykəldəki təsbehin sındırılması ilə bağlı açıqlama verən X.Əhmədov deyib ki, heykəldən heç nə düşə bilməz: “O, dəmirdən, elə metaldan hazırlanıb ki, əsrlər boyu qala bilər. Hansısa vandal gəlib güc verib, heykəlin təsbehini sındırıb. Səhərə qədər yatmamışam orada olmuşam. Ustalarla birgə çalışmışam. Artıq heykəl tam hazır, ilk gündəki vəziyyətdədir. Heç bir problem yoxdur”.

X.Əhmədov heykəlin tərkibində satış üçün hansısa gəlir gətirəcək materialın olmadığını söyləyib: “Tərkibində gəlir gətirəcək hansısa material yoxdur ki, qırıb aparıb satsınlar. Dünən axşam polislər, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da orada idi. Qərara alındı ki, təhlükəsizlik kameraları vasitəsilə adamların axtarışına başlanılsın və artıq səhər saatlarında həmin şəxslər tapıldı”.

Fotoda: Heykələ zərər vuran şəxslər-Vüqar Tağızadə və Allahverdi Məmmədli 

Qeyd edək ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb. Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.