Şəhid ailələrinə verilən binadan reportaj - Video

sehid-ailelerine-verilen-binadan-reportaj
Oxunma sayı: 5610

“Həyat yoldaşım Mətləb Ağayev 1992-ci ildə şəhid olanda uşaqlarımın biri 1 yaş iki aylıq, o biri də 2 yaş yarımlıq idi. Çox çətinliklə, əzab-əziyyətlə, kirayələrdə onları böyütmüşəm. Prezidentimiz bu evi bizə təqdim elədi. Artıq o çətinliklər arxada qaldı...”

Bunu ötən gün Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan yaşayış kompleksində mənzillə təmin olunan şəhidin xanımı Bəhliyə Ağayeva “Qafqazinfo”ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, 2015-ci ildən ev növbəsinə dayanıb. Səbirsizliklə, həsrətlə bu evin alınmasını gözləyib. Nəhayət ki, 15-ci binanın 5-ci mərtəbəsindən ona 3 otaqlı mənzil verilib:

“Ev veriləcəyi ilə bağlı xəbər bizə gəlib çatanda ailəmiz böyük sevinc hissi keçirdi. Ev çox yaxşıdır, təmirlidir, ailəmizin çox xoşu gəldi, hər şeydən razıyıq. İki oğlum var idi, təəssüf ki, oğlumun biri 3 ay əvvəl rəhmətə gedib, o da bu evi səbirsizliklə gözləyirdi, ona qismət olmadı. Amma balaca nəvəm var, o bu evdə böyüyəcək. Atasının da, oğlunun da ruhu şad olsun. Bütün şəhid ailələri adından minnətdarlığımı bildiririəm". 

Bəhliyə xanıma açarlar təqdim olunan gün mənzillə tanış olsa da, yenə də əvvəlki sevinclə otaqları gəzir, həvəslə bizi mənzillə tanış edir. 

Vətən müharibəsi şəhidi Əmir Kazımovun atası İlham Kazımova da yeni kompleksin 4-cü mərtəbəsindən 3 otaqlı mənzil verilib:

“İkinci Qarabağ müharibəsi başlayanda - sentyabrın 29-u oğlum Əmir müharibəyə çağırılıb və cəbhəyə yollanıb. Oktyabrın 10-u şəhid olub, neytral ərazidə qaldığına görə 52 gündən sonra nəşini götürüb dəfn eləmişik. 

...Ev almağı gözləmirdim, bunlar hamısı qəfildən baş verdi. Fevralın 9-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi və mən nazirliyə dəvət olundum. Sonra sənədlərimizi toplayıb İcra Hakimiyyətinə təqdim elədim. Üzərindən iki həftə keçmədi ki, cənab Prezident şəxsən bu mənzili mənə təqdim elədi”.

Şəhidin atası deyir ki, ailəsiylə çətin şəraitdə və kiçik mənzildə yaşayıb. Hazırda onlara təqdim olunan 3 otaqlı mənzilin hər bir şəraiti var. 

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimovun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulandan 3 dəfə artıq – 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi evlər təqdim olunub.

Növbəti ildə bundan 50 faiz daha artıq, yəni 934 mənzil və fərdi evin təqdimatı həyata keçirilib. Ötən il isə indiyə qədərki saylarla müqayisədə rekord sayda 1572 mənzil və fərdi evin təqdimatı olub: 

“2021-ci ilə gəldikdə isə Prezidentin 25 yanvar 2021-ci il tarixli sərəncamıyla 2014-2019-cu illərdə uçota alınan şəxslər, eyni zamanda 2020-ci ildə hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il müddətinə mənzil və fərdi evlərlə təmin olunacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və 2021-25-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili – bu kateqoriyadan olan şəxslər evlə təmin olunacaq. 2021-ci ildə isə 3 mindən çox mənzil və fərdi evin sahibinə açarların təqdim olunması prosesi nəzərdə tutulub və Prezidentin göstərişi əsasında bu proses həyata keçiriləcək”. 

Qeyd edək ki, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ötən gün Prezident İlham Əliyev kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. 

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal