Şəhid Fuad Bağırov dəfn olundu - Fotolar + Yenilənib

sehid-fuad-bagirov-defn-olundu
Oxunma sayı: 5738

Kəlbəcərdə itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovla Şirvan şəhərində vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, zabitin nəşi Şirvanda yaşadığı evə gətirilib.

Dəfn mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər, Müdafiə Nazirliyinin və Quru Qoşunların generalları və digər yüksək rütbəli zabitlər iştirak ediblər.

Hərbçinin nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Bağırov 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə Ali Hərbi məktəbdə təhsil alıb, ixtisasca rabitəçi olub. Ailəli idi, bir oğlan və bir qız övladı yadigar qalıb.

Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dünən isə axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi tapılıb.

***

Fuad Bağırov Şirvan şəhər Şəhidlər xiyabanında Fəxri Qarovulun müşayəti ilə dəfn olunub.