“Sən eşqin salamını qorxuyamı dəyişdin?” – - Bəxtiyar Vahabzadə

sen-esqin-salamini-qorxuyami-deyisdin-
Oxunma sayı: 5428


Bir salama dəymədi?

Bu gün mən səni gördüm, 

Salam vermək istədim, 

Üzünü yana tutdun. 

Söylə, illərdən bəri 

Qəlbimizin bir duyub 

bir vurduğu illeri, 

Axi, nə tez unutdun? 

Bəs ildə gözümüzdən axan o qanli sellər, 

Bir salama dəymədi? 

Heç üzümə baxmadan yanımdan necə keçdin? 

Sən eşqin salamını qorxuyamı dəyişdin? 

Yoxsa sən öz əhdinə, ilqarina ağ oldun? 

O qədər yaxın ikən, bu qədər uzaq oldun. 

Şirin gülüşlərimiz, acı fəğanlarımız 

Bir salama dəymədi? 

Qaygılı anlarimiz, qaygısiz anlarız 

Bir salama dəymədi? 

Sən neylədin, bir düşün! 

Yalnız indi anladım; Ah, sən daha mənimçün 

Əlçatmaz bir çiçəksən, 

Yaşanmış günlərim tək geri dönməyəcəksən!... 

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm 

Düz beş il ürəyimdə 

Bəslədiyim məhəbbət, bir salama dəymədi. 

Bir günlük həsrətimə dözə bilməyən, gülüm, 

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? 

Getdin, dalinca baxdim, can ayrildi canimdan, 

Sən necə etinasIz ötə bildin yanımdan? 

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, 

Sənin qəlbin əsmədi. 

Arxana da baxmadin! 

Niyə sənin yolunu məhəbbətin kəsmədi?... 

Qazancımız de, bumu? 

Deyilməmiş o salam əlvidamız oldumu? 

Sən mənə zülm elədin, mənə zülm yaraşır. 

Bir salama dəyməyən eşqə ölüm yaraşır!


Millətim

Niyə bu günə düşdün 

Ay mənim məmləkətim?

Özümə düşmən olub

Aşıb-daşan sərvətim.


Bir vaxt sən də xan idin,

Vaxta hökmüran idin,

Dövlətlər quran idin,

İndi sənə nə oldu

A qullaşan millətim?


Daşından da zər bitər,

Yeddi arxana yetər.

Dilənçidən beşbetər

Yoxsullaşan millətim.


Namusuyla, arıyla,

Keçdiyi yollarıyla,

Böyük oğullarıyla

Oğullaşan millətim.


Savaş hünərləriylə,

Qəhrəman ərləriylə,

Böyük zəfərləriylə

Nağıllaşan millətim.


Dəmir qıran dişiylə,

İgidlik vərdişiylə,

Öz şanlı keçmişiylə

"Sağollaşan" millətim.


 Qocalmır 

Qocaldır insanı, qocaldır zaman;

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?

Getdi baharımız, yer qışa qaldı.

Düzlər qara qaldı, yağışa qaldı.

Bizimki bir quru baxışa qaldı,

Neyləyək arzunun gözü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin.

Xəyallar möhtəşəm, arzular şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır.