"Ulduz" jurnalı ilə "Qafqazinfo"nun birgə layihəsi əsasında İlham Abbasovun təqdimatında bu dəfə Şərqin ilk Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığını təqdim edirik:
1913-cü ildə Ədəbiyyat üzrə on dördüncü Nobel mükafatı böyük hind sənətkarı – şair, nasir, dramaturq, rəssam, bəstəkar, filosof, ictimai xadim Rabindranat Taqora verildi. Nobel Mükafatları Komitəsinin qərarında onun bu mükafata “müəllifin poetik təfəkkürünü fövqəladə bir ustalıqla ifadə edən, Qərb ədəbiyyatının tərkib hissəsinə çevrilmiş dərin duyğulu, orijinal və gözəl şeirlərinə görə” layiq görüldüyü göstərilirdi.
Adətən bu ali ədəbiyyat mükafatı müəlliflərə yaradıcılıqlarının ümumi nəaliyyətlərinə görə verilsə də, hind yazıçısının bu mükafatı qazanmasında kiçik bir şeir kitabı həlledici rol oynamışdı. 1912-ci ildə növbəti dəfə Londona gələn R.Taqor artıq vətənində bir neçə kitabı çıxmış və kifayət qədər tanınan bir şair idi. Londondakı “Hind cəmiyyəti”ndən olan dostlarının köməyi ilə 103 mənsur şeirdən ibarət “Gitancali” (“Fədakarlıq nəğmələri”) kitabı həmin ilin payızında müəllifin öz tərcüməsində ingiliscə çap edildi. Kitab bir il ərzində ingilis dilində on dəfə təkrar nəşr olundu, bir çox Avropa xalqlarının dillərinə tərcümə edildi və böyük oxucu rəğbəti qazandı. Və artıq 1913-cü ilin payızında şair ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Ilk dəfə idi ki, həmin mükafat Avropa ölkələrini təmsil etməyən müəllifə verilirdi. Nobel Komitəsinin qərarında R.Taqorun poeziyası “Qərb ədəbiyyatının tərkib hissəsinə çevrilmiş” sözləri ilə təqdir edilsə də, əslində burada Qərb ədəbi təfəkkür və yaradıcılıq tərzinə uyğun heç nə yox idi. Nobel mükafatını alanacan Hindistandan kənarda heç kim onun, nəinki yaradıcılığına bələd deyildi, heç adını da eşitməmişdi. R.Taqorun mükafatı təkcə ədəbiyyat sahəsində deyil, ümumən Şərq xalqları təmsilçisinin aldığı birinci Nobel mükafatı idi.
Nobel mükafatına layiq görülməsi xəbərini R.Taqor ABŞ-da səfərdə olarkən eşitdi və iş qrafiki çox gərgin olduğuna görə təqdimat mərasiminə gəlib çata bilmədi. Stokholma göndərdiyi teleqramda onu seçmiş Akademiya üzvlərinə “uzağı yaxın, yadı doğma edən geniş baxışlarına görə” öz minnətdarlığını bildirdi.
Rabindranat Taqor (hindcə Rabindranath Thakur) 1861-ci il mayın 7-də Benqaliyanın paytaxtı Kəlküttə (2001-ci ildən rəsmi olaraq Kəlkətə) şəhərində brəhmən nəslindən olan çox zəngin bir ailədə dünyaya gəlmişdi. Ailənin 14-cü uşağı, sonbeşiyi olan Rabindranatın babası Dvorkonath Taqor Benqaliyanın ən varlı və nüfuzlu zadəganlarından biri olmuşdu. Atası Devendranath Taqor isə sahibkarlıqla yanaşı, həm də hindlilərin milli mənlik şüurunun formalaşmasında mühüm xidmətləri olan görkəmli bir maarifçi idi.
Rabindranat ilk şerilərini 8 yaşında yazır. Bu yazılarda təbii bir uşaq şuxluğu və yüksək əhval-ruhiyyə vardı. Lakin 14 yaşında ikən anasını itirən yeniyetmə ağır sarsıntı keçirərək küskünlüyə qapılır və tədricən bu ovqat onun yazılarında da müşahidə olunmağa başlayır. Əvvəl ev şəraitində, sonra isə seminariyada təhsil alan R.Taqor ilk hekayəsini 16 yaşında ikən yazır.
Yeniyetməlik çağlarından başlayaraq ilk şeir və hekayələrini “Qyanankur” jurnalında dərc etdirən Rabindranat 1877-ci ildən böyük qardaşının nəşr etdirdiyi “Bharoti” (Bharat Hindistanın hind dilindəki adıdır) jurnalının ən fəal əməkdaşlarından biri olmuşdur.
Seminariyadan sonra təhsilini Benqal Akademiyasında davam etdirən R.Taqor benqal dilinin, tarix və mədəniyyətinin mahir bilicisinə çevrilir. Ana dilindən başqa Hindistanın ən çox işlənən bir neçə dilini, həmçinin ingilis və sanskrit (qədim hind) dillərini, eləcə də fəlsəfə və riyaziyyatı da öyrənmişdi.
“Şairin tarixçəsi” adlı ilk poemasını 1878-ci ildə dərc etdirən gənc yazıçı elə həmin il atasının təkidi ilə hüquq təhsili almaq məqsədilə Londona gedir. Təhsil aldığı müddətdə ixtisas fənləri ilə yanaşı, ədəbiyyat üzrə mühazirələri də dinləyir, ingilis ədəbiyyatını, milli adət-ənənənələrini, Avropa mədəniyyəti və musiqisini oyrənməyə çalışır.
R.Taqor iki ildən sonra Londonda təhsilini başa vurmadan vətəninə qayıdır, peşəkar ədəbi yaradıcılıq fəaliyyətinə başlayaraq “Avropa səyahətçisinin məktubları” (1882) adlı publisistik, “Axşam nəğmələri”(1882) və “Səhər nəğmələri”(1883) poetik kitablarını nəşr etdirir.
Bunlardan başqa, 1883cü ildə Hindistanın orta əsrlər dövründən bəhs edən “Bouthakuranir Nar”, “Qurban mərasimi”, “Poçt” adlı ilk romanlarını və “Tərki-dünya” adlı ilk pyesini yazır.
1883-cü ilin dekabrnda R.Taqor Mrinalina Debi adlı bir xanımla ailə qurur. Xanımı da brəhmən ailəsindən idi. Bu nikahdan onların beş uşağı – üç qızları və iki oğulları dünyaya gəlir. 1990-cı ildə şair gənclik dövründə ona ən çox şöhrət qazandıran, xanımına həsr olunmuş “Sevgilimin obrazı “ adlı poemalar kitabını nəşr etdirir. M.Debi özü də yaxşı təhsil görmüş bir xanım idi və evlilikdən sonra ərinin təşviqi ilə böyük hind eposu “Ramayana”nı ingilis dilinə tərcümə etmişdi.
Nobel mükafatını şeir kitabına görə alaraq dünyada daha çox şair kimi məşhurlaşsa da, o, həm də bir çox nəsr və dram əsərlərinin, həmçinin ilk benqal romanlarının müəllifi idi.
Böyük yazıçı olmaqla bərabər, həm də görkəmli bəstəkar olan R.Taqor öz şeirləri əsasında iki mindən artıq mahnı bəstələmişdir. Onun musiqisi lad sisteminə görə hind ( ilk növbədə benqal ) xalq musiqisinin motivlərinə əsaslanır. Bu məqamda onun yaradıcılığına aid daha bir əlamətdar cəhəti qeyd etmək yerinə düşərdi: R.Taqor dünyada yeganə sənətkardır ki, iki dövlətin – Hindistan və Banqladeşin himnlərinin müəllifidir. Onu da vurğulayaq ki, hər iki himnin həm mətni, həm musiqisi ona məxsusdur.
Musiqi ilə yanaşı təsviri sənət sahəsində də geniş yaradıcılıq diapazonuna malik olan R.Taqor dünyanın müxtəlif ölkələrində təşkil olunmuş sərgilərdə nümayiş etdirilən 2500-ə yaxın rəsm əsərinin müəllifidir.
1909-cu ildə ədib “Benqal dilinin qrammatikası” kitabını, qədim hind fəlsəfi traktatları barədə tədqiqat əsərini və “Əvəz” pyesini, 1910-cu ildə isə ona dünya şöhrəti gətirəcək “Gitancali” adlı mənsur seirlər kitabını və “Qora” fəlsəfi romanını nəşr etdirir.
1912-ci ildə R.Taqor uzunmüddətli dünya səyahətinə çıxaraq ABŞ və bir neçə Avropa ölkəsində olur. Bu illərdə yazıçının adı bütün dünyada məşhurlaşır. 1913-cü ildə ingilis dilində nəşr edilmiş “Gitancali” kitabı Nobel mükafatına layiq görüldükdən sonra Avropanın, demək olar, bütün dillərinə tərcümə edilir.
Dünyanın müxtəlif ölkələrinə otuz illik səyahətləri dövründə ümumilikdə 30-dan çox ölkədə, o cümlədən 1930-cu ildə SSRİ-də olmuşdu. Səyahətləri və mütaliələri sayəsində dünya xalqlarının mədəniyyət və mənəviyyatını dərindən öyrəndikcə R.Taqor belə bir qənaətini daha da qətiləşdirir ki, insanların hər hansı bir prinsipə (irqi, dini, milli, silki və s.) görə bölünərək qarşı-qarşıya qoyulması gərəksiz və ziyanlı bir məsələdir.
1916-cı ildə onun Nobel mükafatından sonrakı ilk yeni kitabları – “Durnaların uçuşu” şeir toplusu, eləcə də “Ev və dünya” romanı çapdan çıxır. Mütəxəssislər həmin seir kitabını R.Taqorun poetik yaradıcılığının zirvəsi hesab edirlər. Bu kitabda ideal kamilliyə və gözəlliyə can atan sair oxucuya özünün ən mükəmməl şeirlərini təqdim etmişdi.
1931-ci ildə yazıçının 70 illik yubileyi vətənində və bütün dünyada təntənə ilə qeyd olunur. 1931-ci ildə “Son” və “Yüksəliş” adlı seir kitabları, 1933-cü ildə “İki bacı” və “Molanço”, 1934-cü ildə “Dörd hissə” romanları işıq üzü görür.R.Taqor uzun sürən yaradıcılıq ömrü boyu bütün sənət növlərində, janr və formalarda ərsəyə gətirdiyi bütün əsərlərində insan ilə təbiət, insan ilə cəmiyyət arasında heyrətamiz bir harmoniya yaratmağa, düşüncədə həqiqət axtarışı ilə duyğuda gozəllik zövqünü təbii şəkildə uzlaşdırmağa nail olmuşdur.
R.Taqor Hindistanın tarixindən tutmuş dilçilik problemlərinə qədər çox geniş tematikanı əhatə edən dəyərli publisistik əsərlərin də müəllifidir. Buraya ədəbiyyat, dinşünaslıq, sənətşünaslıq məsələlərinə həsr olunmuş tədqiqat xarakterli əsərləri də əlavə etmək olar. Bu sırada onun geniş əhatəli səfər qeydləri, dünyanın müxtəlif ölkələrində fərqli auditoriyalar qarşısında oxuduğu mühazirələr, məktub və gündəliklər də önəmli yer tutur.
Böyük yazıçı öz orijinal yaradıcılığından əlavə, həm də dünya ədəbiyyatının bir sıra dəyərli nümunələrini, o cümlədən Dante, Petrarka, Şekspir kimi dahilərin əsərlərini benqal dilinə tərcümə etmisdir.
Sevindirici haldır ki, Nobel mükafatını ilk sırada alan yazıçıların coxundan fərqli olaraq, R.Taqorun əsərləri Azərbaycan dilinə həm kəmiyyət, həm də keyfiyyətcə yaxşı tərcümə olunmuşdur.
1961-ci ildə R.Taqorun 100 illik yubileyi bütün dünyada təntənə ilə qeyd olundu. Həmin ərəfədə və yubiley illərində böyük hind sənətkarının adı Azərbaycan ədəbi ictimaiyyətinin də diqqət mərkəzində idi. 1956-cı ildə R.Taqorun “Hekayələr” kitabı S.Şamilovun tərcüməsində azərbaycanca çap edilir. 1960-cı ildə Azərbaycan dilində R.Taqorun daha bir kitabı – R.Şıxəmirova və S.Şamilovun tərcüməsində hekayələr, Cəfər Bağırın tərcüməsində mənsur şeirlər, Adil Babayevin tərcüməsində şeirlər toplanmış “Məhəbbət çələngi” kitabı nəşr olunur.
1961-ci ildə R.Taqorun daha bir əsəri – mənsur şeir formalı lirik miniatürlərdən ibarət “Bağban” romanı Anar və Araz Dadaşzadənin tərcüməsində, Yusif Səmədoğlunun redaktəsi ilə ayrıca kitab şəklində nəşr edilir.
1963-1967-ci illərdə Azərbaycanda R.Taqorun 8 cildlik “Əsərləri” nəşr edilir. Bu, ümumən 1000-dən çox şeiri, 2000-dən çox nəğməni, elə o qədər də mənsur şeiri əhatə edən 50 şeir kitabının, 12 roman və povestin, 100-dən artıq hekayənin, 30 pyesin, külli miqdarda publisistik əsərin müəllifi olan böyük yazıçının yaradıcılığını tam əhatə edə bilməsə də, Azərbaycan oxucusunda onun sənəti haqqında dolğun təsəvvür yaratmağa kifayət idi.
Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycanda böyük hind yazıçısına maraq azalmamış, 2003-cü ildə onun hekayə və mənsur seirlərindən ibarət “Əbədiyyət nəğmələri” kitabı Maqsud Hacıyevin tərcüməsində nəşr olunmuşdur. Dünya ədəbiyyatı klassiklərinin əsərlərinin Azərbaycan dilində latın qrafikası ilə nəşr edilməsi haqqında Azərbaycan Respubliksı Prezidentinin 2004-cü ildə imzaladığı sərəncama əsasən tərtib edilmlş siyahıda R.Taqorun da adı vardı. Həmin sərəncama uyğun olaraq, 2009-cu ildə nəşr edilmiş “Seçilmiş əsərlər” kitabına yazıçının “Fəlakət”, “Ev və dünya” romanları, hekayə və mənsur şeirlərindən seçmələr daxil edilmişdir.
XX əsrin əvvəllərində dünyanın ali ədəbiyyat mükafatını ilk dəfə Şərq ölkəsinə qazandırmaqla R.Taqor təkcə öz adını müasir dünya ədəbiyyatının tarixinə yazmadı, həm də qədim yurdunun yeni dirçəliş mərhələsinin simvoluna çevrildi. Hindistanın mənəvi və mədəni inkişafına yeni təkan verməklə o, hind xalqına öz dilinə, mədəniyyətinə, intellektinə inam hissini yenidən qaytardı.
Ömrünün son dörd ilini ağır xəstəlik yatağında keçirən, ancaq axır günə qədər yaradıcılıq əzmindən qalmayan böyük yazıçı 1941-ci il avqustun 7-də vəfat edib. Bir sənətkar və şəxsiyyət olaraq R.Taqorun ən böyük xidməti oz yaradıcılığı ilə əsarət altında olan vətənini, onun tarix və mədəniyyətini bütün dünyada tanıtmağa nail olmasıdır.
(Məqalə ixtisarla dərc edilir. Bütöv şəkildə “Ulduz” jurnalının 2013-cü il 12-ci N-də çap olunacaq.)
R.Taqorun aforizmlərindən seçmələr
-- Elə adamlar var ki, ölüm haqqında yalnız qorxu ilə danışırlar, halbuki insan həyatının tədricən sönməsi günəşin axşam şəfəqləri atında tədricən sönməsi qədər təbii və gözəldir.
-- Təbiətin gözəl, azad, sakit, ləkə götürməyən ülvi dünyası ilə bizim gündəlik vurnuxma, mənasız həyacan və mübahisələrə bulaşmış həyatımız arasında nə böyük fərq var!
-- Əgər hər hansı bir din insanları yalnız ona iman gətirməyə məcbur etmək istəyirsə, onda o, mənəvi ehtiyacdan çıxıb zorakılığa çevrilir.
-- Mən, əlbəttə, çiçəklərsiz də keçinə bilərdim, ancaq onlar mənim özümə hörmətlə yanaşmağıma kömək edir, inandırır ki, mən əl-ayağı gündəlik qayğılarla buxovlanmış mənasız bir varlıq deyiləm. Onlar mənim azadlığımın rəmzidir.
-- İnsanlar unudurlar ki, ailə həyatı incə bir sənət əsəridir və onun təravətini hər gün təzələmək lazımdır.
-- Bütün insanlar kimi mən də yalnız istədiklərimdən, arzuladıqlarımdan yox, həm də istəmədiklərimdən, arzulamadıqlarımdan ibarətəm.
-- İnsanı nələri bildiyinə görə yox, nələri sevdiyinə görə dəyərləndirmək lazımdır.
-- Biz həqiqəti dərk etdiyimizə sevinirik. Əgər sevinc yoxdursa, deməli, həqiqəti dərk edə bilməmişik, onunla yalnız tanış olmuşuq.
-- Həyatda çəkdiyimiz əzablar qazandığımız dəyərlərin əvəzidir.
-- İztirab insanın daimi olaraq kamilləşə bilmək imkanının əlamətidir.
-- İti, amma məhdud ağıl insanı hər addımda irəli çıxara bilər, lakin məqsədə doğru apara bilməz.
-- Gülü görməkdən zövq almağı istəyənlər tikanları da görməyi bacarmalıdırlar.
-- Bir iş görməyəndə qəlbimin sakitliyində ləpəsiz dənizin sahilindəki axşam səssizliyi kimi bir sükunət olur.
-- Bu dünya gözəllik musiqisi ilə ram edilən coşqun fırtınalar dünyasıdır.
-- Bütün yanlışlıqların üzünə qapını bağlasan, həqiqət də eşikdə qalar.
-- Günəşin batmasına həddən artıq çox ağlasan, doğan ulduzları da görə bilməzsən.
-- Dünyada yaşadığımız günlər içində yalnız dünyanı sevdiyimiz günlər ömürdən sayılır.
-- Ehtiyac olmadan gücünü göstərən adam bununla gücsüzlüyünü etiraf etmiş olur.
-- Kamilliyə gedən yolda insan öz nəfsini boğmağı bacarmasa, məqsədinə çata bilməz.
-- İnsan yetkinləşdikdə həyatı dərk etməklə yenidən gənclik qazanır, amma bu dəfə ehtiraslardan xali olan bir gənclik...
-- Ürəklər sevgi ilə dolu olanda insanlar adi bir baxışla da bir-birini anlaya bilirlər.
-- Əgər mən varamsa, bu, əbədi bir möcüzədir ki, adına həyat deyirlər.
-- Yaxşılıq etmək barədə çox düşünən adamın yaxşılıq etmyə vaxtı qalmır.
-- Həqiqət çayının suları axıb yalan arxlarına dolur.
-- Həyat ölümü heç zaman ciddi qəbul eləmir. O, bir yerdə dayanmadan gülərək, oynayaraq, sevərək, yaradaraq öz yoluna davam edir.
-- İnsan vəhşiyə çevriləndə vəhşidən betər olur.
-- Səmada yanan parlaq ulduzlar evinin sönmüş çırağını əvəz edə bilməz.
-- Tökülmüş ləçəkləri bir yerə toplamaqla çiçəyin gözəlliyini bərpa edə bilməzsən.
-- Günəş ayın şəfəqləri ilə gecəyə sevgi məktubları göndərir, gecə isə çiçəklərin ləçəyindəki şeh damlaları ilə ona cavab verir.
-- “Mən şeh damlamı itirdim,” – deyə çiçək ulduzlarını itirmiş göy üzünə şikayət edir.
-- Şöhrəti həqiqi varlığını üstələməyən adam xoşbəxtdir.
-- Açan çiçək dünyaya -- nə olar, məni soldurma – deyə yalvarır.
-- Oxu atan yay ona xeyir-dua verdi : “ Uç get azadlığa!”
-- Ölüm – günəşin sönməsi deyil, doğan günəşin şəfəqləri altında lampanın sönməsidir.
-- Bəşəriyyət qəddar, hər bir insan isə xeyirxahdır.
-- İnsan gülümsəyəndə dünya onu sevir, güləndə isə ondan qorxur.
-- Qəlbimə əzab verən dünya əvəzində məndən ona nəğmə qoşmağımı tələb edir.
-- Yaxşı sözlər danışmaq yaxşı sözləri dinləməkdən asandır.
-- Biz kitabları səhv anlayırıq, sonra da deyirik ki, kitablar bizi aldadır.
-- Yalan gücə çevrilə bilər, ancaq həqiqətə çevrilə bilməz.
-- Tərif məni utandırır, çünki gizlincə onu arzulayıram.
-- Qonaq kimi gəldiyimiz dünyadan dost kimi getməyi bacarmalıyıq.
-- Həqiqəti deməyəndə cəsarətli danışmaq asan olur.
-- Solan çiçək elə bilir ki, yer üzünə bir də bahar gəlməyəcək.
-- Kölgənin işığa aşiq olduğunu eşidən çiçək bütün günü özünü gülməkdən saxlaya bilmədi.
-- Ömrüm boyu qəlbimə müdrik fikirlər topladım və axırda ürəyim bu ağırlığa dözmədi.