“Sevişmək ən azı səhvə yol verməkdi” – - ayrılıq şeirləri

sevismek-en-azi-sehve-yol-vermekdi-
Oxunma sayı: 4196




Ümit Yaşar Oğuzcan


Bir gecə qəfildən gələ bilərəm 


Bu qədər ürəkdən çağırma məni 

Bir gecə qəfildən gələ bilərəm. 

Məni gözləyərək yatmamısansa, 

Sevincdən qapında ölə bilərəm.


Bəlkə bu həyata yenə başlaram, 

İçimdə küllənən qor alovlanar, 

Görərsən getməyib kölən olaram, 

Bəlkə də, sevərsən məni, kim bilir?


Qal desən dağlarca sevərəm səni, 

Lap dəniz olaram ayaqlarında. 

Eşq bu, həsrət də bu, heç bilmək olmaz. 

Qəlbim sakitləşər dodaqlarında.


Ya da unudaram, kim olduğunu, 

Xatırlamaram heç adını belə 

Bəlkə də hirslənər, dəli olaram. 

Sənə qovuşmağın həyəcanıyla.

Mən səni sevdimmi


Mən səni sevdimmi? Sevdim, kimə nə, 

Tutdum ta içimdə oturtdum səni. 

Saçlarını öpdüm, qucdum, oxşadım,

İçdim qurtum-qurtum gözəlliyini.


Mən səni sevdimmi? Sevdim əlbətdə. 

darıxmağın ən qorxuncu məndəydi.

Qəzəbləndim nə qədər uzaqsansa 

Eşq deyil, bu nəsə acgöz bir şeydi.


Mən səni sevdimmi? Sevdim doğrusu, 

Sevdikcə də bütünləşdim, tamlandım. 

Biri vardı gecələrcə ağlayan? 

Biri vardı səni sevən, o məndim.


Mən səni sevdimmi? Sevdim.

Ən böyük, heç solmayan güllər açdı qəlbimdə. 

Ömrümü dəyərli edən bir şeydin. 

Mənim bozbulanıq o gəncliyimdə.


Mən səni sevdimmi? Sevdim, elədi. 

Bir nöqtəyə çatdım səninlə birgə. 

Və bir gün orada itirdim səni. 

Mən səni sevdimmi? - Sevdim. Sən necə?


Behcat Necatigil


Gizli sevda

Bir vaxt bir sevgilin vardı, 

Yeddi-səkkiz il öncə.

Dünən yolda rastlaşdım. 

Sevindi məni görəndə.


Küçədə ayaqüstü 

Danışdıq ordan-burdan.

Evlənib uşaqları var. 

Biri qız, biri oğlan.

Səni soruşdu, 

Heç dəyişməyib dedim. 

Bildiyin kimidi. 

Başa düşürdü.

Xoşbəxtmiş, sevirmiş ərini,

Özlərinin imiş evləri. 

Bir günahkar tək məyusca, 

Sənə salam söylədi. 


Afşar Timuçin

Dəyişmək

Görünüşünə görə uşaq guya dərs oxuyur, 

Səhifələri yavaş-yavaş çevirir

əslində? uşaq dəniz oxuyur. 

Gözlərini üfüqlərə zilləyib.

Ara-bir adını çəkir.

Eşqin lüğətini əzbərləyir. 

Bütün qarovulçularla yarışır 

Gözləriylə gəlişini gözləməkdə.

Biz indi eşq öyrənək 

İnsan dərsi sonra da öyrənər, 

Yüzillik kitablardakı elm öz malımızdı. 

Xəritələrdən şəhərlər qaçmır ki, 

Sevinmək xoşbəxtliyə toxunmaqdır. 

Atlı kimi dörd nala çaparaq içimizdən gedir. 

Bəzən, hər şey “səhv etmək” olsa da. 

Sevişmək ən azı səhvə yol verməkdir.

Dilimizə uyğunlaşdıran: Fərid Hüseyn