“Sığınacaqdakı qız itkin düşməyib, qaçıb” - Yenilənib

siginacaqdaki-qiz-itkin-dusmeyib-qacib
Oxunma sayı: 17107

Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilmiş qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 23-də saat 15:30 radələrində Şirvan şəhər sakini, 2007-ci il təvəllüdlü Arəstə Məmmədova İctimai Birliyə məxsus “Motodrom” ərazisindəki müəssisədən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

***

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, sığınacağa yerləşdirilmiş adıçəkilən xanım itkin düşməyib, qaçıb:

“O xanım 3-4 gün idi ki, bizim sığınacağa gəlmişdi.18 yaşının tamam olmasına da az qalmışdı. Elə ilk gəldiyi gündən davranışlarından hiss etmişdik. Daha öncə də öz ailəsi ilə birlikdə yaşayarkən bir neçə dəfə qaçıb. Buna görə də daha öncədən polisə də məlumat vermişdik. Nə qədər axtarsaq da, tapa bilmədik”.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirilib ki, itkin düşmələrlə bağlı daxil olan bütün müraciətlər araşdırılır:

“Hər itkin düşmə faktında kriminal tərkib olmur. İtkin düşmələr əsasən şəxslərin ailə üzvlərinə xəbər vermədən digər ünvanlara getməsi, yaxud xarici ölkəyə səfər etməsi halı ilə müşahidə olunur. İtkin düşmüş şəxs tapılıb aidiyyəti üzrə təhvil verilənədək polis tərəfindən axtarış tədbirləri davam etdirilir”.